Azər Əmiraslanov: “Azərbaycanın büdcəsi sadəcə böyük deyil, strateji büdcə olmalıdır” Gündəm

Azər Əmiraslanov: “Azərbaycanın büdcəsi sadəcə böyük deyil, strateji büdcə olmalıdır”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

Deputat çıxışında 2027-ci ilin dövlət büdcəsinin əsas parametrləri, ölkənin iqtisadi inkişaf perspektivləri, fiskal dayanıqlıq, sosial siyasət, milli təhlükəsizlik və büdcə vəsaitlərinin səmərəli idarə olunması məsələlərinə toxunub.

Azər Əmiraslanov bildirib ki, 2027-ci ilin dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır. Onun sözlərinə görə, büdcə kəsirinin yuxarı həddi ÜDM-in 2,2 faizi səviyyəsində nəzərdə tutulur.

Komitə sədri vurğulayıb ki, büdcə öz-özlüyündə məqsəd deyil, ümumi dövlət siyasətinin həyata keçirilməsi üçün mühüm vasitədir. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, iqtisadi potensialı və regional proseslərə təsir imkanları ölkənin maliyyə siyasəti qarşısında yeni tələblər müəyyənləşdirir.

Deputatın fikrincə, “orta güc” statusuna malik dövlətin büdcəsi sadəcə böyük deyil, strateji olmalıdır. Belə büdcə siyasi və iqtisadi müstəqilliyi qorumağa, xarici şoklara qarşı maliyyə ehtiyatları yaratmağa, milli təhlükəsizliyi təmin etməyə və gələcək iqtisadi potensialın formalaşdırılmasına xidmət etməlidir.

Azər Əmiraslanov yeni iqtisadiyyat quruculuğunun əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, bu proses neft gəlirlərinin yaratdığı imkanlardan imtina etmək deyil, həmin imkanları yeni gəlir, ixrac, texnologiya və vergi bazasına çevirmək, dövlət üçün dayanıqlı iqtisadi sütunlar yaratmaq deməkdir.

Çıxışda fiskal dayanıqlığın qorunması, dövlət borcunun idarə olunması, qeyri-neft sektorunun inkişafı, xidmət ixracının artırılması, investisiya mühitinin yaxşılaşdırılması və büdcə xərclərinin nəticəyönümlü idarə olunması məsələləri də xüsusi vurğulanıb.

Deputat, həmçinin sosial yönümlü xərclərin, müdafiə və təhlükəsizlik xərclərinin, iqtisadi fəaliyyət və kənd təsərrüfatına ayrılan vəsaitlərin əhəmiyyətindən danışıb.

Azər Əmiraslanov hesab edir ki, büdcə xərclərinin optimallaşdırılması zamanı onların iqtisadi artıma, məşğulluğa və özəl sektora təsiri də nəzərə alınmalıdır. O, aqrar sahənin maliyyələşdirilməsinin nəticəəsaslı büdcə prinsipi ilə daha sıx uzlaşdırılmasını vacib sayıb.

Komitə sədri sonda bildirib ki, 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi büdcə qanunvericiliyinin tələblərinə və ölkənin strateji inkişaf hədəflərinə cavab verir. O, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi adından qanun layihəsinin birinci oxunuşda müzakirəsini məqsədəuyğun hesab etdiklərini bildirərək deputat həmkarlarını layihəni dəstəkləməyə çağırıb.

Günel Elxan