Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi mövzusunda konfrans keçirilir Mədəniyyət

Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi mövzusunda konfrans keçirilir

Bu gün Milli Xalça muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Muzey İdarəçiliyi (INTERCOM) və Etnoqrafiya Muzeyləri və Kolleksiyaları (ICME) üzrə beynəlxalq komitələrinin birgə əməkdaşlığı ilə “Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti” adlı konfransın açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, hibrid formatda baş tutan konfransa əyani olaraq dünyanın bir sıra ölkərindən (Azərbaycan, Rusiya, Sloveniya, Xorvatiya, Almaniya, Rumıniya, Niderland) mütəxəssislər, o cümlədən beynəlxalq komitələrin sədrləri qatılıb.
Milli Xalça muzeyinin direktoru Şirin Məlikova konfransın keçirilmə məqsədi haqqında məlumat verib. O bildirib ki, konfrans həm yerli, həm də xarici mütəxəssislər üçün faydalı olacaq: “2020-ci ildə planlaşdırdığımız bu konfransı düz bir ildir ki, səbirsizliklə gözləyirik. Sevindirici haldır ki, yaşadığımız pandemiya dövrü ilə əlaqədar çətinliklərə baxmayaraq, nəhayət, konfransı bu gün bu məkanda açır və bir-birimizi əyani görməyə imkanımız var”.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva mədəniyyətin təbliğində muzeylərin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, hazırda uzun illər düşmən vandalizminə məruz qalan mədəniyyət ocaqlarının, muzeylərin bərpası istiqamətində muhum işlər görülür: “Yeni yaradılacaq muzeylərin konsepsiyası hazırlanarkən dünya təcrübəsinə müraciət edilir. İşğal və Zəfər Muzeyi konsepsiyasının hazırlanması ilə əlaqədər Mədəniyyət Nazirliyi xarici mütəxəssislərlə əməkdaşlıq edir.

Bu konfransda aparılacaq müzakirələrin həm mövcud həm də yaradılacaq muzeylər üçün faydalı olacağına inanıram. Konfransla əlaqədar ölkəmizə gələn iştirakçıların əksəriyyətinin Azərbaycanda ilk dəfə olduğunu düşünürəm və onları zəngin Azərbaycan mədəniyyəti ilə tanış olmağa dəvət edirəm”.

Qeyd edək ki, üç gün davam edəcək konfransda “Muzeylərin dekolonizasiyası: mədəni dəyərlərin Tarixi vətənlərinə qaytarılması və müstəmləkəçilik dövrünün neqativ nəticələrinin aradan qaldırılması”, “Muzeylər və etnoturizm” və “Müasir dövrdə muzey idarəçiliyi” mövzuları üzrə 23 məruzəçi çıxış edəcək.

Konfrans Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunub.