ABŞ Hörmüz boğazında gəmisinin zədələnməsi barədə məlumatı təkzib etdi
“Hörmüz boğazı ətrafındakı hadisələrin qiymətin formalaşmasına təsirləri azalıb”
Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib
Aynur Osmanova: Yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirmək də məsuliyyət yaradır
11:11
756
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı açıqlaması təşkilat daxilində İrəvanla münasibətlərin daha da gərginləşdiyini göstərir. Bununla belə, Ermənistanın yaxın perspektivdə KTMT-dən rəsmi şəkildə çıxarılması ehtimalı yüksək görünmür”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
Politoloq bildirib ki, KTMT-nin əsas məqsədi kollektiv təhlükəsizlik mexanizmlərini qorumaqdır və təşkilat üzv dövlətlərə qarşı ən sərt tədbirlərə adətən son mərhələdə əl atır: “Maliyyə öhdəliklərinin yerinə yetirilməməsi hüquqi və siyasi müzakirələrə səbəb olsa da, bu, avtomatik olaraq üzvlüyün ləğvi demək deyil. Ermənistan faktiki olaraq son illərdə KTMT-nin fəaliyyətində iştirakını minimuma endirib, təlimlərə qatılmır və təşkilatın bir sıra qərarlarından uzaq dayanır. Bu səbəbdən İrəvanın mövcud vəziyyəti bəzi ekspertlər tərəfindən “de-fakto məsafələşmə”, lakin hələlik “de-yure çıxış” olmayan mərhələ kimi qiymətləndirilir”.
E.Telmanoğlu söyləyib ki, Ermənistanın təşkilatdan çıxarılması yalnız maliyyə məsələsi deyil, həm də geosiyasi qərardır: “Rusiya və digər üzvlər üçün Ermənistanın KTMT daxilində qalması Cənubi Qafqazda təşkilatın mövqeyinin qorunması baxımından əhəmiyyət daşıyır. Buna görə də tərəflər tam qopuşdan əvvəl siyasi və diplomatik manevr imkanlarını sonadək yoxlamağa çalışacaqlar. Nəticə etibarilə, Ermənistanın KTMT büdcəsinə borcları təşkilat daxilində təzyiq alətinə çevrilə bilər və müəyyən məhdudiyyətlərə səbəb ola bilər. Lakin hazırkı mərhələdə Ermənistanın təşkilatdan dərhal çıxarılması və ya çıxarılmasının rəsmiləşdirilməsi ehtimalı aşağı qiymətləndirilir. Daha real ssenari İrəvanın KTMT ilə münasibətlərinin mərhələli şəkildə zəifləməsi və gələcəkdə siyasi qərar əsasında təşkilatdan ayrılmasıdır”.
Röya İsrafilova