İslam dünyasının mənəvi mərkəzi - Səudiyyə Ərəbistanı Krallığı Hadisə

İslam dünyasının mənəvi mərkəzi - Səudiyyə Ərəbistanı Krallığı

On gün Ümrə ziyarətində gördüklərimdən, eşitdiklərimdən...

Bəzən insanın qəlbində illərlə bir arzu yaşayır, müqəddəs torpaqları görmək, İslam dünyasının ən müqəddəs iki şəhəri - Məkkədə Kəbənin qarşısında dayanmaq və dualarını ən xüsusi məkanda etmək, Mədinədə Məscidül-Nəbəvidə (Peyğəmbər Məscidi) namaz qılmaq. Bu yerləri ziyarət etmək, həqiqətən də, hər bir müsəlmanın qəlbində bəslədiyi ən ali və müqəddəs arzulardan biridir. Bu mübarək məkan sadəcə bir ibadət yeri deyil, həm də ruhun dinclik tapdığı, insanların bərabərlik və qardaşlıq hisslərini ən dərindən yaşadığı bir mərkəzdir.
Qəlbimdəki bu arzunu Səudiyyə Ərəbistanı Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun şəxsi dəvət proqramı çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi həyata keçirdi. Buna görə, həm Krala, həm də səfir, cənab İssam bin Saleh əl-Cuteyliyə minnətdarıq.
Azərbaycandan Ümrə ziyarətinə gedən on nəfərlik qrupda ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri vardı, hamı ilk dəfəydi ki, Ümrə ziyarətinə gedirdi. Səfərdən bir neçə gün öncə cənab səfir İssam bin Saleh əl-Cuteyli səfirlikdə bizimlə görüşdü, Ümrə ziyarətindən söz açdı, vacib məlumatlarını bölüşdü, səfər proqramı ilə tanış etdi, ziyarət edəcəyimiz müqəddəs məkanlar haqqında geniş və dolğun bilgi verdi. Suallarımızı cavablandıran səfir müqəddəs yerlərə ziyarətimiz və edəcəyimiz duaların Allahın dərgahında qəbul olunması arzusu ilə bizə xeyir-dua verdi və ziyarətimiz başa çatanda sonra bizimlə yenidən səfirlikdə görüşmək, ziyarət təəssüratlarını bölüşməyimizi istədi. Hamı səfirin bu təklifini məmnuniyyətlə qəbul etdi. Qrup üzvləri bu ziyarəti proqramı təşkil etdiyinə görə əvvəlcə Səudiyyə Ərəbistanı Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud cənablarına və dəstəyə görə cənab səfir İssam bin Saleh əl-Cuteyliyə təşəkkür və minnətdarlığını bildirdilər.

Peyğəmbər (s) şəhəri Mədinə

Əvvəlcədən müəyyənləşdirilən Ümrə ziyarəti proqrama görə, gedəcəyimiz yerlər və görüşlər də az deyildi. Dolğun və geniş bir ziyarət proqramı vardı. Səudiyyə Ərəbistanı Ərəbistan yarımadasının ən inkişaf edən, güclü və qüdrətli ölkələrindən biridir. Bu ölkənin coğrafi mövqeyi strateji baxımdan üç qitənin - Avropa, Afrika və Asiyanın kəsişməsində yerləşdiyi üçün çox böyük, vacib strateji əhəmiyyət daşıyır. Eyni zamanda, nüfuzlu regional dövlət kimi onun siyasəti, demək olar ki, bütün ətraf qonşuların və körfəz ölkələrinin siyasətinə xeyli dərəcədə təsir göstərir. Azərbaycanla münasibətlərə Səudiyyədə xüsusi əhəmiyyət verilir. Bütün sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri mövcuddur. Krallıq həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə edib.
Bakıdan İstanbula, İstanbuldan isə ilk getdiyimiz yer İslam dünyasının iki müqəddəs şəhərdən biri Mədinə oldu. Hava limanında bizi hörmətlə qarşılayıb avtobusla şəhərə yola saldılar. Avtobusda bizimlə birlikdə Türkiyə, Gürcüstan və Türkmənistandan da gələn ziyarətçilər vardı. Sonradan öyrəndik ki, məlum proqram çərçivəsində digər müsəlman ölkələrindən də bura ziyarətçilər gəliblər.
Mədinə şəhəri kiçik olsa da gözəlliyi, təmizliyi, qədimliyi ilə müasirliyinin vəhdəti adamı valeh edir. Yerləşdiyimiz dördulduzlu "Madina otel" Məscidül-Nəbəvinin (Peyğəmbər Məscidi) yüz metrliyindəydi. Otelin girişində bizi xüsusi qaydada gül-çiçəklə, xurma və müxtəlif şirniyyatlar, içkilərə qarşıladılar. Bu, bizə böyük diqqət, hörmət və ehtiram əlamətlərindən biri idi.
Oteldə bizim rahatlığımız üçün hər bir şərait təmin olunub, işçilərin səmimi və sadəliyi ilə yanaşı gülərüzlüyü yerli sakinlərin qonaqpərvərliyinin göstəricisi idi.
Qrupun tərcüməçisi Abdulkadır Bozkurt Türkiyədəndir, 12 ildir ki, Mədinədə yaşayır, həm təhsil alır, həm də tərcüməçilik edir. Bütün ziyarət və görüşlərimizdə bizimlə birlikdə oldu, nəyi, necə edəcəyimizi məlumatlandırdı, həm tərcüməçiliki, həm də
bələdçilik edirdi.

