
Bakı biznes-forumu, Orta Dəhlizin inkişafı və Avropa şirkətlərinin işğaldan azad edilmiş ərazilərə artan marağı iqtisadi tərəfdaşlığın yeni mərhələyə keçməsi üçün imkanlar yaradır
Müasir dünya iqtisadiyyatında ölkələr arasında ticarət və investisiya əlaqələri yalnız mal və xidmət mübadiləsi ilə məhdudlaşmır. Nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, rəqəmsal infrastruktur, texnologiya transferi və istehsal zəncirlərinin şaxələndirilməsi iqtisadi tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlər həm ölkəmizin xarici iqtisadi əlaqələrinin inkişafı, həm də Avropa ilə Asiya arasında iqtisadi bağlantıların möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Avropa İttifaqı–Azərbaycan biznes-forumu
Oktyabrın 21-də Bakıda keçirilən Avropa İttifaqı–Azərbaycan biznes-forumu bu əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün əhəmiyyətli platformadır. “Dəhlizlərin birləşdirilməsi: Əlaqəlilik və infrastruktur” mövzusuna həsr olunan forum Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın 30 illiyinə, eləcə də Aİ–Azərbaycan biznes-forumunun 10 illiyinə təsadüf edir. Tədbirdə iqtisadi əməkdaşlığın gücləndirilməsi, regional ticarət və investisiyaların təşviqi, nəqliyyat və infrastruktur əlaqələrinin genişləndirilməsi məsələləri diqqət mərkəzindədir.
Forumun mövzusu təsadüfi seçilməyib. Qlobal ticarət marşrutlarının dəyişdiyi, təchizat zəncirlərinin dayanıqlığının ön plana çıxdığı, enerji və logistika təhlükəsizliyinin iqtisadi siyasətin mühüm məsələlərinə çevrildiyi bir şəraitdə Azərbaycan Avropa ilə Asiya arasında əlaqələndirici mövqeyini gücləndirməyə çalışır. Avropa İttifaqı üçün isə Azərbaycan enerji təchizatının şaxələndirilməsi, nəqliyyat bağlantılarının inkişafı və yeni iqtisadi əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətli tərəfdaşdır.
Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi münasibətlər uzunmüddətli əməkdaşlıq təcrübəsinə əsaslanır. Tərəflər arasında münasibətlərin hüquqi bazasını 1999-cu ildən qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Bu çərçivə siyasi dialoqla yanaşı, ticarət, iqtisadi inkişaf və müxtəlif sahələrdə əməkdaşlıq üçün də əsas yaradıb. 2017-ci ildə daha geniş saziş üzrə danışıqlara başlanılıb, lakin Avropa Komissiyasının məlumatına görə, ticarət məsələləri üzrə danışıqlar 2022-ci ilin fevralından dayandırılmış vəziyyətdədir. Bu məqam iqtisadi əlaqələrin mövcud imkanlarla yanaşı, daha sistemli və proqnozlaşdırılan hüquqi çərçivəyə ehtiyac duyduğunu da göstərir.
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa Komissiyasının dərc etdiyi statistikaya əsasən, 2025-ci ildə Aİ-nin Azərbaycandan mal idxalı 13,9 milyard avro, Azərbaycana mal ixracı isə 2,8 milyard avro təşkil edib. Bu rəqəmlər Avropa bazarının Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini göstərir. Bununla belə, ticarətin strukturuna nəzər saldıqda qarşılıqlı mübadilənin hələ də müəyyən dərəcədə xammal və sənaye məhsulları üzrə ixtisaslaşma ilə səciyyələndiyi görünür.
Azərbaycanın Avropa İttifaqına ixracında enerji məhsulları mühüm yer tutur. Avropa ölkələrinin Azərbaycandan idxalında mineral yanacaqlar, sürtkü materialları və əlaqəli məhsullar üstünlük təşkil edir. Əvəzində Avropadan Azərbaycana maşın və nəqliyyat avadanlıqları, kimya sənayesi məhsulları və müxtəlif emal olunmuş sənaye malları gətirilir. Bu struktur bir tərəfdən Azərbaycanın enerji təchizatçısı kimi rolunu, digər tərəfdən isə Avropa texnologiyalarının, avadanlıqlarının və sənaye məhsullarının ölkəmizin iqtisadi inkişafında əhəmiyyətini nümayiş etdirir.
Lakin uzunmüddətli perspektivdə iqtisadi tərəfdaşlığın yalnız enerji ixracına əsaslanması kifayət deyil. Azərbaycanın əsas məqsədlərindən biri qeyri-neft sektorunun inkişafını sürətləndirmək, ixrac məhsullarının çeşidini genişləndirmək və daha yüksək əlavə dəyər yaradan sahələrdə beynəlxalq əməkdaşlığı gücləndirmək olmalıdır.
İxracın şaxələndirilməsi və yeni bazar imkanları
Azərbaycanın Avropa bazarında mövqeyinin möhkəmləndirilməsi üçün qeyri-neft məhsullarının ixracının artırılması xüsusi əhəmiyyət daşıyır. Kənd təsərrüfatı və ərzaq sənayesi, kimya və neft-kimya məhsulları, metallurgiya, tikinti materialları, tekstil, informasiya texnologiyaları və peşəkar xidmətlər bu baxımdan perspektivli istiqamətlər hesab oluna bilər.
