“Azərbaycanın strateji əhəmiyyəti artır” Gündəm

“Azərbaycanın strateji əhəmiyyəti artır”

“Avropada təhlükəsizlik arxitekturasının dəyişdiyi, enerji təminatı və nəqliyyat marşrutlarının geosiyasi rəqabət predmetinə çevrildiyi bir şəraitdə Azərbaycanın strateji əhəmiyyəti artır. 2026-cı il noyabrın 12-də Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Sammiti və 2028-ci ildə növbəti Zirvə Görüşünün Bakıda keçirilməsi barədə qərar ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinin mühüm göstəricisidir. Bu Azərbaycanın Avropa üçün yalnız enerji və tranzit tərəfdaşı deyil, eləcə də regional təhlükəsizlik və siyasi dialoq baxımından əhəmiyyətli dövlət kimi qəbul edildiyini təsdiqləyən önəmli məqamdır. 2022-ci ildə yaradılan “Avropa Siyasi Birliyi” Avropa İttifaqına üzv və üzv olmayan ölkələri vahid siyasi müzakirə platformasında birləşdirir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

O söyləyib ki, Azərbaycan üçün bu format Avropa gündəliyindəki məsələlərə dair mövqeyini liderlər səviyyəsində təqdim etmək, siyasi əlaqələri genişləndirmək və regional maraqlarını beynəlxalq müstəvidə ifadə etmək imkanı yaradır: “Digər tərəfdən isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi reallıqlar Avropanın enerji və nəqliyyat sahəsində alternativ tərəfdaşlara və marşrutlara ehtiyacını artırıb. Bu baxımdan yanaşdıqda Xəzər hövzəsini Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqı ilə 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq memorandumu və Cənub Qaz Dəhlizi ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsini gücləndirib. Xəzərin külək enerjisi potensialı və bərpaolunan enerji layihələri isə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Eyni geostrateji üstünlük nəqliyyat sahəsində də özünü göstərir”.

“Orta Dəhliz üzrə yükdaşımaların artması Azərbaycanın tranzit rolunu gücləndirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmiryolu infrastrukturu və Türkiyə ilə nəqliyyat bağlantıları bu marşrutun əsas dayaqlarıdır. Dublin Sammitində Azərbaycanın bəzi sənədlərə qoşulmaması isə milli maraqlar və xarici siyasət müstəqilliyi çərçivəsində qiymətləndirilməlidir. Beynəlxalq platformalarda iştirak bütün təşəbbüslərə qeyd-şərtsiz dəstək demək deyil. Azərbaycan hər bir qərarını milli maraqlarını, beynəlxalq öhdəliklərini və mümkün siyasi-hüquqi nəticələri nəzərə alaraq verir. 2028-ci ildə Sammitin Bakıda keçirilməsi isə ölkəmizin Avropa ilə siyasi dialoqunda yeni imkanlar açacaq” deyə politoloq əlavə edib.

A.Qurbanova eləcə də deyib ki, enerji təhlükəsizliyi, Orta Dəhliz, regional sülh və iqtisadi əməkdaşlıq kimi məsələlərin liderlər səviyyəsində müzakirəsi Azərbaycanın beynəlxalq təşəbbüslərini irəli sürməsi üçün əlverişli şərait yaradacaq: “Bununla yanaşı, AQEM-ə sədrliyimiz, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin dərinləşməsi və 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Bakıda keçirilməsi ölkəmizin müxtəlif geosiyasi məkanlarda artan rolunu nümayiş etdirir. Beləliklə, Dublindən Bakıya uzanan siyasi xətt Azərbaycanın artan geosiyasi çəkisinin və müstəqil xarici siyasətinin yaratdığı imkanların ifadəsidir. Avropa üçün Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik baxımından mühüm tərəfdaş, ölkəmiz üçün isə Avropa investisiya, texnologiya və yeni bazarlara çıxış baxımından əhəmiyyətli istiqamətdir. 2028-ci il Bakı Sammitinin əsas strateji vəzifəsi də məhz bu qarşılıqlı maraqları konkret siyasi və iqtisadi nəticələrə çevirmək olacaq”.

Röya İsrafilova