Dünyanın ən böyük və ən gözəl məscidi

Şəhərə gəldiyimiz günün axşamı bir neçə nəfərlə namazımızı Peyğəmbər məscidində qıldıq. Məscidin möhtəşəmliyi, dünyanın bütün müsəlman ölkələrindən ziyarətə gələn sel kimi insan axını, azan səsi, dörd bir ətrafında çoxmərtəbəli, müasir otellər, gülərüz yerli sakinlər, məscidin ətrafında dövr vuran, insanlarla belə ünsiyyət quran göyərçinlər (Şərq və İslam mədəniyyətində məscid ətrafındakı göyərçinlər tez-tez rast gəlinən, sülh və hüzur rəmzi olan bir mənzərədir) bizi sözün əsl mənasında valeh etdi.
Onu da qeyd edim ki, Səudiyyə Ərəbistanı İslam dininə və öz dini irsinə dərindən bağlı olan bir ölkədir. İslamın mərkəzi hesab olunan bu krallıq, həm dövlət idarəçiliyində, həm də gündəlik ictimai həyatda dini dəyərləri əsas götürür.
Yuxarıda qeyd etdim, İslam dünyasının ən müqəddəs iki şəhəri — Məkkə (Kəbənin yerləşdiyi yer) və Mədinə (Peyğəmbərin (s) qəbri olan yer) bu ölkədədir. Səudiyyə kralı həm də rəsmi olaraq "İki Müqəddəs Ocağın Xadimi" titulunu daşıyır ki, bu da ölkənin dinlə olan güclü bağını göstərən əsas amillərdir.
Səudiyyə Ərəbistanında əhali dinə son dərəcə bağlıdır və İslam ölkənin mədəniyyətini, qanunvericiliyini, gündəlik həyat tərzini formalaşdıran ən əsas amildir.
Bütün günü Peyğəmbər məscidinə insan axınını görmək olur. Ərəbistanda gündəlik həyat namaz vaxtlarına uyğun tənzimlənir. Azan oxunarkən mağaza və müəssisələr müvəqqəti olaraq fəaliyyətini dayandırır, insanlar namaza yönəlir. Bu, əhalinin dinə bağlılığının əsas təzahürlərilərindəndir.
Məscidi-əl-Nəbi - Peyğəmbər Məscidi dünyanın ən böyük və ən gözəl məscididir. Bu məscid sözün həqiqi mənasında heyrətedici dərəcədə böyükdür. Hicrətdən sonra Peyğəmbərimizin inşa etdiyi məsciddir. Elə İslam Peyğəmbərinin və onun çox yaxın silahdaşları həzrəti Əbubəkr və həzrəti Ömərin də məzarları bu məscidin içərisində yerləşir. Təxminən 400.000 m² sahəni əhatə edir və 650.000-dən çox insan eyni vaxtda ibadət edə bilər. Məscidin 105 metr hündürlüyündə 10 minarəsi var. Məscidin yaxınlığında İslam tarixinin mühüm qəbiristanlıqlarından biri olan Bəqi məzarlığı yerləşir. Bu müqəddəs məkan böyük havalandırıcı qurğular və nəhəng çətirlərlə təchiz edilib. Gigiyena və təmizlik üçün hər cür şərait yaradılıb. Burada ibadət etmək bir ayrı məmnuniyyətdir.
Məsciddə ibadətə gələnlərin istifadəsi üçün insan sağlamlığına zərər vurmayan və suyun dadını dəyişməyən xüsusi içməli su boruları və kranlar quraşdırılıb. Xüsusi yerlərdə ibadətə gələnlərin istifadəsi üçün Quran kitabları olan rəflər yerləşdirilib. Bir sözlə, ibadətə gələnlər üçün bütün lazımi şərait yaradılıb.