Burada əsas məsələ yalnız istehsal həcmini artırmaq deyil, məhsulları Avropa bazarının tələblərinə uyğunlaşdırmaqdır. Avropa İttifaqı bazarında keyfiyyət, təhlükəsizlik, texniki standartlar, izlənəbilənlik və ekoloji tələblər mühüm rol oynayır. İxracatçı müəssisələr bu tələblərə uyğunlaşmadıqda, məhsulun rəqabətqabiliyyətli qiymətə malik olması belə bazara çıxış üçün kifayət etmir.
Məsələn, Azərbaycan kənd təsərrüfatı məhsullarının Avropaya ixracını artırmaq istəyirsə, istehsal və emal müəssisələrinin beynəlxalq standartlara uyğunlaşdırılması, laboratoriya və sertifikatlaşdırma imkanlarının genişləndirilməsi, soyuq zəncir infrastrukturunun yaradılması və məhsulun mənşəyini təsdiqləyən rəqəmsal sistemlərin tətbiqi vacibdir. Eyni zamanda, fermerlərlə emalçılar və ixracatçılar arasında uzunmüddətli müqavilə münasibətləri qurulmalıdır.
Bu prosesdə Avropa şirkətləri ilə birgə müəssisələrin yaradılması, texnologiyaların transferi və yerli istehsalçıların beynəlxalq dəyər zəncirlərinə qoşulması mühüm rol oynaya bilər. Belə əməkdaşlıq yerli müəssisələrə yalnız kapital deyil, həm də idarəetmə təcrübəsi, keyfiyyətə nəzarət mexanizmləri, marketinq bilikləri və xarici bazarlara çıxış imkanları qazandıra bilər.
Orta Dəhliz: İnvestisiyalar üçün yeni istiqamətlər
Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni mərhələsində nəqliyyat və logistika xüsusi yer tutur. Azərbaycan coğrafi mövqeyindən, Xəzər dənizindəki liman infrastrukturundan, dəmir yollarından və avtomobil yollarından istifadə etməklə Avropa ilə Asiya arasında yükdaşımaların mühüm halqasına çevrilmək imkanına malikdir.
Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, başqa sözlə, Orta Dəhliz strateji əhəmiyyət daşıyır. Marşrut Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan və Cənubi Qafqaz vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxış imkanı yaradır. Marşrutun inkişafı beynəlxalq ticarətin alternativ istiqamətlər üzrə təşkilinə, yükdaşımaların coğrafiyasının genişləndirilməsinə və region ölkələrinin
Avropa İttifaqı–Azərbaycan iqtisadi əməkdaşlığının perspektivləri baxımından işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması da mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri, yaşayış məntəqələrinin bərpası, sənaye və kənd təsərrüfatı sahələrinin inkişafı, enerji və nəqliyyat infrastrukturunun yaradılması xarici investorlar üçün yeni imkanlar formalaşdırır.
“EU Business Climate Report Azerbaijan 2025/26” hesabatının nəticələri Avropa şirkətlərinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağının artdığını göstərir. Hesabata əsasən, Qarabağ və Şərqi Zəngəzurda artıq fəaliyyət göstərdiklərini bildirən şirkətlərin payı 2024-cü ildəki 8 faizdən 2025-ci ildə 19,4 faizə yüksəlib. Bununla yanaşı, bazara daxil olmağa hazırlaşan və ya uyğun investisiya imkanları gözləyən şirkətlərin marağı da qorunub.
Bu göstərici Avropa biznesinin marağının müəyyən hissəsinin real fəaliyyətə çevrilməsinə işarə edir. Bununla belə, sorğuların əhatə dairəsini nəzərə almaq vacibdir: 2025-ci il sorğusunda Naxçıvan da qiymətləndirməyə daxil edilib, 2024-cü ildə isə sual Qarabağ və Şərqi Zəngəzurla məhdudlaşıb. Buna görə iki ilin göstəricilərini tam eyni şərtlərlə müqayisə etmək olmaz.
Hesabatda həmçinin qeyd olunur ki, bərpa və yenidənqurma işləri Avropa şirkətlərinin əksəriyyətinə birbaşa təsir göstərməsə də, iqtisadiyyata dolayı müsbət təsir edib və logistika xidmətlərinə tələbi artırıb. Avropa şirkətlərinin bir qismi tikinti materiallarının, avadanlıqların və digər məhsulların təchizatı, habelə Avropadan yüklərin daşınması vasitəsilə prosesdə iştirak edir. Birbaşa layihələrdə iştirak edən şirkətlərin bəziləri isə Türkiyəli tərəfdaşların subpodratçıları kimi fəaliyyət göstərirlər.
Avropa şirkətlərinin regionlara marağının real investisiyalara çevrilməsi üçün layihələr barədə məlumatların əlçatanlığı, hüquqi və inzibati prosedurların aydınlığı, infrastruktur təminatı, maliyyələşmə imkanları və yerli tərəfdaşlarla əməkdaşlıq mexanizmləri mühüm əhəmiyyət daşıyır. Xüsusilə kənd təsərrüfatı emalı, logistika, bərpa olunan enerji, tikinti materialları istehsalı, turizm, peşə hazırlığı və rəqəmsal xidmətlər potensial əməkdaşlıq sahələri kimi qiymətləndirilə bilər.
Mahir Həmzəoğlu