.jpg)
14 noyabr 2026-cı il tarixində Atatürk Mərkəzində “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” adlı Beynəlxalq Elmi-Praktiki Konfrans keçirilib.
Konfransın əsas məqsədi milli kimliyin qorunması, mənəvi irsin gələcək nəsillərə ötürülməsi, tarixi yaddaşın yaşadılması və müasir dövrdə ideoloji təhlükəsizlik məsələlərinin elmi-praktiki müstəvidə müzakirəsi olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransın açılış nitqi ilə “İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərov çıxış edib. Konfransın keçirilməsi zərurəti haqqında danışıb. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 8-ci quruİtayında ideoloji məsələlərlə əlaqədar səsləndirdiyi fikirlərin dövlətimiz və xalqımız üçün çox vacib olduğunu deyib. İctimai Birliyin Beynəlxalq məsələlər üzrə sədr müavini Elnar Məmmədli dünyada yeni çağırışların olduğunu, bu fonda zərərli ideoloji cərəyanların bütün bəşəriyyəti təhdid etdiyini vurğulayıb. Azərbaycan dövlətinin milli dəyərlərimizin qorunması üçün atdığı addımların əhəmiyyətindən danışıb.
Daha sonra Fatimə Əsgərzadə “İMZA” İctimai Birliyi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndirib.
Konfransın əsas məruzəçisi, millət vəkili Hikmət Babaoğlu “Dövlətçilik şüuru, tarixi-mənəvi irs və təhlükəsizlik: Prezident İlham Əliyevin ideoloji təhlükəsizlik çağırışlarının strateji prioritetləri” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan dövlətinin bu məsələdə həssas və milli maraqlara söykənən addımlarından və qərarlarının önəmindən bəhs edib. Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç Türkiyə-Azərbaycanın qardaşlığının əbədi olduğunu, yad və zərərli ünsürlərin bu münasibətlərə əsla xələl gətirə bilməyəcəyini vurğuladı. Sarsılmaz qardaşlıq əlaqələrinin Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirildiyini, strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini məmnunluqla ifadə edib.
Konfransda Millət vəkilləri Əlibala Məhərrəmzadə, Rasim Musabəyov, Nigar Məmmədova, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Cavid Vəliyev, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri professor Aygün Attar, ABŞ-ın Yaxın Şərq Araşdırmaları Mərkəzinin rəhbəri Səid Xan, hərbi ekspert Yücel Karauz və Pakistan nümayəndəsi Muhammed Sacid Sohayl, politoloq Tofiq Abbasov, Səfir Cavanşir Axundov, Rus İcması Sədrinin 1-ci müavini Anastasiya Lavrina, Kür-Xəzər İB-nin sədri Akif Kərimov, Şimali Kipr Türk Respublikasından Hüseyn İşıksal, İqtisadçı Eldəniz Əmirov, dünya şöhrətli fotoqraf Reza Deqati, AYB sədrinin müşaviri Sayman Aruz, araşdırmaçı alim Araz Qurbanov, İMZA İB-nin sədr müavinləri Emin Qəribli, Nazim Bayandurov və başqaları çıxış edərək belə mövzuda tədbirin keçirilməsini faydalı adlandırıblar. Mərakeş-Azərbaycan Dostluq Assosasiyasının rəhbəri Məhəmməd Fakiri Azərbaycan və öz ölkəsinin milli dəyərlərin hifzinə göstərdiyi həssas münasibəti yüksək qiymətləndirib.
Həmçinin çıxışlarda milli-mənəvi dəyərlərin qorunması, yad ideologiyaların cəmiyyətlərə təsiri və onların doğurduğu maddi-mənəvi fəsadlar diqqət mərkəzində olub. Bu çərçivədə müxtəlif ölkələrin təcrübələri və milli kimliyin qorunmasının əhəmiyyəti müzakirə edilib.
Konfransda milli məfkurənin möhkəmləndirilməsi, tarixi-mədəni irsin qorunması, milli dəyərlərin gələcək nəsillərə ötürülməsi, dövlətçilik şüurunun gücləndirilməsi və müasir ideoloji çağırışlara qarşı elmi yanaşmaların əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçılarının sərbəst çıxışları və müzakirələrlə davam edib.
Konfrans milli kimliyin, tarixi yaddaşın və mənəvi irsin qorunması, eləcə də ideoloji təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın və elmi dialoqun inkişafı baxımından əhəmiyyətli platforma kimi yadda qalıb.
“İMZA” İctimai Birliyi milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik şüurunun gücləndirilməsi və cəmiyyətin inkişafına töhfə verən təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.