ABŞ-İsrail münasibətləri: ABŞ İsrailə hərbi yardımı dayandırır? Gündəm

ABŞ-İsrail münasibətləri: ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ və İsrail müttəfiq ölkələrdir. Bu iki ölkənin münasibətləri uzun illərdir strateji tərəfdaşlıq, hərbi əməkdaşlıq və Vaşinqtonun İsrailə maliyyə dəstəyi üzərində qurulub. Lakin ötən gün ABŞ Dövlət katibi Marko Rubionun açıqlaması bu münasibətlərdə yeni müzakirələrə yol açıb. M.Rubionun Trampın administrasiyasının İsrailə Amerika silahlarının alınması üçün hər il ayrılan 4 milyard dollarlıq maliyyə yardımını mümkün qədər tez dayandırmaq niyyətində olduğunu deməsi ABŞ-İsrail münasibətlərində fikir ayrılıqlarına gətirib çıxara bilər.
O həmçinin qeyd edib ki, Tramp İsrailin artıq kifayət qədər zəngin və iqtisadi cəhətdən güclü ölkə olduğunu, buna görə də Amerika silahlarını öz vəsaiti hesabına ala biləcəyini düşünür.
Bəs bu addım ABŞ-İsrail münasibətlərində hansı dəyişikliklərə gətirib çıxara bilər?

“ABŞ və İsrail arasında fikir müxtəlifliyi var”

Politoloq Oqtay Qasımov söyləyib ki, ABŞ və İsrail strateji müttəfiqlərdir və İsrail yarandığı gündən bu günə qədər ABŞ-nin Yaxın Şərqdə birinci müttəfiqidir: “İsrailin təhlükəsizliyini amerikalılar öz təhlükəsizlikləri qədər dəyərləndirirlər. Bu baxımdan ABŞ-İsrail münasibətləri tamamilə fərqli bir səviyyədə olan münasibətlərdir. İsrail yarandığı gündən bu vaxta qədər 80 ildən artıq bir müddətdə hər zaman ABŞ-nin çox ciddi dəstəyini, o cümlədən maliyyə və hərbi dəstəyini alıb. Bu dəstək bu günlərə qədər davam etməkdədir. Amma son illər ABŞ və İsrail arasında Yaxın və Orta Şərqlə bağlı bir sıra məsələlərdə fikir müxtəlifliyi var. Bu fikir müxtəlifliyi son bir ildə daha aydın şəkildə görülməkdədir. Belə ki, Netanyahunun Yaxın Şərqdəki aqressiv siyasəti ABŞ siyasi elitası tərəfindən narahatlıq və narazılıqla qarşılanmaqdadır və ABŞ siyasi elitası hesab edir ki, Amerikanın, Donald Trampın İran savaşına qoşulması məhz Netanyahunun, İsrailin təhriki ilə olub. Bu da Amerikanın milli maraqlarına cavab verməyən bir hadisə olub”.

“İsrailə yardımların dayandırılmasını istəyənlər artır”

O.Qasımovun sözlərinə görə, nəzərə alsaq ki, respublikaçıların məğlubiyyətinin əsas səbəblərindən biri məhz elə İranla başlanan savaş oldu ki, nəticədə ABŞ-də iqtisadi vəziyyətə mənfi təsir etdi: “İnflyasiyada müəyyən artım oldu və xüsusilə də yanacaq məhsullarının qiymətinin qalxması respublikaçıların nüfuzuna ciddi zərər vurdu. Hazırda Respublikaçılar partiyasında da İsraillə münasibətlərin artıq müəyyən çərçivəyə salınmasını istəyən qüvvələr çoxalır və İsrailə yardımların, xüsusilə də hərbi yardımların dayandırılmasını istəyənlərin sayı artmaqdadır. Bunu hiss edən Netanyahu da hələ bir neçə ay öncə bəyan etmişdi ki, artıq onların ABŞ-dən hərbi yardım almasına ehtiyac yoxdur, İsrail kifayət qədər özünü təmin edən ölkədir və bunun üçün imkanları da var. Məhz bu baxımdan düşünürəm ki, zamanla ABŞ İsrailə əvəzsiz hərbi yardımları minimum həddə endirəcək, onun tamamilə dayandırılması, əlbəttə ki, uzun zaman aparacaq”.
“Amma bu, ABŞ və İsrail arasında münasibətlərə çox ciddi təsir etməyəcək deyə düşünürəm. Çünki bu münasibətlər tamamilə fərqli bir müstəvidədir və nəzərə alsaq ki, ABŞ-də olduqca güclü bir yəhudi lobbisi var. Onlar Konqresdə, Senatda və administrasiyada ciddi şəkildə təmsil olunublar, o cümlədən mediada, qeyri-hökumət təşkilatlarında, araşdırma mərkəzlərində, beyin mərkəzlərində onlar həddən artıq çoxdular və bu da Amerikanın siyasətinə müəyyən təsirini göstərə bilir. Düşünürəm ki, hərbi yardımların dayandırılması bir daha qeyd edirəm xeyli zaman aparacaq, o, birdən-birə kəsilməyəcək. Amerika və İsrail münasibətlərinin transformasiya olunması da uzun onilliklərə yayılacaq bir münasibətlər olacaq. Yəni bu münasibətlər qəfildən aşağı səviyyəyə endirilməyəcək. Bu münasibətlərin gedişatı həm də dünyada baş verən proseslərdən asılı olacaq. Yəni İsrail ABŞ-yə nə qədər vacib olacaqsa, ABŞ onu o qədər dəyərləndirəcək və onun maraqlarına zidd olan istiqamətlərdə isə İsraili cilovlamağı da bacaracaq” – deyə o əlavə edib.

