
Prezident İlham Əliyevin oktyabrın 19-da imzaladığı Fərmana əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Fərmana görə, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, eləcə də əmlakı Nazirliyin tabeliyində fəaliyyət göstərəcək TƏBİB-ə keçir.
Qərar səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi və daha vahid, mərkəzləşdirilmiş idarəetmə modelinə keçid baxımından mühüm dəyişiklik kimi qiymətləndirilir.
Bəs bu dəyişiklik tibbi xidmətlərin keyfiyyətinə necə təsir edəcək?
Millət vəkilləri mövzu ilə bağlı fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
“TƏBİB keçid mərhələsində mühüm funksiyanı yerinə yetirdi”
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov hesab edir ki, Azərbaycan səhiyyəsində həyata keçirilən struktur dəyişiklikləri dövlətin uzunmüddətli səhiyyə siyasətinin məntiqi davamı və islahatların yeni mərhələsidir: “Vaxtilə TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçidin obyektiv zərurətindən irəli gəlirdi. Çünki sovet dövründən miras qalmış səhiyyə idarəçiliyi yeni maliyyələşmə mexanizmlərinə, çevik menecmentə və icbari tibbi sığortanın gündəlik tələblərinə tam uyğun deyildi. Bu səbəbdən dövlət tibb müəssisələrinin ayrıca, daha operativ struktur vasitəsilə idarə olunması həmin dövr üçün zəruri və məqsədəuyğun addım idi. TƏBİB də məhz bu keçid mərhələsində mühüm funksiyanı yerinə yetirdi. İndi isə söhbət həmin prosesin daha geniş və strateji müstəvidə davam etdirilməsindən gedir. Mən bu dəyişiklikləri geriyə dönüş kimi deyil, keçid dövrünün başa çatması və səhiyyənin vahid, sistemli idarəetmə mərhələsinə keçidi kimi qiymətləndirirəm. Çünki müasir səhiyyə siyasəti yalnız dövlət xəstəxanalarını deyil, müxtəlif dövlət qurumlarının tabeliyindəki tibb strukturlarını, eləcə də özəl tibb müəssisələrini əhatə etməlidir. Bu qurumların hamısı vahid səhiyyə siyasəti, ümumi keyfiyyət standartları, hüquqi təminatlar və koordinasiya mexanizmləri çərçivəsində fəaliyyət göstərməlidir”.
İslahatların məntiqi davamı
Deputat Səhiyyə Nazirliyinin strateji rolunun gücləndirilməsini də məhz bu baxımdan mühüm hesab edir: “Məqsəd bütün müəssisələri inzibati baxımdan bir mərkəzə tabe etdirmək deyil, mülkiyyət və tabelik formasından asılı olmayaraq, səhiyyə xidmətlərinin vahid dövlət siyasəti əsasında tənzimlənməsini, onların hüquqlarının qorunmasını və sistemli fəaliyyətini təmin etməkdir. Əslində, bu, başlanmış islahatların təbii və məntiqi davamıdır: əvvəlcə köhnə sistem yeni tibbi sığorta modelinə uyğunlaşdırıldı, indi isə formalaşmış mexanizmlərin vahid strateji idarəetmə çərçivəsində əlaqələndirilməsi mərhələsinə keçilir”.
Səhiyyə sisteminin formalaşdırılması
“Əsas məsələ qurumların adı və tabeliyi deyil, bütövlükdə səhiyyə sisteminin daha səmərəli işləməsi, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəlməsidir. İslahatların uğuru da məhz vətəndaşın gündəlik həyatında hiss etdiyi müsbət nəticələrlə ölçülməlidir. Mən bu prosesi dövlətin səhiyyə siyasətində ardıcıllığın, mərhələli inkişafın və daha müasir, dayanıqlı səhiyyə sisteminin formalaşdırılması istiqamətində atılan addımların davamı kimi görürəm” - deyə o qeyd edib.
