“İrəvan iki Avrasiya platformasından uzaqlaşır?”
19 Avqust 23:50

Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri genişlənir. Belə ki, Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana 17 milyon 372,1 min dollar dəyərində məhsul ixrac edilib.
Sülh sazişi hələ imzalanmasa da, Azərbaycan Ermənistana iqtisadi dəstək göstərir, eyni zamanda, iki ölkə arasında ticarət dövriyyəsinin bərpası və iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində addımlar atır.
Həmçinin Rusiya ilə Ermənistan arasındakı münasibətlərin əvvəlki səviyyədə olmaması fonunda Ermənistan üçün Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin normallaşdırılması xüsusi əhəmiyyət daşıyır.
“Xalq Cəbhəsi” mövzu ətrafında millət vəkilləri, iqtisadçıların fikirlərini öyrənib.
“Qarşıdurmalar qlobal enerji bazarlarına ciddi təsir edir”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov söyləyib ki, dünyada davam edən geosiyasi gərginliklər fonunda nəqliyyat və bağlantı layihələri, eləcə də enerji və neft məhsulları ilə təminat məsələləri artıq təkcə iqtisadi məsələ kimi deyil, ölkələrin milli təhlükəsizliyinin təmin olunmasının mühüm elementlərindən biri kimi qiymətləndirilir: “Rusiya-Ukrayna və İran-ABŞ arasındakı davam edən qarşıdurmalar qlobal enerji bazarlarına da ciddi təsir göstərir. Bu baxımdan Ermənistanın Rusiya ilə münasibətlərində davam edən gərginlik fonunda Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi xüsusi əhəmiyyət daşıyır. Təkcə bu ilin ilk altı ayında Azərbaycanın Ermənistana 17,3 milyon dollar həcmində neft məhsulları ixrac etdiyi bildirilir. Azərbaycanın təqdim etdiyi bu məhsullar Ermənistan bazarında əlavə rəqabət mühiti formalaşdırmaqla yanaşı, ölkədə enerji təminatının sabitliyinə də müəyyən töhfə verir”.
“Azərbaycanla-Ermənistan iqtisadi əlaqələrinin genişləndirilməsi vacibdir”
Deputat əlavə edib ki, digər tərəfdən, Azərbaycan öz ərazisindən Ermənistana və Ermənistandan tranzit yüklərin daşınması ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması istiqamətində də addımlar atıb: “Hazırda Rusiya ilə Ermənistan arasında müxtəlif çeşidli malların dəmir yolu vasitəsilə daşınmasını da müşahidə edirik. Bütün bunlar onu göstərir ki, sülh sazişi hələ imzalanmasa belə, regionda iqtisadi əlaqələrin tədricən normallaşması prosesi artıq müəyyən praktiki nəticələr verməyə başlayıb. Təbii ki, ticarət və iqtisadi əlaqələrin inkişafı yalnız iqtisadi baxımdan deyil, həm də sülhün davamlı və möhkəm olması baxımından əhəmiyyətlidir. Ölkələr arasında qarşılıqlı iqtisadi maraqların artması gələcəkdə münasibətlərin normallaşmasına, qarşılıqlı etimadın formalaşmasına və regionda uzunmüddətli sabitliyin təmin olunmasına töhfə verə bilər. Bu baxımdan Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin genişləndirilməsini vacib hesab edirəm”.
