“Danışıqlar daha çox siyasi nümayiş xarakteri daşıyır” Gündəm

“Danışıqlar daha çox siyasi nümayiş xarakteri daşıyır”

“İran və ABŞ arasında aparılan danışıqların hazırkı mərhələsi daha çox tərəflərin öz siyasi mövqelərini nümayiş etdirməsinə və informasiya mübarizəsinə bənzəyir”.

Bu fikirləri Xalqcəbhəsi.az-a açıqlamasında politoloq Şakir Ağayev deyib.

Onun sözlərinə görə, həm Vaşinqton, həm də Tehran danışıqlar prosesində özünü üstün tərəf kimi təqdim etməyə çalışır:
“ABŞ istəyir ki, beynəlxalq ictimaiyyətə onun irəli sürdüyü tələblərin qəbul edildiyini göstərsin. İran isə əksinə, milli maraqlarını qoruduğunu və heç bir ciddi güzəştə getmədiyini nümayiş etdirməyə çalışır. Buna görə də tərəflərin verdiyi açıqlamalar arasında ciddi fərqlər müşahidə olunur. Bir gün ABŞ rəsmiləri İranın uranın zənginləşdirilməsindən imtina etməyə yaxın olduğunu bildirir, növbəti gün İran tərəfi bunun həqiqəti əks etdirmədiyini bəyan edir.
Politoloq qeyd edib ki, hazırkı mərhələdə danışıqların əsas məqsədlərindən biri vaxt qazanmaqdır.İran mövcud vəziyyətdən istifadə edərək iqtisadi və hərbi potensialını bərpa etməyə çalışır. ABŞ isə daxili siyasi amilləri nəzərə alaraq yeni hərbi qarşıdurmaya getmək istəmir. Bu səbəbdən tərəflər daha çox diplomatik manevrlərə üstünlük verir və prosesin uzanmasında maraqlı görünürlər”.

Ş.Ağayev bildirib ki, İsrailin mövqeyi isə fərqli xarakter daşıyır:
“İsrail, xüsusilə Baş nazir Benyamin Netanyahu bölgədə gərginliyin tam aradan qalxmasında maraqlı görünmür. Çünki mövcud müharibə şəraiti onun siyasi mövqeyini qorumasına imkan verir. İsraildə Netanyahu ilə bağlı davam edən hüquqi və siyasi proseslər də bu məsələdə mühüm rol oynayır”.
Politoloqun sözlərinə görə, Livanda baş verən son hadisələr də regionda sabitliyin hələ tam təmin olunmadığını göstərir:
“Bir tərəfdən atəşkəs və diplomatik razılaşmalardan danışılır, digər tərəfdən isə hərbi əməliyyatlar davam edir. Bu da onu göstərir ki, regionda maraqlar toqquşur və tərəflər arasında yekun razılığın əldə olunması üçün hələ müəyyən zaman tələb olunur”.

Günel Elxan