“Ermənistanın Skyfox təyyarələri: hədəf nədir, hərbi balans, yoxsa ordu quruculuğu? Gündəm

“Ermənistanın Skyfox təyyarələri: hədəf nədir, hərbi balans, yoxsa ordu quruculuğu?

Ermənistanın Çexiyadan L-39 Skyfox təyyarələri alması və hərbi aviasiya imkanlarını genişləndirməyə çalışması regionda müzakirələrə səbəb olub. 44 günlük müharibədən sonra ağır itkilər verən və Qərb institutlarının dəstəyi ilə ordusunu yenidən qurmağa çalışan İrəvanın bu addımı real hərbi güc yaratmağa hesablanıb, yoxsa sadəcə simvolik gedişdir?
Bu təyyarələr Azərbaycanın malik olduğu qabaqcıl qırıcılar və hərbi üstünlük qarşısında hansı çəkiyə malikdir? Ermənistanın silahlanma xətti və hərbi-texniki addımları Cənubi Qafqazın təhlükəsizliyinə necə təsir edir?

“L-39 təyyarələri və hərbi üstünlük”

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən hərbi ekspert Ramil Məmmədli diqqətə çatdırıb ki, Ermənistanın Çexiyadan L-39 təyyarələri alması hərbi aviasiya imkanları və regionda silahlanma balansı baxımından qiymətləndirilərkən, ilk növbədə, həmin təyyarələrin təyinatı nəzərə alınmalıdır. Bu aviasiya vasitələri əsasən təlim-döyüş təyyarələri hesab olunur və onların alınması Ermənistan üçün Azərbaycana qarşı hərbi üstünlük yaratmır.
Onun sözlərinə görə, Ermənistanın Avropa ölkələri ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlığı əvvəldən mövcud olub və hazırda da davam edir. Buna görə də Çexiyadan L-39 təyyarələrinin alınmasına təəccüb və təəssüf hissi ilə yanaşmağa ehtiyac yoxdur.
Ekspert bildirib ki, bu təyyarələrin təyinatını düzgün qiymətləndirmək vacibdir: “Birincisi, alınan məhsulun təyinatını müəyyənləşdirməliyik. Mətbuatda yayılan açıqlamalarda məsələyə bir qədər fərqli yanaşılır. Bu təyyarə birmənalı olaraq döyüş təyyarəsi deyil, təlim-döyüş təyyarəsidir. Təbii ki, hansısa əməliyyatda istifadə etmək mümkündür. Amma bu o demək deyil ki, L-39 təyyarələri ilə effektiv döyüş uçuşları həyata keçirmək və Ermənistan üçün Cənubi Qafqazda, xüsusilə Azərbaycanla silahlanma yarışında hansısa üstünlük əldə etmək mümkün olacaq”.
R.Məmmədli qeyd edib ki, Azərbaycanın döyüş aviasiyası sahəsindəki imkanları və potensialı hazırda Cənubi Qafqazda ən yüksək səviyyədədir. Onun fikrincə, bu baxımdan Ermənistanın sözügedən təyyarələri alması Azərbaycanın müdafiə imkanlarına qarşı strateji təhdid yaratmır.
Hərbi ekspert vurğulayıb ki, regionda hərbi-texniki əməkdaşlıq və silah tədarükü məsələlərinə emosional deyil, hərbi texnikanın real imkanlarını və təyinatını nəzərə alan obyektiv yanaşma ilə qiymət verilməlidir.

Ermənistanın silahlanması və Azərbaycanın nəzarəti

Hərbi ekspert Üzeyir Cəfərov diqqətə çatdırıb ki, Ermənistanın Çexiyadan L-39 Skyfox təyyarələri alması ölkənin 44 günlük müharibədən sonra hərbi qüvvələrini yenidən qurmaq və müasirləşdirmək siyasətinin tərkib hissəsidir.
Onun sözlərinə görə, Ermənistan müharibədə həm şəxsi heyət, həm də hərbi texnika baxımından ciddi itkilər verib və hazırda ordusunu müasirləşdirmək üçün Qərb institutları ilə əməkdaşlığı genişləndirir:
“Ermənistan indi daha çox Qərb institutları ilə əməkdaşlıq eləyir ki, öz ordusunu müasirləşdirsin, ordusunu normal vəziyyətə gətirsin. Çexiyadan alınan həmin döyüş təyyarələrinin Ermənistan üçün hansı əhəmiyyət kəsb etdiyini biz də başa düşürük, Ermənistan da bunu dərk edir”.
Ekspert hesab edir ki, Ermənistanın bu addımı öz hərbi aviasiyasını gücləndirmək məqsədi daşıyır.
Onun fikrincə, hər bir dövlətin öz milli maraqları və təhlükəsizlik prioritetləri var. Ermənistanın müxtəlif ölkələrdən silah və hərbi texnika alması da bu çərçivədə qiymətləndirilməlidir.
Ü.Cəfərov Azərbaycanın müdafiə siyasətinə toxunaraq qeyd edib ki, ölkəmiz də müxtəlif dövlətlərlə hərbi-texniki əməkdaşlıq edir və öz müdafiə ehtiyaclarına uyğun addımlar atır: “Biz də Çexiyadan da, İtaliyadan da, Pakistandan da, qardaş Türkiyədən də silah-sursatlar alırıq. O cümlədən döyüş təyyarələri var, təlim təyyarələri var. Biz onları təqdim eləmişik. Ona görə də Azərbaycan müdafiə siyasəti baxımından nə lazımdırsa, o addımları atır”.
Hərbi ekspert vurğulayıb ki, Azərbaycan yalnız keçmiş sovet respublikaları ilə deyil, vaxtilə Varşava Müqaviləsi Təşkilatında olmuş və hazırda NATO üzvü olan ölkələrlə də sıx əməkdaşlıq edir: “Bu əlaqələr tərəflərin milli maraqlarına xidmət edir. Ermənistanın Rusiyadan deyil, Çexiya, Çin, Yunanıstan və ya Hindistan kimi ölkələrdən silah alması onun öz qərarıdır və bu, normal proses kimi qiymətləndirilə bilər. Bizdə hər hansı bir narahatçılıq yoxdur. Amma biz prosesləri, əlbəttə ki, bir qonşu dövlət olaraq izləyirik. Hələ sülh sazişi imzalanmayıb. İstənilən halda Ermənistan öz qərarını verir, öz seçimini edir və ordusunu, silahlı qüvvələrini normal vəziyyətə gətirmək haqqında düşünür. Biz isə müəyyən məqamları nəzərə almaqla prosesi lazımi şəkildə izləyirik”.