“Azərbaycanın addımları regionda etimadı gücləndirir”
A.Badamovun sözlərinə görə, lakin hazırda bu əlaqələrin əsas hissəsi üçüncü ölkə - Gürcüstan üzərindən həyata keçirilir: “Hesab edirəm ki, sülhün daha da möhkəmləndirilməsi üçün gələcəkdə birbaşa Azərbaycan-Ermənistan iqtisadi və ticarət əlaqələrinin qurulması vacibdir. Bunun üçün isə ilk növbədə Ermənistan sülh prosesinin qarşısında duran siyasi və hüquqi məsələləri həll etməli, o cümlədən konstitusiyasında zəruri dəyişiklikləri həyata keçirərək yekun sülh sazişinin imzalanmasını sürətləndirməlidir. Biz qonşu ölkələrik və hesab edirəm ki, artıq düşmənçilik səhifəsini bağlayaraq yeni münasibətlər mərhələsinə keçməliyik. Sülh yalnız sənədin imzalanması ilə məhdudlaşmamalıdır. Sülhün davamlı olması üçün siyasi dialoqla yanaşı, ticarət, nəqliyyat, enerji və digər iqtisadi sahələrdə qarşılıqlı əlaqələr də genişləndirilməlidir. Bu baxımdan Azərbaycan tərəfindən atılan iqtisadi və humanitar xarakterli addımlar regionda etimad mühitinin formalaşmasına xidmət edir. İndi əsas məsələ əldə olunan imkanları genişləndirmək, qarşılıqlı iqtisadi maraqları artırmaq və sülh gündəliyini konkret layihələrlə daha da möhkəmləndirməkdir”.
Azərbaycanın sülh gündəliyinə sadiqliyi
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, Ermənistanla Azərbaycan arasında artıq ticari əlaqələrin bərpası həyata keçirilib, Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edib: “Bütövlükdə, Vaşinqtonda bağlanan sülh anlaşmasından sonra Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana 17 milyon dollardan artıq yanacaq məhsulları ixrac edib. Eyni zamanda, Azərbaycan üzərindən Ermənistana daşının yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu, əslində, Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirir. İki ölkə arasında ilkin qiymətləndirmələr göstərir ki, 38 adda məhsul üzrə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi mümkündür. Bu, illik 300 milyon dollarlıq ticarət dövriyyəsi deməkdir. Konkret məhsullara gəldikdə isə burada həm qida, ərzaq, eyni zamanda, sənaye məhsulları, o cümlədən bir sıra xammal məhsulları var ki, onların Azərbaycan və Ermənistan arasında ixrac olunması mümkündür. Nəzərə alsaq ki, hər iki ölkə aqrar sektor üzrə ixtisaslaşıb”.
Ticari əlaqələrin bərpası
Deputat diqqətə çatdırıb ki, eyni zamanda bəzi sənaye məhsulları var ki, həm Ermənistanda həmin məhsullara tələb var, həmçinin bəzi məhsullar orada istehsal olunur: “Azərbaycan tərəfindən həmin məhsulların idxalı mümkündür. Ona görə də ticari əlaqələrin bərpası istiqamətində aparılan müzakirələr gözlənilir ki, Azərbaycan və Ermənistan arasında dövriyyənin strukturuna təsir göstərəcək və biz növbəti dövrlərdə həm Azərbaycandan Ermənistana yalnız yanacaq deyil, digər məhsulların ixracatını, eləcə də Ermənistandan da ilk növbədə bir sıra sənaye məhsullarının idxalını müşahidə edə bilərik”.
Siyasi münasibətlərin normallaşmasına xidmət edən amil
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin bərpası siyasi münasibətlərin normallaşmasına xidmət edən mühüm iqtisadi amildir: “Sülh sazişi hələ imzalanmasa da, qarşılıqlı ticarətin başlaması tərəflər arasında etimadın formalaşmasına və uzun illər davam edən iqtisadi təcridin aradan qaldırılmasına şərait yaradır. 17 milyon dollardan artıq ixracın özü böyük həcm deyil, amma prosesin siyasi və iqtisadi baxımdan simvolik əhəmiyyəti daha böyükdür. Burada Azərbaycan üçün də müəyyən iqtisadi imkanlar yaranır. Ermənistan bazarına çıxış Azərbaycan məhsullarının yeni satış istiqamətləri əldə etməsinə, gələcəkdə isə tranzit, logistika və xidmət sahələrində əməkdaşlığın genişlənməsinə imkan verə bilər. Xüsusilə regionda kommunikasiyaların açılması baş verərsə, ticarət əlaqələri indiki göstəricilərlə müqayisədə əhəmiyyətli dərəcədə arta bilər”.
