“Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə “Ortaq mədəni irsin önəmi” adlı konfrans keçirilib Hadisə

“Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə “Ortaq mədəni irsin önəmi” adlı konfrans keçirilib

Sentyabrın 30-da “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi və Kərkük Qalası İrs və Şəhər Tədqiqatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Ortaq mədəni irsin önəmi” adlı konfrans keçirib.

Xalqcebhesi.az xəbər verir ki, zoom platforması üzərindən təşkil olunan konfransda İraqın Kərkükdən olan millət vəkili Ərşad Salihi, Kərkük Qalası İrs və Şəhər Tədqiqatları Assosiasiyasının rəhbəri professor Zeynalabdin Bayatlı, Kərkük Universitetinin əməkdaşı doktor Nəbil Şahin Kifrili, “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmlər doktoru Mehman Həsənli, AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyeva, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Mənsurə Həsənxanlı və digər tədqiqatçılar, tələbələr iştirak edib.

Açılış nitqi ilə çıxış edən “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri Orxan İsayev böyük coğrafiyada yaşayan türkmanların tarixən zəngin mədəni irs yaratdığını, bir çox tarixi abidələrin, əlyazmaların, dəyərli sənət nümunələrinin günümüzə qədər gəlib çatdığını vurğulayıb.

Natiq onu da qeyd edib ki, günümüzə gəlib çatmış ortaq mədəni irs, tarixi-mədəni abidələr bundan sonra da qorunmalı, gələcək nəsillərə ötürülməlidir. Orxan İsayev çıxışında Kərkük qalasının Zindan məhəlləsində yerləşən Məhəmməd Füzulinin ata evinin və Füzuli məscidinin acınacaqlı vəziyyətinə də toxunub. O, ümidvar olduğunu bildirib ki, tezliklə dahi Azərbaycan şairinə məxsus olan ev və məscid tezliklə bərpa ediləcək və Füzulinin adına yaraşan şəkildə insanlara təqdim olunacaq.

İraqın millət vəkili Ərşad Salihi çıxışında Azərbaycan dövlətinin son illərdə türkmanlara göstərdiyi diqqət və qayğıdan danışıb. Deputat son iki ildə Bakıda keçirilən Türkman forumlarına toxunub, onların əhəmiyyətini qeyd edib. Ərşad Salihi vurğulayıb ki, Kərkükdə Azərbaycan mədəni irsinə aid olan bir çox tarixi abidə mövcuddur. Həmin abidələr bir daha İraq türkmanları ilə Azərbaycan türklərinin ortaq mədəni-ədəbi, tarixi dəyərlərindən xəbər verir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli son illərdə akademiya səviyyəsində İraq türkmanları ilə bağlı aparılan işlərdən danışıb. O qeyd edib ki, əsası professor Qəzənfər Paşayev tərəfindən qoyulan İraq türkmanları ilə bağlı elmi tədqiqatlar bu gün uğurla davam etdirilir.

Ədəbiyyat İnstitutunda ilk dəfə İraq türkmanlarının ədəbiyyat tarixi yazılıb. Müəllifləri Qəzənfər Paşayev və Orxan İsayev olan əsər böyük elmi əhəmiyyət daşıyır. Mehman Həsənli AMEA prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə türkmanlarla bağlı keçirilən konfranslara da toxunub, həmin konfransların həm Azərbaycan, həm İraqın elmi ictimaiyyəti tərəfindən məmnunluqla qarşılandığını deyib. Natiq AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşri olan və Türkiyənin nüfuzlu Dərgipark sisteminə inteqrasiya etmiş “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının 2027-ci ildə xüsusi buraxılışının İraq türkmanlarına həsr olunacağını və həmin ildə AMEA-da türkmanlarla bağlı elmi konfransın keçiriləcəyini də sözlərinə əlavə edib.

Kərkük Univeristetinin əməkdaşı doktor Nəbil Şahin Kifrili Azərbaycanla İraq türkmanlarının akademik səviyyədə əməkdaşlıqlarının daha da gücləndirilməsinin vacib olduğunu, ortaq elmi layihələrin, konfrans və sempoziyumlarının keçirilməsinin əhəmiyyətini qeyd edib.

Natiq qeyd edib ki, bu istiqamətdə görüləcək işlər mədəni irsin daha da dərindən öyrənilməsinə və gələcək nəsillərə sağlam şəkildə ötürülməsinə xidmət edəcək.

AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyeva Kərkükdə mövcud olan Azərbaycan mədəni irsindən danışıb. Folklorşünas alim qeyd edib ki, ortaq ədəbi-mədəni dəyərlərimiz o qədər zəngindir ki, sistemili və davamlı elmi tədqiqatların aparılmasına ehtiyac var.

Bununla əlaqələrimizin tarixi və gələcək inkişaf perspektivləri müəyyən olunar, bir çox qaranlıq məqamlara tam şəkildə aydınlıq gətirilər.
Daha sonra konfrans qarşılıqlı fikir mübadilələri və təkliflərlə işini davam etdirib.

Cavid