İslam muzeyləri silsiləsinin ilki

Mədinə şəhərində, Məscidün-Nəbəvinin (Peyğəmbər Məscidinin) yaxınlığında, "əl-Həram" məhəlləsində yerləşən "Peyğəmbərin bioqrafiyası və İslam sivilizasiyası" Beynəlxalq Sərgisi və Muzeyinə baş çəkdik. Bura Dünya Müsəlman Liqası, İSESKO (İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) və əlaqədar qurumların birgə təşəbbüsü ilə yaradılıb. Muzeyin açılışı 3 fevral 2021-ci ildə baş tutub. Burada Peyğəmbər dövrünə aid beş yüzdən çox tarixi əşya və yadigarlar nümayiş etdirilir.
Peyğəmbərin həyatı və İslam sivilizasiyasına həsr olunan Beynəlxalq Sərgi və Muzey, Həzrət Məhəmmədi, onun nəcib əxlaqını və mənəvi keyfiyyətlərini hərtərəfli şəkildə təqdim etməyə, həmçinin İslamı əsl mahiyyəti ilə nümayiş etdirməyə yönələn qlobal və interaktiv bir məkandır.
Muzey eksponatlarını təqdim etmək üçün holoqrafiya, virtual reallıq və artırılmış reallıq kimi qabaqcıl rəqəmsal texnologiyalardan istifadə edir. Bu, Mədinə-i Münəvvərə sakinləri və qonaqları üçün mədəni təcrübəni daha da zənginləşdirir. Sözügedən sərgi, İslam Dünyası Liqasının himayəsi altında dünyanın müxtəlif paytaxtlarında yaradılması planlaşdırılan İslam muzeyləri silsiləsinin ilkidir.
Sərgi həmçinin ziyarətçilərə Məkkəi-Mükərrəmənin və Peyğəmbər şəhərinin (Mədinənin) peyğəmbərlik dövründəki görünüşünü əks etdirən maketlərlə tanış olmaq imkanı yaradır. Bundan əlavə, burada Məscidül-Həram və Məscidün-Nəbəvinin təməlinin qoyulduğu vaxtdan bu günə qədərki tikinti və genişləndirmə mərhələləri nümayiş etdirilir.

Cənnət bağlarından biri

Ravza-i Şərif - Mədinə şəhərindəki Məscidül-Nəbəvinin (Peyğəmbər məscidi) daxilində yerləşən, Məhəmməd peyğəmbərin qəbri (mübarək hücrəsi) ilə minbəri arasındakı müqəddəs ərazidir. İslam dininə görə, bu xüsusi məkan Cənnət bağlarından biri sayılır və duaların qəbul olunduğu ən fəzilətli yerlərdən biridir.
Məhəmməd peyğəmbər bir hədisində buyurub: "Evimlə minbərimin arası Cənnət bağlarından (ravza) bir bağdır." Məkanın adı da məhz bu hədisdən götürülüb.
Məscidül-Nəbəvinin digər hissələrində xalçalar ümumiyyətlə qırmızı və ya qum rəngində olduğu halda, Ravza şərifin xalçaları yaşıl rəngdədir. Bu, zəvvarların müqəddəs ərazini asanlıqla tanıması üçün nəzərdə tutulub.
Hazırda Ravza-i Şərifi ziyarət etmək və orada namaz qılmaq üçün Səudiyyə Ərəbistanının rəsmi "Nusuk" (Nusuk) tətbiqi vasitəsilə əvvəlcədən onlayn icazə (randevu) almaq mütləqdir.
Peyğəmbərimiz (s.ə.s.) buyurub: "Mənim bu məscidimdə qılınan bir namaz, Məscidül-Həram istisna olmaqla, digər məscidlərdə qılınan min namazdan daha xeyirlidir".
Kralın qonaqları olduğumuzdan hörmət əlaməti olaraq randevu almadan Ravza-i Şərifdə namaz qılmaq şərəfinə layiq olduq. İçəridə böyük bir izdiham vardı, ibadət etməyə yer belə yoxuydu, ibadət və dua etmək üçün maksimum 20 dəqiqə vaxt verilirdi. Ziyarətçilər daha çox Peyğəmbərin qəbri tərəfə axın edirdilər ki, namazı orada qılsınlar. Hər ayrılan vaxtda azı on min ziyarətçi ibadət etmək imkanı qazana bilir.