“Ticarət artdıqca qarşılıqlı iqtisadi maraqlar güclənir”
A.Nəsirlinin sözlərinə görə, Ermənistan baxımından isə Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin normallaşması daha strateji əhəmiyyət daşıyır: “Rusiya ilə münasibətlərin əvvəlki intensivliyini itirməsi Ermənistanı alternativ bazarlara və nəqliyyat marşrutlarına ehtiyac qarşısında qoyur. Azərbaycan və Türkiyə ilə əlaqələrin genişlənməsi Ermənistanın həm ixrac və idxal imkanlarını artırar, həm də onun regional iqtisadi sistemə daha sıx inteqrasiyasına şərait yaradar. Əsas məsələ odur ki, iqtisadi əlaqələr siyasi prosesdən ayrı deyil, əksinə, onu dəstəkləyən mexanizm kimi çıxış edə bilər. Ticarət artdıqca tərəflərin qarşılıqlı iqtisadi maraqları güclənir və yeni qarşıdurmanın yaranmasının iqtisadi qiyməti yüksəlir. Buna görə də bugünkü məhdud ticarət gələcəkdə daha geniş iqtisadi əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilə bilər”.
“Bu, münasibətlərin formalaşması baxımından əhəmiyyətli siqnaldır”
İqtisadçı Asif İbrahimov söyləyib ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana 17 milyon 372,1 min dollar dəyərində məhsulun ixrac edilməsi iki ölkə arasında uzun fasilədən sonra real iqtisadi münasibətlərin formalaşması baxımından əhəmiyyətli siqnaldır: “Hesab edirəm ki, burada əsas məsələ 17 milyon dolların özü deyil, iki ölkə arasında iqtisadi münasibətlərin praktiki müstəvidə bərpa olunmasıdır. Bu prosesi klassik mənada iqtisadi yardım kimi qiymətləndirmək düzgün olmaz. Daha çox qarşılıqlı kommersiya maraqlarının və iqtisadi etimadın formalaşması kimi yanaşmaq lazımdır. Azərbaycan öz məhsulunu ixrac edir, Ermənistan isə həmin məhsullara iqtisadi tələbat yaradır və bununla da normal ticarət münasibətlərinin ilkin bazası yaranır. Ermənistandan Azərbaycana ixrac tədarükünün başlaması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ermənistanın kənd təsərrüfatı məhsulları, alüminium folqa, ferromolibden, tekstil və digər məhsulları Azərbaycan bazarına çıxarma imkanlarının müzakirə edilməsi münasibətlərin siyasi bəyanatlardan real iqtisadi əlaqələr mərhələsinə keçdiyini göstərir. Əgər bu proses davamlı və qarşılıqlı iqtisadi maraqlar əsasında inkişaf edərsə, gələcəkdə ticarət dövriyyəsinin həcmi ilə yanaşı, onun strukturunda da ciddi dəyişikliklər mümkündür”.