Növbəti institusional mərhələyə keçid
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, həkim-pediatr Müşfiq Məmmədli bildirib ki, son illərdə Azərbaycanda səhiyyə sisteminin modernləşdirilməsi, icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və tibbi xidmətlərin əhali üçün əlçatanlığının artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib: “İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi səhiyyə xidmətlərinin maliyyələşdirilməsində yeni mexanizmlər formalaşdırıb. TƏBİB-in yaradılması isə dövlət tibb müəssisələrinin vahid idarəetmə prinsipləri əsasında fəaliyyət göstərməsinə imkan verən institusional modelin əsasını qoyub. 2018-ci ildə yaradılan TƏBİB-in əsas vəzifəsi tabeliyində olan dövlət tibb müəssisələrinin fəaliyyətinin təşkili, idarə edilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi olub. Lakin səhiyyə sistemi inkişaf etdikcə onun idarə olunması qarşısında yeni tələblər meydana çıxır. Tibbi xidmətlərin maliyyələşdirilməsi, kadr siyasəti, regional səhiyyə infrastrukturu, xəstəxanaların idarə olunması və tibbi xidmətlərin keyfiyyətinə nəzarət arasında daha sıx əlaqələndirmə zərurəti yaranır. Bu baxımdan, yeni Fərman səhiyyə idarəçiliyində növbəti institusional mərhələyə keçid kimi təhlil oluna bilər”.
“Bu qərar yeni imkanlar yaradır”
M.Məmmədli qeyd edib ki, Prezident İlham Əliyevin TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı imzaladığı Fərman Azərbaycan səhiyyəsində yeni institusional mərhələnin başlanğıcıdır: “Bu qərar səhiyyə siyasətinin formalaşdırılması ilə tibbi xidmətlərin təşkili arasında əlaqələrin gücləndirilməsi, idarəetmə məsuliyyətinin dəqiqləşdirilməsi və mövcud resurslardan daha səmərəli istifadə üçün yeni imkanlar yaradır. Səhiyyə həm sosial siyasətin, həm də milli inkişafın strateji istiqamətlərindən biridir. Sağlam insan kapitalı güclü iqtisadiyyatın, sosial rifahın və davamlı inkişafın mühüm şərtidir. Bu baxımdan səhiyyə sistemində həyata keçirilən dəyişikliklərin mərkəzində insan amili dayanır. Yeni idarəetmə mərhələsinin strateji məqsədi də məhz bu nəticəyə nail olmaqdır, ölkə rəhbərinin Azərbaycan vətəndaşına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir”.
Tibb xidmətinin keyfiyyətinin artırılmasında böyük imkanlar
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı söyləyib ki, Azərbaycan Respablukasının Prezidenti möhtərəm cənab İlham Əliyev ölkəmizdə səhiyyə sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə ilə xüsusi Fərman imzalayıb: “Hesab edirəm ki, bu sənəd Fərmanda da ətraflı göstərildiyi kimi, Azərbaycan əhalisinə göstərilən tibb xidmətinin keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin maddi-texniki bazasının zənginləşdirilməsi, səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi və tibb xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması sahəsində böyük imkanlar yaradır”.
“Vahid mərkəzləşdirilmiş rəhbərliyin idarəetməsinin tam vaxtı idi”
Deputat diqqətə çatdırıb ki, TƏBİB səhiyyə sahəsində islahatların ilk illərində, xüsusən də icbarı tibbi sığortaya keçidin daha çevik olması üçün yaradılmışdı: “Hesab edirəm ki, TƏBİB öz işini bitirdi. İndi isə vahid mərkəzləşdirilmiş rəhbərliyin idarəetməsinin tam vaxtı idi və bu da Dövlət Başçımız tərəfindən həll edildi. Bir daha qeyd edirəm ki, TƏBİB icbari tibbi sığortaya keçid dövrünün daha çevik idarə edilməsində koordinasiyaedici mexanizm idi. Artıq 7-8 ildir ki, ölkədə icbari tibbi sığorta tətbiq edilir və keçid mərhələ yekunlaşıb. Əminik ki, imzalanmış bu Fərmanda əks olunmuş bütün məsələlər uğurla həyata keçiriləcək. Fürsətdən istifadə edib, yeni təyin olunmuş səhiyyə nazirini təbrik edir, ona şərəfli və məsuliyyətli vəzifəsində uğurlar arzulayıram”.
Röya İsrafilova