Avropa qaz anbarlarından ehtiyatların 10%-ni çıxarıb İqtisadiyyat

Avropa qaz anbarlarından ehtiyatların 10%-ni çıxarıb

Avropa ölkələri istilik mövsümünün başlanmasından indiyədək yeraltı qaz anbarlarından (YQA) təxminən 6 mlrd. kubmetr qaz çıxarıb. Bu həcm yay aylarında qışa hazırlıq məqsədilə anbarlara vurulmuş qaz ehtiyatlarının 10%-nə bərabərdir.

"APA-Economics" xəbər verir ki, bu barədə Gas Infrastructure Europe (GIE) təşkilatının məlumatlarında bildirilir.

Məlumata görə, Avropa istilik mövsümünə rekord aşağı qaz ehtiyatları ilə daxil olub. Payızda yeraltı qaz anbarlarının doluluq səviyyəsinin maksimuma – 74,96%-ə çatmasından üç həftədən az vaxt keçməsinə baxmayaraq, anbarlardan ümumi qaz çıxarılması son beş ilin orta göstəricisini 1,8 dəfə üstələyib. Oktyabrın 28-dən etibarən xalis qaz çıxarılması (çıxarılan və anbarlara vurulan qazın fərqi) isə 5 mlrd. kubmetrə yaxınlaşıb ki, bu da son beş ilin orta göstəricisindən iki dəfədən çoxdur.

Beləliklə, Avropa ölkələri yay ərzində qış mövsümünə hazırlıq çərçivəsində anbarlara vurduqları 51,2 mlrd. kubmetr qazın artıq 10%-ni xalis çıxarılma hesabına istifadə ediblər.

Noyabrın 14-nə olan məlumata görə, Avropada yeraltı qaz anbarlarının doluluq səviyyəsi 70,55% təşkil edib. Bu, son beş ilin eyni tarix üzrə orta göstəricisindən 18,01 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 11,45 faiz bəndi aşağıdır. Hazırda Avropa İttifaqının anbarlarında təxminən 77,3 mlrd. kubmetr qaz mövcuddur ki, bu da ötənilki göstəricidən 13,3 mlrd. kubmetr azdır və 2013-cü ildən bəri həmin tarix üçün ən aşağı səviyyədir.

Bununla yanaşı, noyabr ayında Avropada anbarlardan qaz çıxarılmasının rekord tempi zəifləyib. Belə ki, noyabrın 1-14-də anbarlardan ümumilikdə 5 mlrd. kubmetrdən çox qaz çıxarılsa da, bu göstərici 2016-cı ilin eyni dövrünün səviyyəsindən aşağı olub.

Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Avropa İttifaqına üzv ölkələr hər il oktyabrın 1-dən dekabrın 1-dək qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmalıdırlar. Anbarların doldurulmasında çətinlik yarandığı hallarda bu tələb üzrə 10% güzəşt nəzərdə tutulur. 2026–2027-ci illərin payız-qış mövsümünə hazırlıq çərçivəsində normanın yerinə yetirilməsi üçün Avropa anbarlarına xalis 68 mlrd. kubmetr qaz vurulmalı idi. Lakin Avropa Komissiyası bu il qışın mülayim keçəcəyi ehtimalını nəzərə alaraq doluluq səviyyəsinin 80%-ə endirilməsinə hazır olsa da, Avropa ölkələri bu göstəriciyə də nail ola bilməyiblər.