11:02
476
Süni intellekt texnologiyalarının inkişafı kiberhücumların sürətini əhəmiyyətli dərəcədə artırıb və bəzi hücum mərhələləri artıq saniyələr ərzində həyata keçirilir.
"APA-Economics" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov Bakıda keçirilən informasiya təhlükəsizliyi rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.
Onun sözlərinə görə, informasiya sistemlərinə müdaxilənin başlanmasından məlumatların şifrələnməsi məqsədilə hücum həyata keçirən operatora ötürülməsinə qədər orta müddət 22 saniyəyə qədər azalıb.
Nadir Novruzov bildirib ki, müdaxilədən sonra hücumun şəbəkə daxilində yayılmasına sərf olunan ən qısa müddət 27 saniyə, ilkin girişdən məlumatların çıxarılmasına başlanmasına qədər olan müddət isə 4 dəqiqə təşkil edir.
O qeyd edib ki, kibercinayətkarların şəbəkə daxilində hərəkət edərək hücumu genişləndirməsi üçün tələb olunan orta müddət 29 dəqiqəyə düşüb. Bu da 2024-cü illə müqayisədə 65% daha sürətli göstəricidir.
İdarə rəisinin sözlərinə görə, əsas problemlərdən biri kiberhücumların artıq avtomatlaşdırılmış sistemlər vasitəsilə həyata keçirilməsidir.
"Süni intellekt hesabına hücumlar artıq çox sürətli xarakter alıb. 22 saniyə belə hücumlara reaksiya vermək üçün olduqca qısa müddətdir. Problem ondadır ki, hücumlar avtomatlaşdırılıb, lakin onların qarşısının alınması hələ də insan qərarından asılıdır", – deyə Nadir Novruzov vurğulayıb.
O əlavə edib ki, bu vəziyyət kibertəhlükələrə vaxtında reaksiya verilməsini və hücumların qarşısının alınmasını çətinləşdirir.