"Skyfox – JF-17 fərqi və aviasiya yenilikləri

Hərbi ekspert Səxavət Məmmədov söyləyib ki, Ermənistanın Çexiyadan aldığı L-39 Skyfox təyyarələri əsasən təlim, eyni zamanda yüngül döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. Bu təyyarələr Azərbaycanın Pakistandan aldığı JF-17 qırıcıları ilə müqayisə edilə bilməz. Bununla belə, Ermənistanın hərbi aviasiyasını və ümumilikdə ordusunu yeniləmək istiqamətində atdığı addımlar diqqətlə izlənilməlidir.
Onun sözlərinə görə, Skyfox təyyarələri səsdən sürətli olmayan aviasiya vasitələri sinfinə aiddir və əsasən təlim məqsədi daşıyır. Müvafiq silah sistemləri ilə təchiz edildikdə isə yüngül döyüş tapşırıqlarında, o cümlədən müəyyən hava hədəflərinə qarşı mübarizədə istifadə oluna bilər.
Ekspert qeyd edib ki, Çexiya tərəfinin açıqlamalarına əsasən, bu təyyarələrə antidron sistemlərinin yerləşdirilməsi və pilotsuz uçuş aparatlarına qarşı istifadə imkanları da nəzərdən keçirilir.
S.Məmmədov vurğulayıb ki, Skyfox təyyarələrini Azərbaycanın aldığı JF-17 qırıcıları ilə eyni səviyyədə qiymətləndirmək düzgün olmaz: “Azərbaycanın Pakistandan aldığı JF-17 təyyarələri ilə “Skyfox”ları müqayisə etmək olmaz. Çünki JF-17-lər hava üstünlüyü uğrunda mübarizə, hava döyüşləri və bombardman tapşırıqları üçün istifadə oluna bilər. Skyfoxlar isə əsasən təlim və müəyyən mənada yüngül döyüş təyyarələri hesab edilə bilərlər. Bunlar tamamilə fərqli imkanlara malik aviasiya vasitələridir”.
Hərbi ekspertin fikrincə, təkcə Skyfox təyyarələrinin alınması Cənubi Qafqazda hərbi balansın dəyişməsi üçün kifayət deyil. Lakin Ermənistanın son dövrlərdə ordunun müxtəlif istiqamətlərində yenilənməyə başlaması daha geniş kontekstdə qiymətləndirilməlidir.
O bildirib ki, Ermənistanın gələcəkdə başqa növ hərbi təyyarələr almaq ehtimalını da istisna etmək olmaz. Müxtəlif dövrlərdə Ermənistanın Su-30, Su-25 və İsveç istehsalı olan “Gripen” təyyarələri ilə maraqlandığı barədə məlumatlar yayılıb.
S.Məmmədov hesab edir ki, Ermənistanın aviasiya sahəsindəki addımları ilə yanaşı, şəxsi heyətin hazırlanması, hərbi kadrların peşəkarlığının artırılması və silahlanmanın yenilənməsi də diqqətdə saxlanılmalıdır: “Düşünmürəm ki, Ermənistanın bu təyyarələri alması özlüyündə Cənubi Qafqazda güc balansını dəyişəcək. Amma Ermənistanın ümumilikdə orduya yanaşması və hərbi potensialını artırmaq istiqamətində atdığı addımlar regionun təhlükəsizliyi baxımından ciddi suallar yaradır. Azərbaycan tərəfi bütün bunlara diqqət etməlidir. Silahlanma, kadrların hazırlanması və ordunun bütün sahələrdə inkişaf etdirilməsi göstərir ki, Ermənistan hərbi gücünü artırmaq istiqamətində ciddi addımlar atır”.

Günel Elxan