Şahzadə Uilyam və Keyt üçgünlük səfərlə Hindistana gediblər Dünya

Şahzadə Uilyam və Keyt üçgünlük səfərlə Hindistana gediblər

Uels şahzadəsi Uilyam və həyat yoldaşı şahzadə Ketrin üçgünlük səfərlə Hindistanın Mumbay şəhərinə gəliblər. Səfər çərçivəsində onlar "Earthshot Prize 2026" beynəlxalq ekoloji mükafatının təqdimetmə mərasimində iştirak edəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Hindu" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu səfər 2024-cü ildə Ketrinə xərçəng diaqnozu qoyulduqdan sonra cütlüyün ilk birgə xarici səfəri olacaq. Uels şahzadəsi üçün bu, həm də müalicə kursunu başa vurduqdan sonra ən zəngin proqramlı xarici səfərdir.

Proqramın əsas hadisəsi Britaniya taxt-tacının varisi tərəfindən bir neçə il əvvəl ekoloji problemlərin həllinə yönəlmiş layihələri dəstəkləmək məqsədilə təsis edilmiş "Earthshot Prize" mükafatının təqdimetmə mərasimi olacaq. Beş qalibin hər biri öz təşəbbüslərini həyata keçirmək üçün 1 milyon funt sterlinq (təxminən 1,3 milyon dollar) alacaq. Şahzadə və həyat yoldaşı Mumbayda həmçinin Hindistan kinematoqrafiyası və kriket ulduzlarının qatılacağı tədbirlərdə iştirak edəcəklər. Səfərin sonuncu günündə isə onlar Yeni Dehliyə yollanacaq və burada Hindistanın Baş naziri Narendra Modi ilə görüşəcəklər.

"The Hindu" xatırladıb ki, Uilyam və Keytin Hindistana əvvəlki birgə səfəri 10 il əvvəl – 2016-cı ildə baş tutub.

Məryəm Quliyeva