Təkbaşına dayanan Uhud dağı

Növbəti gün ziyarət proqramında üç yer - Uhud dağı Quba Məscidi və Kral Fəhd Quran Kompleksi ziyarət nəzərdə tutuldu. Əvvəlcə Uhud dağını ziyarət etdik. Məlumatı olmayanlar üçün qeyd edim ki, Uhud dağı Mədinənin (Mədinə əl-Münəvvərə) yerləşdiyi düzənliyin şimalında qərar tutur. Onun uzunluğu 8 km, hündürlüyü isə 110 metrdir. Dağ Məscidün-Nəbəvidən (Peyğəmbər məscidindən) 5 km məsafədə yerləşir. O, adını - "Uhud" - bölgədəki digər dağ silsilələri ilə əlaqəsi olmadan təkbaşına dayanmasından alır. Məkkə müşriklərinə qarşı mübarizədə mühüm mərhələ olan Uhud döyüşü məhz burada baş verib və döyüşün özü də adını bu dağdan alıb.
Uhud döyüşü İslam tarixinin ən maraqlı səhifələrindən biridir. Bu döyüşdə İslam Peyğəmbəri şəxsən iştirak edib. Burada İslam mücahidləri məğlub olub, İslam Peyğəmbərinin əmisi Həmzə şəhid düşüb. Elə ziyarət etdiyimiz məkanlardan biri də başda həzrəti Həmzə olmaqla onun şəhid düşmüş silahdaşlarının dəfn edildiyi yerlər idi. Onu da qeyd edim ki, hava çox isti olduğu üçün ziyarətçilərə avtobusdan düşməyə məsləhət bilmədilər. Uhud dağını və digər yerləri elə avtobusdan seyr etdik. Dağla bağlı məlumatları isə bizə tərcüməçimiz Abdulkadır Bozkurt verdi.

İslamda tikilən ilk məscid

Uhud dağından sonra yolumuzu Quba məscidi və ya Məscidu Qubaya saldıq. Bu məscid İslam peyğəmbəri Məhəmməd tərəfindən Məkkədən Mədinəyə hicrət edilərkən yolda dayandığı Quba məntəqəsində inşa edilən və məscidin inşaatı prosesində şəxsən Məhəmməd Peyğəmbərin də iştirak etdiyi İslamda tikilən ilk məsciddir.
Məscidin minarələrin sayı 4, günbəzlərin sayı 56, hündürlüyü 25 metrdir. Burada birdəfəlik 20.000 insan ibadət edə bilir. Quba məscidində namaz qılmağı Ümrəyə bərabər hesab edən Məhəmməd Peyğəmbər Mədinədə olarkən şənbə günləri, bəzən isə bazar ertəsi günləri və Ramazan ayının 17-də burada namaz qılırdı. Namaz qılmaq üçün Quba məscidinə gedən peyğəmbər, orada verilən Quran dərslərinə nəzarət edər, ona verilən sualları cavablandırardı.
Həmçinin Peyğəmbər deyərdi: "Kim evində dəstəmaz alar, sonra Quba məscidinə gəlib orada iki rükət namaz qılarsa Ümrə savabı qazanar". Ümrə ziyarətimizə bir gün qalmış Quba məscidində namaz qılmaqla Ümrə savabını qazandıq. Amma onu da qeyd edim ki, məsciddə izdiham yox idi, kişilər asanlıqla namaz qıla bildilər. Qrupumuzda olan iki xanımın ibadəti isə çox vaxt apardı. Səbəbini soruşduqda yer olmadığından gözləməli olduqlarını dedilər.

Dünyanın ən böyük Quran çapı mərkəzi

Quba məscidini ziyarətdən sonra Kral Fəhd Quran Kompleksinə gəldik. Bu, Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən və dünyanın ən böyük Quran çapı mərkəzi olan dövlət müəssisəsidir. 1984-cü ildə Kral Fəhd ibn Əbdüləziz tərəfindən açılan bu kompleks, İslam dünyasına xidmət məqsədilə hər il milyonlarla Qurani-Kərim nüsxəsi, tərcümələri və audio yazıları istehsal edir.
Oradan bizə verilən məlumata görə, burada hər il təqribən 10-18 milyon arasında Quran nüsxəsi və digər dini materiallar çap olunur. Fəaliyyətə başladığı gündən bəri 500 milyondan çox nüsxə istehsal edilib. Qurani-Kərimin mənaları 79 fərqli dilə (o cümlədən Azərbaycan dilinə) tərcümə olunaraq nəşr edilib. Kompleksin çap etdiyi Quranların əksəriyyəti məşhur xəttat Osman Taha tərəfindən yazılan və xüsusi elmi heyət tərəfindən yoxlanıllb.
Kompleks yalnız mətbəədən ibarət deyil, onun tərkibində geniş elmi və rəqəmsal strukturlar fəaliyyət göstərir. Elmi Şura və Yoxlama Komitəsi çap olunan hər bir nüsxənin hər hansı bir hərf və ya hərəkə xətası olmadan, tam dəqiqliklə çıxmasını təmin edir.
Rəqəmsal Araşdırmalar Mərkəzi isə mobil cihazlar üçün rəsmi Kral Fəhd Quran tətbiqləri, kompüterlər üçün xüsusi Quran şriftləri və rəqəmsal nəşr proqramları hazırlayır. Görmə əlilliyi olan şəxslər üçün Brayl əlifbası ilə, eləcə də kar və lal şəxslər üçün jest dili ilə Quran təfsirləri istehsal olunur.
Kompleksində ümumilikdə 1700-ə yaxın işçi çalışır. Çap prosesini yalnız kənardan izləyə bildik. Kompleksi ziyarət edən hər bir şəxsə Qurani-Kərim nüsxəsi hədiyyə edilir.

