"Münasibətlərimizi pozmaq istəyirdilər, alınmadı" Gündəm

"Münasibətlərimizi pozmaq istəyirdilər, alınmadı"

Azərbaycan-Rusiya münasibətləri regionun sabitliyi və gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Vladimir Putinin Düşənbədə görüşü bu istiqamətdə yeni ümidlər yaradıb.

Bunu xalqcebhesi.az-a prezidentliyə eks-namizəd, siyasi ekspert Fuad Əliyev deyib.

"Bir neçə ay əvvəl mən demişdim ki, Azərbaycan və Rusiya arasında yaranmış çətinliklər yalnız dialoq, siyasi iradə və yüksək səviyyəli əlaqələrlə aradan qaldırıla bilər.
Bu günlərdə baş tutan görüş sübut etdi ki, doğru yoldayıq. Gördüyünüz kimi, bu görüş yalnız rəmzi xarakter daşımadı — konkret nəticələrə, qarşılıqlı anlaşmaya, yeni əməkdaşlıq imkanlarının açılmasına zəmin hazırladı" - politoloq deyib.

O, qeyd edib ki, bəzi “millətçi qüvvələr” həyəcanlıdırlar, qeyri-adekvat fikirlər səsləndirirlər, məqsədləri isə dövlətlərarası əlaqələri pozmaqdır. Lakin onların cəhdləri bu dəfə də fayda vermədi. Çünki dövlət səviyyəsində müəyyən olunmuş iradə onların oyunlarını üstələdi: "Hər hansı dəyərsiz səs-küy, ifrat ritorika bizim real siyasətimizi, ortaq maraqlarımızı dəyişə bilməz. Bizim münasibətlərimiz çoxşaxəlidir və yalnız fövqəladə vəziyyətlərdə belə təzyiqlərə məhəl qoyulmur. Azərbaycan və Rusiya yaxın qonşudur və ortaq maraqlarımız var.
Qonşuluq coğrafi olmağın bir tərəfidir, başqa tərəfdən isə təhlükəsizlik, enerji marşrutları, nəqliyyat dəhlizləri və iqtisadi inteqrasiya sahəsində ortaq maraqlarımız var.

Məsələn, Transqafqaz və Şimal-Cənub nəqliyyat dəhlizləri; enerji layihələri — qaz, neft, elektrik enerjisi sahəsində əlaqəli investisiyalar;
regional təhlükəsizlik: ermənistan məsələsi, sərhəd zonasındakı sabitlik; mədəni və humanitar əlaqələr: dil, mədəniyyət, elm, humanitar əməkdaşlıq. Bu sahələrdə irəli addımlar atmaq yalnız dövlətlərimizin deyil, bölgəmizin ümumi inkişafına xidmət edəcək".

F.Əliyev sonda deyib ki, yaxın gələcəkdə bölgədə sülh və tərəqqi üçün yeni imkanların yaranacağına və Azərbaycan ilə Rusiyanın dostluq və strateji əməkdaşlığın daha da inkişaf edəcəyinə inanır.

Cavid