
“Prezident cənab İlham Əliyevin İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə Toplantısında iştirak etmək məqsədilə Dublinə səfəri və baş tutan ikitərəfli görüşlər ölkəmizin beynəlxalq miqyasda nüfuzunun davamlı olaraq artdığını bir daha nümayiş etdirdi. 50-yə yaxın dövlət və hökumət başçısının qatıldığı və əsas mövzusu “Avropa - güclü, təhlükəsiz və əlaqəli” olan toplantının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyat, innovasiya, nəqliyyat bağlantıları, əlçatan enerji, təhlükəsizlik və müdafiə dayanırdı. Qeyd olunan istiqamətlərin müzakirə mövzuları olaraq müəyyənləşdirilməsi müasir çağırışlar fonunda diqqət çəkir. Eyni zamanda, bu mövzuların Azərbaycanın prioritetləri (enerji daşıyıcılarının, o cümlədən təbii qaz, bərpa olunan enerjinin istehsalı və nəqli, Orta Dəhliz və regional sülh və s.) ilə də müəyyən mənada uzlaşdığını deyə bilərik”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.
Deputat söyləyib ki, Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev açılış plenar sessiyasında və “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirak etdi: “Dövlət başçımız dəyirmi masada çıxışında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə ölkəmizin mühüm töhfə verməsinə, bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumuna diqqət çəkərək o vaxtdan bəri ölkəmizin Avropa İttifaqına qaz təchizatını səkkiz milyard kubmetrdən on üç milyard kubmetrə qədər artırdığını, bunun Azərbaycanın ixracının demək olar ki, yarısını təşkil etdiyini ölkəmizin qaz təchizatını artırmağı planlaşdırdığını, bu xüsusda yeni yataqların kəşf edildiyini bildirirərək, eyni zamanda, gələcəkdə alternativ enerjinin rolunun daha da artacağını vurğuladı”.
“Prezident İlham Əliyev Yunanıstana və İtaliyaya istiqamətlənən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırdığımızı diqqətə çatdıraraq, hazırda yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəmərinin tamamilə dolu olduğunu və onun genişləndirməsinin vacibliyini qeyd etdi. Sammit çərçivəsində Prezident İlham Əliyevin gün ərzində ümumilikdə on ikitərəfli - doqquz dövlət və hökumət başçısı və Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşlərinin keçirilməsi və bu görüşlərin məhz qarşı tərəflərin müraciəti əsasında baş tutması, heç şübhəsiz ölkəmizin artan roluna verilən önəmin göstəricisidir. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə humanitar yardım, elektrik avadanlığının təchizatında ölkəmizin mühüm rolu, Moldova Prezidenti Maya Sandu ilə enerji təhlükəsizliyi, ticarət və kənd təsərrüfatı, Bolqarıstanın Baş naziri Rumen Radevlə qaz ixracı və elektrik enerjisi dəhlizi məsələləri, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə Cənub Qaz Dəhlizi və TAP infrastrukturunun genişləndirilməsi, Çexiyanın Baş naziri Andrey Babişlə ticarət və investisiya əlaqələri, o cümlədən Azərbaycandan Çexiyaya neft təchizatı, Rumıniya Prezidenti Nikuşor Danla strateji tərəfdaşlığın dərinləşdirilməsi, Xəzər–Qara dəniz enerji və nəqliyyat layihələri, müdafiə sənayesi, Litva Prezidenti Gitanas Nauseda ilə siyasi əlaqələr, iqtisadiyyat, enerji və Aİ–Azərbaycan münasibətləri, Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkə arasında sülh gündəliyi, həmçinin nəqliyyat və tranzit əlaqələri, iqtisadi-ticari münasibətlər, sərhədlərin delimitasiyası, gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi və transsərhəd çaylar üzrə işçi qrupların yaradılması, Aİ Şurasının Prezidenti Antonio Koşta ilə uzunmüddətli qaz müqavilələri, maliyyələşmə, bərpa olunan enerji, Orta Dəhliz və Naxçıvan dəmir yolu və Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə Azərbaycan-Britaniya münasibətlərinin inkişaf tarixi, mövcud durumu və perspektivləri müzakirə edildi, Prezident İlham Əliyev və Baş nazir Endi Börnhemlə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul etdi” - deyə deputat diqqətə çatdırıb.
Z.Şükürovun sözlərinə görə, qeyd edilməlidir ki, Dublin Sammitinə qədər Prezident İlham Əliyev ASB-nin səkkiz sammitindən beşində iştirak etmiş, birinə videobağlantı formatında qoşulmuşdur: “2028-ci ilin may ayında isə ASB Sammitinin Azərbaycanda keçirilməsi nəzərdə tutulub. Dublin Sammiti çərçivəsində xüsusilə diqqət çəkən hadisə Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi oldu. Bu sənəd tərəflər arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır. Üç bölmədən ibarət olan Bəyannamənin Preambulasında tərəflərin 1994 və 1998-ci illərdə qəbul etdiyi birgə bəyannamələrə istinad olunmaqla, BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına, sərhədlərin toxunulmazlığına, suve