Yolumuz Məkkəyə, Ümrə ibadətinə

Ehram geyim dəstləri qaldığımız oteldə hər birimizə paylandı. Axı sabah müqəddəs Məkkəyə - Ümrə ziyarətinə yola düşəcəyik. Abdulkadır bizimlə görüşüb Ümrə ziyarəti qaydaları, ziyarət zamanı ibadətin əsas mərhələlərində oxunan ən vacib və müstəhəbb dualara bağlı geniş məlumat verdi...
Səhəri elə ehram geyimində avtobuslara minib üz tutduq Məkkə şəhərinə. Mədinə ilə Məkkə şəhəri arasında beş saatlıq bir məsafə var. Yolun yarısında Mədinədən Məkkəyə zəvvarların marşrutu üzrə ilk stansiya - Miqat məscidində günorta (zöhr) və ikindi (əsr) namazlarını birləşdirilərək (cəm halında) qıldıq. Nəhayət, müqəddəs Məkkəyə çatdıq.
Beşulduzlu "Marriott" otelinin girişində də Mədinədə olduğu kimi ehtiramla qarşılanma mərasimi təşkil olundu. Yeri gəlmişkən, bizi polis maşını və daha iki maşın müşayət edirdi. Bu Səudiyyə Ərəbistanı dövlətinin ziyarətçiyə hörmətinin bir əlamətidir. Otel Məscudil-Həramın yüz metrliyindəydi. Qaldığım otağın pəncərəsindən məscid çox aydın görünürdü. Otelə yerləşdikdən sonra həmin axşam bir neçə ziyarətçi ilə qərara gəldik ki, Ümrə ibadətini sabaha saxlamayaq. Onu da qeyd edim ki, adıçəkilən məscid otelin yaxınlığında olmasına baxmayaraq, zəvvarların ora rahat çatması üçün otel pulsuz servis avtobusları (shuttle bus) təşkil edir.
... Bütün zəvvarlar, ziyarətçilər kimi müqəddəs Məkkədə olmaq, Məscudil-Həramda namaz qılmaq, müqəddəs Kəbəni tavaf (Kəbə evinin ətrafında saat əqrəbinin əksi istiqamətində 7 dəfə dövrə vurmaq) etmək, Səfa və Mərvə dağları arasında yeddi dəfə yürüş etmək xoşbəxtliyi bizə də nəsib oldu. Doğmalarımız, yaxınlarımız, uzaqdakılar, dost-tanış, hər kəslə yanaşı dövlətimiz, xalqımız, millətimizin əmin-amanlıq içində yaşaması üçün dualar etdik.
Yeri gəlmişkən, “Məscid-ül Haram”ın üçüncü genişləndirilməsi bu ibadət ocağının tarixində ən böyük inkişaf layihələrindən biri olacaq.
Genişləndirmə təxminən 1,214 milyon kvadratmetr ərazini əhatə edir və ilboyu rahat ab-havanı qorumaq üçün obyektlər 90 min tonluq soyutma tutumu ilə təchiz olunub.
Məscidin ətrafındakı obyektlərə 25 mindən çox xalça, 1 min Zəmzəm suyu paylayıcısı, 11.436 tualet və dəstəmaz otağı, eləcə də bütün mərtəbələrdə aydın səs yayımını təmin etmək üçün 1300 dinamik daxildir. Genişləndirmədə, həmçinin 458 içməli su fəvvarəsi, 428 eskalator, 28 lift, 80 qapı və 120 xüsusi namaz yeri mövcuddur ki, bu da xüsusilə pik mövsümlərdə yerüstü, birinci, ikinci mərtəbələrdə və dam örtüklərində rahat hərəkəti və mütəşəkkil giriş-çıxışı asanlaşdırır.
İnteqrasiya olunmuş sistem texniki, mühəndislik və insan resurslarını birləşdirərək təhlükəsiz və əlçatan bir mühit təmin edir, ibadət edənlərə rahatlıq və əmin-amanlıq içində namaz qılmağa imkan verir, eyni zamanda infrastruktur, texniki xidmət, təmizlik və rəhbərlik xidmətlərini təkmilləşdirmək üçün davamlı təkmilləşdirmələr aparılır.

