“Buna çox da arxayın olmaq olmaz” Gündəm

“Buna çox da arxayın olmaq olmaz”

“İsrail və HƏMAS arasında atəşkəs əldə olunub, bununla bağlı məlumat var. Lakin bir məsələ də var ki, 1948-ci ildən bu yana İsrail ilə FƏTH, HƏMAS, Hizbullah arasında dəfələrlə müharibə, qarşıdurma olub, qan tökülüb və ardınca da atəşkəs olub. Bir müddət keçəndən sonra bu, yenə təkrar olunub. Bir müddət keçib bir də təkrar olunub. Yəni bu, o qədər adiləşib ki, atəşkəsin davamlı olmağı məsələsinin özü sual altındadır”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

S.Hümbətov qeyd edib ki, buna çox da arxayın olmaq olmaz: “Düzdür, indi HƏMAS-ın əlində israilli əsirlər var. Eyni zamanda, israilin əlində fələstinli əsirlər var. Əsas məqsəd də onları dəyişdirmək, həmçinin atəşkəslə bir yerə nail olmaq, blokadanı aradan qaldırmaq və s. məsələlərdir. Amma söylədiyim kimi, bir məsələ var ki, bu atəşkəs uzunömürlü olacaqmı? Bu, sual altındadır. Müstəqil Fələstin dövlətinin yaranmasına qaldıqda isə orada ərazi qalmayıb. Yəni 1967-ci il sərhədlərinə qayıdış məsələsi var və orada şərtlər də var. O şərtlərə də hələki İsrail tərəfi də, Fələstin tərəfi də riayət etmir. Ona görə də bu məsələdən danışmaq məncə tezdir. Fələstini müstəqil dövlət olaraq dövlətlərin əksəriyyəti tanıya bilərlər, hətta Fransa, Böyük Britaniya və s. dövlətlər tanıya bilərlər, amma bunun nə dərəcədə effektiv olacağı sual altındadır”.

Röya İsrafilova