Etimadın qurulması
O vurğulayıb ki, burada ən mühüm məsələ iqtisadiyyat vasitəsilə etimadın qurulmasıdır: “Uzun illər qarşıdurma yaşamış iki cəmiyyətin bir-birinin məhsullarını alması təkcə iqtisadi hadisə deyil, həm də ciddi psixoloji dəyişiklikdir. İnsanlar və bizneslər qarşılıqlı şəkildə bir-birindən məhsul almağa, xidmət göstərməyə və gəlir əldə etməyə başladıqca, münasibətlərə yanaşma da dəyişir. Düşmənçilik üzərində qurulan münasibətin yerini tədricən qarşılıqlı maraq və qarşılıqlı fayda tutarsa, sülhün onda dayanıqlı olacağını düşünürəm. Azərbaycan istehlakçısının Ermənistan məhsullarına münasibətində də zamanla iqtisadi amilin önə çıxacağını düşünürəm. İlk mərhələdə müəyyən psixoloji və emosional yanaşmaların olması təbiidir. Lakin məhsul keyfiyyətlidirsə, qiyməti rəqabətqabiliyyətlidirsə və Azərbaycan qanunvericiliyinin bütün tələblərinə cavab verirsə, istehlakçı üçün əsas məsələ onun hansı ölkədən gəlməsindən daha çox, gündəlik həyatına hansı faydanı gətirməsidir. Eyni zamanda, yerli istehsalçının maraqları və rəqabət mühiti qorunmalıdır. Əslində, qarşılıqlı ticarətin iqtisadi gücü də bundan ibarətdir: bir Azərbaycan şirkəti Ermənistandan daha sərfəli xammal alırsa, onun istehsal xərci azalır; Ermənistan şirkəti Azərbaycanda bazar əldə edirsə, onun satışları və gəliri artır; Azərbaycan istehlakçısı isə daha geniş məhsul seçimi və rəqabətli qiymət qazanır. Yəni eyni ticarət əməliyyatında bir neçə tərəf iqtisadi fayda əldə edə bilər. Belə münasibətlər çoxaldıqca sülh və sabitlik artıq yalnız siyasi məqsəd deyil, hər iki cəmiyyət üçün real iqtisadi marağa çevrilir. Növbəti mərhələdə əsas məsələ təkcə mal mübadiləsinin artırılması deyil, enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı, tikinti, sənaye və xidmət sektorlarında əməkdaşlığın genişləndirilməsidir. Bir müddət sonra söhbət yalnız bir yük maşınının sərhədi keçməsindən getməyəcək. Müqavilələr, ödənişlər, logistika, sığorta, investisiya və uzunmüddətli biznes tərəfdaşlıqları yarana bilər. Bu isə iqtisadi əlaqələri daha dayanıqlı və siyasi dəyişikliklərə daha az həssas edir”.
Qarşılıqlı ticarət modeli
A.İbrahimov həmçinin diqqətə çatdırıb ki, Azərbaycan üçün Ermənistan bazarının özündən daha böyük məsələ Cənubi Qafqazda yeni iqtisadi və logistika arxitekturasının formalaşmasıdır: “Ermənistan bazarı Azərbaycanın ümumi ixrac potensialı ilə müqayisədə böyük deyil. Lakin regional kommunikasiyaların açılması, nəqliyyat əlaqələrinin bərpası və ticarət marşrutlarının genişlənməsi Azərbaycanın tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər. Ermənistan üçün isə Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin normallaşması yeni bazarlara və alternativ təchizat və nəqliyyat imkanlarına çıxış deməkdir. Ticarətin genişləndirilməsi qarşılıqlı iqtisadi fayda, şəffaflıq, məhsul təhlükəsizliyi, gömrük və keyfiyyət standartlarına uyğunluq prinsipləri əsasında həyata keçirilməlidir. Ermənistan məhsullarının Azərbaycan bazarına daxil olması yerli istehsalçını sıxışdırmamalı, eyni zamanda, Azərbaycanda istehsal olunmayan və ya çatışmazlığı olan məhsulların idxalı Azərbaycan biznesinin rəqabət qabiliyyətini artıra bilməlidir. Məqsəd bir ölkənin digərinin bazarını tutması deyil, hər iki tərəfin biznesinin və istehlakçısının qazandığı qarşılıqlı ticarət modelinin yaradılmasıdır. Qısaca desək, Azərbaycanın Ermənistana 18 milyon dollarlıq ixracı və qarşı istiqamətdə ticarətin başlanması hələ böyük iqtisadi göstəricilər deyil. Amma siyasi və strateji əhəmiyyəti rəqəmlərindən daha böyükdür. Əgər iqtisadi münasibətlər qarşılıqlı ticarətə, enerji və nəqliyyat əməkdaşlığına, investisiyalara və biznes tərəfdaşlıqlarına çevrilərsə, iqtisadi maraq sülhün qorunması üçün real stimul yaradacaq. Sülhün ən möhkəm dayaqlarından biri insanların və bizneslərin bir-birindən fayda əldə etdiyi iqtisadi münasibətlərdir”.
Röya İsrafilova