Dini turizm infrastrukturu inkişaf edir

Onu da vurğulayım ki, son illərdə Səudiyyə Ərəbistanında dini turizm infrastrukturu və xidmətlərinin inkişafı əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediib. Bu artıma bir sıra əsas amillər təkan verir, o cümlədən: Viza prosedurlarının sadələşdirilməsi: Səudiyyə Ərəbistanı zəvvar vizası sistemini müasirləşdirərək, onlayn müraciət imkanını və həm Ramazan, həm də Həcc mövsümlərini əhatə edən yeni müvəqqəti viza proqramını tətbiq edib.
Bundan əlavə, hökumət ziyarətçilərin mənəvi səyahətlərini zənginləşdirmək üçün tarixi əhəmiyyətə malik 15 İslam məkanının bərpasına başlayıb. Səudiyyə Ərəbistanında dini turizm tarixi həmişə böyük insan toplaşmaları ilə müşayiət olunub; hər il milyonlarla zəvvarın müqəddəs şəhərləri ziyarət etməsi isə özünəməxsus ekoloji çətinliklər yaradır. Bu şəraitdə tullantıların idarə olunması, enerji istehlakı və ətraf mühitin qorunması xüsusi əhəmiyyət kəsb edən məsələlərə çevrilir. Səudiyyə Ərəbistanının sərt iqlimi vəziyyəti daha da mürəkkəbləşdirir: zəvvarların rahatlığını təmin etmək və eyni zamanda ekoloji davamlılığa nail olmaq üçün yüksək temperaturlar və məhdud su ehtiyatları diqqətlə idarə olunur.
Bu çətinliklərə cavab olaraq, Səudiyyə Ərəbistanı öz müqəddəs məkanları üçün əhatəli ətraf mühitin mühafizəsi strategiyası həyata keçirməyə başlayıb. Krallığın səyləri, xüsusilə tullantıların idarə olunması yanaşmasında aydın şəkildə özünü göstərir. Hazırda "MWAN"ın yoxlama qrupları Məkkə və Mədinədə fəaliyyət göstərən 49 obyekti ciddi şəkildə nəzarətdə saxlayır və bununla da dini turizm bazarında dayanıqlı təcrübələr üçün yeni standartlar müəyyən edir.

Hər il 6 milyon dollara başa gələn Kəbə örtüyü

Ümrə ibadətimizin səhəri Məkkədə ilk getdiyimiz yer Kral Əbdüləziz Kəbə Örtüyü Kompleksi oldu. Kompleksin nəzdindəki fabrik Məkkə şəhərinin kənarındakı Ümm Əl-Coud məhəlləsində yerləşir və ilk emalatxana 1927-ci ildə Kral Əbdüləziz tərəfindən Ajyad bölgəsində qurulub, mövcud fabrik binası isə 1977-ci ildə fəaliyyətə başlayıb. Burada Kəbə evinin örtüyü hazırlanır, müəssisədə 50-dən çox insan çalışır.
Örtüyün hazırlanma prosesini canlı izlədik. Bizə məlumat verdilər ki, örtüyün hazırlanması yüksək dəqiqlik tələb edən yeddi əsas mərhələdən (təbii ipəyin emalı, yuma, boyama, toxunma, naxış və tikmə, keyfiyyətə nəzarət, son quraşdırma) ibarətdir.
Kisvənin istehsalında təbii ipək, həmçinin yüzlərlə kiloqram qızıl və gümüş saplardan istifadə olunur. İlk mərhələdə təbii ipək emal olunur, xüsusi texnologiya ilə təmizlənir və daha sonra Kəbə örtüyünə xas olan qara rəngə boyanır. Ardınca ipək saplar yüksək dəqiqlikli toxuculuq dəzgahlarında işlənərək örtüyün əsas parçasına çevrilir.
Naxış və tikmə mərhələsi örtüyün incəlik və çox dəqiqlik tələb edən hissəsi hesab olunur. Bu mərhələdə “Qurani-Kərim” ayələri, kəlimeyi-şəhadət və müxtəlif dualar və İslam ornamentləri qızıl suyuna salınmış ümumi çəkisi 120 kiloqram olan gümüş saplarla işlənir. Eyni zamanda, 60 kiloqram xalis gümüş də detallı tikmə işlərində istifadə olunur ki, bu da örtüyə xüsusi estetik və bədii dəyər qazandırır.
Dizaynın tamamlanmasında isə təxminən 410 kiloqram pambıq materialından istifadə edilir. Bu materiallar ornamentlərin daha qabarıq və aydın görünməsini təmin edir.
İstehsal prosesi boyunca təxminən 825 kiloqram təbii ipək istifadə olunur ki, bu da örtüyün həm möhkəmliyini, həm də uzunömürlülüyünü təmin edir.
Mütəxəssislərin bildirdiyinə görə, “Kisvə” istehsalı yüksək sənətkarlıq, dəqiq hesablamalar və uzun illərin təcrübəsini tələb edən mürəkkəb bir prosesdir.
15 metr hündürlüyü olan Kəbənin üzərini örtməyə kifayət edəcək kisvanın tikilişi üçün parça İtaliyadan, qızıl və gümüş saplar isə Almaniyadan gətirilib. Örtüyün çəkisi 670 kiloqramdır. Örtüyün hazırlanması prosesi krallığa hər il 6 milyon dollara başa gəlir.
Hər il yenilənən Kəbə örtüyü həm ənənəvi İslam sənətinin davamlılığını, həm də müasir istehsal texnologiyalarının imkanlarını özündə birləşdirən unikal nümunə kimi təqdim olunur.
Onu da qeyd edim ki, keçmiş əsrlərdə Kəbənin örtüyü Misirdə (Qahirədə) hazırlanıb Məkkəyə gətirilirdi, lakin sonralar bu missiya Səudiyyə Ərəbistanındakı bu xüsusi mərkəzə həvalə olunub.
İslam dünyasının ən müqəddəs məkanlarından olan Kəbə evinin örtüyünün (Kisvə) dəyişdirilməsi hər il Həcc mərasimindən sonra baş tutur. Prosesdə Səudiyyə Ərəbistanının yüksəksəviyyəli rəsmiləri və qonaqlar iştirak edirlər. Yerli mütəxəssislər tərəfindən hazırlanan örtük məxsusi nəqliyyat vasitəsilə Kəbəyə gətirilir. Əvvəlki örtüyün satışa çıxarılması qadağandır, köhnə parçalar və örtü hissələri dövlət tərəfindən xüsusi şəxslərə və ya muzeylərə hədiyyə edilir.