Yəhudi lobbisinə mesaj

Politoloq Elçin Xalidbəyli qeyd edib ki, Prezident Donald Tramp və onun administrasiyası atdığı bütün addımlarda, ABŞ-nin maraqlarından deyil, özünün siyasi mənfəətindən çıxış edir: “Burada da İsraili ən ciddi şəkildə dəstəkləyən Tramp administrasiyası idi. Ancaq aralıq seçkilərində respublikaçıların məğlubiyyətindən sonra Tramp administrasiyası bir qədər qəzəblidir və bunun nəticəsi olaraq da yəhudi lobbisinin respublikaçıları yetərincə dəstəkləmədiyini düşünürlər. Ona görə də bunun qarşılığında İsrailə yönəlik 4 milyardlıq maliyyə dəstəyini kəsmək niyyətinə düşüblər. Bu da İsrailə və yəhudi lobbisinə yönəlik bir mesaj xarakteri daşıyır”.

Tramp administrasiyası və ABŞ-nin maraqları

E.Xalidbəyli diqqətə çatdırıb ki, bütün bunlar onu göstərir ki, Tramp administrasiyası ABŞ-nin maraqlarından çıxış etmir və birmənalı şəkildə öz siyasi maraqlarından çıxış edilir: “Ukrayna savaşında da eynilə öz maraqlarından, yəni respublikaçıların, Tramp administrasiyasının maraqlarından çıxış edirlər. Avropa siyasətində də eyni meyillər müşahidə olunur. Bütün bunlar da onu göstərir ki, Tramp administrasiyası hazırda həm Amerika Birləşmiş Ştatlarına, həm də bütövlükdə bütün dünyaya ciddi problem yaradan bir administrasiyadır. Amerikalılar da Tramp administrasiyasına tam dəqiq qiymətini verərək onların rəqiblərinə səs verməklə cəzalandırmış oldu”.

“Fikir ayrılığı dərinləşməkdədir”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov deyib ki, ABŞ ilə İsrail arasında Yaxın Şərq mövzusunda fikir ayrılığı getdikcə dərinləşməkdədir: “Xüsusilə də aralıq seçkilərində ABŞ-də Respublikaçılar partiyasının, yəni hakim partiyanın məğlubiyyəti, demokratların qalib gəlməsi, o cümlədən də İsraildə Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiyanın Parlamentdə istədiyi yerləri tuta bilməməsi bu fikir ayrılığını daha da dərinləşdirib. Eyni zamanda bu, artıq ABŞ ilə İsrail arasında həm də bir sıra məsələlərdə fərqli mövqe tutmağa gətirib çıxarıb. Düşünürəm ki, Donald Trampın hakimiyyətinin həm zəifləməsi, həm Yaxın Şərq mövzusunda tutduğu strategiyanın uğursuzluğa düçar olması, həm də aralıq seçkilərində məğlubiyyət əsas səbəblərdəndir”.

“Tramp fərqli mövqe tutmağa çalışır”

“Donald Tramp əvvəlki kimi İrana münasibətdə müharibəni Konqresin razılığı olmadan başlamaq, Konqresin razılığı olmadan istədiyi addımları atmaq, qanunvericilik və yaxud digər istiqamətlərdə siyasi prosesləri reallaşdırmaq imkanına sahib deyil. Xüsusilə nəzərə alsaq ki, yanvar ayından artıq yeni Konqres tərkibi fəaliyyətə başladıqdan sonra Trampın ciddi çətinlikləri olacağı göz önündədir. Ona görə mən düşünürəm ki, bundan sonra Donald Tramp atacağı hər addımla bağlı Nümayəndələr Palatasında araşdırmaların aparıla biləcəyi və vəzifəli şəxslərin, xüsusilə də administrasiya üzvlərinin istintaqa, araşdırmaya cəlb edilməsi prosesi reallaşa bilər. Bu baxımdan Tramp fərqli mövqe tutmağa çalışır. Həm də xüsusilə də nəzərə alaq ki, Mark Rubio kimi İsrailə dəstəyi həmişə gücləndirməkdə maraqlı olan şəxsin özü belə artıq fərqli mövqe sərgiləyir. Bütün bunlar ABŞ-nin və ona rəhbərlik edən Tramp administrasiyasının yürütdüyü xarici siyasətdə ard-arda olan uğursuzluqlarla bağlıdır. Təbii ki, bu uğursuzluqlar davam edəcəyi təqdirdə biz bu fikir ayrılıqlarının və belə ciddi qarşıdurmaların şahidi ola bilərik” – deyə X.Bəşirov əlavə edib.

Röya İsrafilova