
“Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasını, eləcə də sərhədlərin tam delimitasiyası və demarkasiyasını ölkənin qarşıdakı əsas vəzifələri sırasında göstərməsi Cənubi Qafqazda sülh gündəliyinin siyasi və iqtisadi tərəflərini yenidən müzakirəyə çıxarır. Burada əsas məsələ yalnız İrəvanın sülh haqqında danışması deyil, bu bəyanatın konkret siyasi qərarlara, hüquqi öhdəliklərə və praktiki addımlara nə dərəcədə çevriləcəyidir”.
Bu fikirləri xalqcebhesi.az-a politoloq Tural İsmayılov deyib.
T.İsmayılov qeyd edib ki, Ermənistanın sülh niyyətinin səmimiliyini qiymətləndirərkən bəyanatların özündən daha çox ölkənin faktiki davranışına, danışıqlar prosesində tutduğu mövqeyə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə diqqət yetirmək lazımdır: “Diplomatiyada sülh haqqında danışmaq vacibdir, lakin sülhün gerçəkləşməsi siyasi iradə, ardıcıl qərarlar və hüquqi təminatlar tələb edir. Burada mühüm məqamlardan biri sülh sazişinin mətninin razılaşdırılması ilə onun imzalanması və qüvvəyə minməsinin fərqli mərhələlər olmasıdır. Sənədin paraflanması danışıqlarda əldə edilmiş razılaşmaları nümayiş etdirsə də, tərəflər arasında davamlı və tam hüquqi münasibətlərin formalaşması üçün əlavə addımlar tələb olunur. Bu səbəbdən Ermənistanın sülh gündəliyinə münasibəti yalnız siyasi bəyanatlarla deyil, yekun sazişin imzalanması və ratifikasiyası istiqamətində atılan addımlarla ölçülməlidir”.
Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası da sülh prosesinin əsas istiqamətlərindəndir: “Dövlət sərhədinin hüquqi və praktiki baxımdan müəyyənləşdirilməsi tərəflər arasında mümkün mübahisələrin qarşısının alınmasına, suverenliyin dəqiq sərhədlər daxilində tanınmasına və təhlükəsizlik risklərinin azalmasına xidmət edir. Bu sahədə əldə edilən hər bir razılaşma əhəmiyyətlidir. Lakin prosesin davamlılığı, razılaşdırılmış qərarların icrası və sərhəd məsələlərinin ardıcıl şəkildə həlli xüsusi önəm daşıyır”.
“Gevorq Papoyanın açıqlamasında iqtisadi amilin ön plana çıxması da təsadüfi deyil. Regional kommunikasiyaların açılması, ticarət əlaqələrinin genişlənməsi və nəqliyyat marşrutlarının bərpası Ermənistan üçün yeni iqtisadi imkanlar yarada bilər. Uzun illər davam edən qarşıdurmanın yaratdığı məhdudiyyətlər fonunda regional əməkdaşlığa qoşulmaq İrəvanın iqtisadi maraqlarına uyğundur. Bununla belə, iqtisadi fayda əldə etmək istəyi ilə davamlı siyasi sülhə hazır olmaq eyni məna daşımır. Əsas məsələ Ermənistanın iqtisadi imkanlardan yararlanmaqla yanaşı, bunun üçün zəruri olan siyasi və hüquqi öhdəlikləri də yerinə yetirməsidir” - deyə politoloq bildirib.
Röya İsrafilova