12:13
175
“Ukrayna tez bir zamanda NATO-ya üzv qəbul edilsəydi, Rusiya özündə o cəsarəti tapıb Ukraynaya hücum edə bilməzdi. Ukrayna tərəfi məhz Krımın işğalından sonra NATO üzvü olmaq barəsində açıq çağırışlar edirdi. Çox təəssüflər olsun ki, Avropa ölkələri zamanında bunu dəyərləndirə bilmədilər və mənasız arqumentlər gətirərək Ukraynanı həmin hərbi təşkilatdan kənarda saxladılar. Ukraynaya hazırda çox böyük hərbi təminat, yəni müdafiə təminatı lazımdır və Ukraynaya veriləcək ən güclü müdafiə təminatı da məhz onun NATO üzvlüyüdür”.
Bu sözləri xalqcebhesi.az-a siyasi ekspert Zeynal Əmrəliyev deyib.
Z.Əmrəliyev söyləyib ki, müharibəni dayandırmağın yeganə yolu Ukraynanın NATO-ya üzvlüyü və dərhal Ukrayna ərazisində NATO-nun hərbi qüvvələrinin yerləşdirilməsidir: “Nə qədər ki, Qərb çəkingən şəkildə, Rusiya qarşısında belə aciz vəziyyətdə davranacaq Moskva daha da aqressivləşəcək. Bu gün Ukraynada baş verənlər həqiqətən Qərbin gecikmiş qərarlarının təsiri, Rusiya qarşısında geri çəkilməsinin, həmin o dişsiz siyasətinin nəticəsidir”.
“Real addımlar atmaq lazımdır. Düşünürəm ki, nə qədər ki, Ukrayna NATO-ya üzvü olmayıb, bu müharibə dayandırılmayacaq. Rusiya Ukraynanı işğal edib bitirməsə, müharibəni dayandırmayacaq. Ona görə də Ukrayna tez bir zamanda NATO-ya üzv olmalıdır” – deyə siyasi ekspert vurğulayıb.
Röya İsrafilova