Nur dağını uzaqdan seyr etdik

Fabrikdən birbaşa Nur dağı muzeyinə üz tutduq. Nur dağı və ya Cəbəl ən-Nur Məkkə şəhərindən təxminən 6 km şimalda, Məkkədən Minaya aparan yolun yaxınlığında yerləşir. "İşıq dağı" mənasını verən bu ad, dağın İslam peyğəmbəri Məhəmmədə ilk vəhyin endiyinə inanılan Hira mağarasına ev sahibliyi etməsindən qaynaqlanır.
Muzeyi Nur dağının ətəyində yerləşən kompleksidir. Təxminən 67 000 kvadratmetr sahəni əhatə edən bu kompleks, xüsusilə yaşlılıq və ya səhhət problemləri səbəbindən dağın zirvəsinə qalxa bilməyən zəvvarlara o mənəvi atmosferi hiss etdirmək və İslam tarixini elmi, vizual üsullarla çatdırmaq məqsədi daşıyır.
Bizə bildirdilər ki, dağa çıxmaq mümkün deyil, çətindir. Təxminən 640 metr hündürlüyü olan Nur dağına çıxmaq və ilk vəhyin gəldiyi Hira mağarasını ziyarət etmək mənəvi cəhətdən olduqca təsirli bir təcrübə olsa da, fiziki baxımdan çətindir.
Məkkənin isti iqlimini nəzərə alaraq, günorta saatlarında dağa çıxmaq təhlükəlidir.
Dağın ətəyindən zirvəyə qalxmaq fiziki hazırlıqdan asılı olaraq təxminən 45-60 dəqiqə arası vaxt aparır. Dağ çox dikdir. Yuxarıya doğru pilləkənlər düzəldilsə də, pillələr bərabər deyil və dik yoxuşlar insanı tez yorur.
Aramızda ürək-damar xəstəliyi, təzyiqi, diz və oynaq ağrıları olan yaşlı şəxslər olduğundan bu dağa çıxmaq tövsiyə edilmədi.
Buna görə də bizim üçün peyğəmbərlərə vəhyin gəlişi, xüsusilə də Həzrət Məhəmmədə (s.ə.s) ilk vəhyin nazil olması texnoloji ekranlar, maketlər və dioramalar vasitəsilə vizual olaraq canlandırırdı. Müqəddəs kitabımızın tarixinə, onun əsrlər boyu qorunub saxlanmasına və xəttatlıq sənətinə həsr olunmuş dəyərli eksponatları nümayiş etdirildi.
Kompleksin pəncərəsindən insanların Nur dağına qalxdığı aydın görünürdü. Çoxu da yarı yolda pilləkənlərdə oturub yorğunluğunu çıxarırdı, bəzisi isə hava şəraiti üzündə dağa qalxa bilmədiyindən geri qayıdırdı...

