11:03
483
Dövlət qurumlarının süni intellekt həllərini xarici şirkətlərin xidmətləri üzərində qurması əlavə təhlükəsizlik və davamlılıq riskləri yarada bilər.
"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov Bakıda keçirilən informasiya təhlükəsizliyi rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.
Onun sözlərinə görə, süni intellekt həllərinin xarici təchizatçıların proqramlaşdırma interfeyslərindən (API) asılılığı xüsusi diqqət tələb edir.
"Sabah hər hansı dövlət və ya həmin xidmətin təchizatçısı bizə xidmət göstərməyi dayandırarsa, süni intellekt həllimiz necə fəaliyyət göstərəcək? API-dən asılılığın qarşısını necə alacağıq? Bu məsələlərə də diqqət yetirmək lazımdır", – deyə Nadir Novruzov vurğulayıb.
O bildirib ki, süni intellektin tətbiqi yeni kiberhücum üsullarının meydana çıxmasına da səbəb olur.
İdarə rəisinin sözlərinə görə, bunlara təlimatların manipulyasiyası (prompt injection), süni intellekt modellərinin zəhərlənməsi (model poisoning) və avtonom hücum agentlərinin fəaliyyəti daxildir.
Nadir Novruzov qeyd edib ki, avtonom hücum agentləri artıq kəşfiyyat aparmaq, təhlükəsizlik zəifliklərini istismar etmək, məlumat toplamaq və şəbəkə daxilində yayılmaq imkanlarına malikdir.
O vurğulayıb ki, dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərləri bu cür təhdidlərə qarşı müdafiə mexanizmlərinin formalaşdırılması barədə əvvəlcədən düşünməlidirlər.