Həm ziyarət, həm ticarət

Səudiyyədə 10 günlük səfər çərçivəsində hər bir kəsdən bizə qarşı böyük sevgi və məhəbbət gördük. Hər iki şəhərdə üzügülər ərəblərlə rastlaşdıq, həm qaldığımız "Madina", "Marriott" otellərində, həm də şəhəri gəzdiyimiz zaman ünsiyyət qurduğumuz bütün yerli sakinlərdən ancaq xoş rəftar, isti münasibət gördük. Şəhərlər Bakı kimi yaşıllığa bürünməsə də, təmizliyinə söz ola bilməz, əhalinin və qonaqların təhlükəsizliyi tam təmin olunub. Sərbəst günlərimizdə şəhərlərə gəzintiyə çıxdıq, necə deyərlər, həm ziyarət, həm ticarət. Nabələd şəhərlərdə alış-veriş ünvanları tapmaqda polislər, yerli sakinlər bizə çox dəstək oldular. Hər kəs doğmalarına, dost-tanışına müqəddəs torpaqdan xatirə hədiyyələri aldı. Daha çox Mədinədə alış-veriş etdik. Ziyarət yerlərindən uzaqda ucuzluqdur. Satıcılarla ünsiyyət isə daha maraqlı idi. Bəzi mağazalarda az da olsa ingilis və ya türk dilində danışa bilən satıcılar yaxa kartımda Azərbaycan bayrağını gördükdə ölkəmizə sevgi dolu münasibət, dəstək və rəğbəti ifadə edən müasir jestlərdən istifadə edirdilər. Hətta qiymətdə də düşürdülər, bəzən bir əşya aldıqda, digərini hədiyyə də verirdilər. İşğalçı Ermənistan üzərində qələbə qazanan Azərbaycanı təbrik edən ərəb satıcıları da vardı...
Onu da deyim ki, Mədinədə hava temperaturu çox yüksək olduğu üçün zəvvarlara və yerli əhaliyə pulsuz soyuq su şüşələrinin paylanılırdı ki, bu, Səudiyyə Ərəbistanının zəvvarlara xidmət siyasətinin bir hissəsidir. Paylanan suların böyük hissəsi xüsusi olaraq qablaşdırılan Zəmzəm suyu və ya yüksək keyfiyyətli içməli sulardır.
Su paylanması həm rəsmi dövlət qurumları (Məscidül-Nəbəvi İşləri Baş Rəyasət Heyəti), həm də yerli xeyriyyə cəmiyyətləri və könüllülər tərəfindən həyata keçirilir.
Bu addım zəvvarların sağlamlığını qorumaq və günvurmanın qarşısını almaq məqsədi daşıyır. Burada hər bir zəvvar və ziyarətçiyə böyük hörmət və ehtiram göstərilir, elə bundan irəli gəlir ki, bura bir dəfə gələn yenidən gəlmək istəyir.

Ölkə hər il 24,7 milyondan çox Ümrə zəvvarı qəbul edir

Səudiyyə Ərəbistanında dini turizm ölkə iqtisadiyyatının və "Vision 2030" strategiyasının əsas dayağı kimi sürətlə inkişaf edir. Ölkə hər il 24,7 milyondan çox Ümrə zəvvarı qəbul edir və hədəf bu rəqəmi 2030-cu ilə qədər 30 milyon nəfərə çatdırmaqdır. Zəvvarların rahatlığı üçün 35 milyard dollar dəyərində Kral Əbdüləziz adına Hava Limanının yenidən qurulması, 16 milyard dollar dəyərində Məkkə metrosu layihəsi və vizaların asanlaşdırılması kimi addımlar atılır.
Ümumi turizm sektoru ölkəyə milyardlarla dollar gəlir gətirir, təkcə turizm dəyəri 171 milyard dolları ötüb və qeyri-neft ÜDM-in əhəmiyyətli hissəsini təşkil edir.
Məkkə və Mədinə başda olmaqla İslam tarixinə aid 15-dən çox qədim və mühüm məkan zəvvarlar üçün bərpa olunub və səyahət marşrutlarına daxil edilib...

***

...Ümrə ziyarəti hər bir müsəlman üçün həm ruhən təzələnmək, həm də İslam tarixinin ən müqəddəs məkanlarını yaxından hiss etmək üçün müstəsna və dərin mənaya malik olan mənəvi bir səfərdir.
Həyatımın ən böyük xəyalını gerçəyə çevirdiyinə görə, bir daha Səudiyyə Ərəbistanı Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud cənablarına, mənim üçün böyük əhəmiyyət kəsb edən bu ülvi arzunun həyata keçməsində göstərdiyi böyük mənəvi dəstəyə görə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri, cənab İssam bin Saleh əl-Cuteyliyə dərin minnətdarlığımı bildirirəm.
Allah bütün istəyənlərə və arzusunda olanlara müqəddəs Ümrə ziyarətini nəsib etsin.


Cavid
Bakı-Mədinə-Məkkə-Ciddə-Bakı
Fotolar müəllifə aiddir