Azərbaycan–Aİ tərəfdaşlığı: yeni perspektivlər və regional təhlükəsizlik məsələləri Gündəm

Azərbaycan–Aİ tərəfdaşlığı: yeni perspektivlər və regional təhlükəsizlik məsələləri

Azərbaycan Avropa İttifaqının (Aİ) əsas tərəfdaşlarından biridir və Azərbaycan-Aİ münasibətləri müxtəlif istiqamətlərdə əhəmiyyət daşıyır. Həmçinin bu əlaqələrin genişləndirilməsi istiqamətində zaman-zaman addımlar atılır.
Bu əlaqələr fonunda Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bir neçə gün öncə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə keçirdiyi görüş diqqət çəkir. Qeyd edilir ki, görüş zamanı enerji təhlükəsizliyi, nəqliyyat və logistika əlaqələrinin inkişafı və regional sabitlik də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Siyasi ekspertlər “Xalq Cəbhəsi”nə Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsinin Azərbaycan üçün önəmi haqqında danışıblar.
Politoloq Yusif Bağırzadə söyləyib ki, Hikmət Hacıyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşü Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından diqqətəlayiqdir: “Enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri və regional sabitlik məsələlərinin müzakirəsi göstərir ki, tərəfdaşlığın gündəliyi ənənəvi enerji əməkdaşlığından daha geniş iqtisadi və geosiyasi məzmun qazanır. Bu proses Azərbaycan üçün həm iqtisadiyyatın şaxələndirilməsi, həm də beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından yeni imkanlar yaradır. İlk növbədə, əməkdaşlığın genişlənməsi Azərbaycan iqtisadiyyatına Avropa investisiyalarının cəlb edilməsi üçün əlavə imkanlar aça bilər. Avropa İttifaqı ilə ticarət əlaqələrinin genişləndirilməsi, sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və yaşıl iqtisadiyyat sahələrində birgə layihələrin həyata keçirilməsi qeyri-neft sektorunun inkişafına töhfə verə bilər”.
“Azərbaycanın imkanları daha geniş perspektivlər vəd edir”
Y.Bağırzadə bildirib ki, xüsusilə Avropa şirkətlərinin texnologiya, idarəetmə təcrübəsi və maliyyə imkanlarından istifadə Azərbaycanın istehsal potensialının artırılması və ixrac coğrafiyasının genişləndirilməsi baxımından əhəmiyyətlidir: “2026–2030-cu illər üzrə yeni Tərəfdaşlıq Prioritetlərinin razılaşdırılması və ikitərəfli saziş üzrə danışıqların bərpası bu istiqamətdə institusional zəmin yaradır. Enerji sahəsində isə Azərbaycanın imkanları daha geniş perspektivlər vəd edir. Avropa İttifaqının enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə ehtiyacı Azərbaycanın strateji əhəmiyyətini artırır. Təbii qaz ixracı ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı, Xəzər hövzəsində külək enerjisi potensialının reallaşdırılması və elektrik enerjisinin Avropa bazarlarına ötürülməsi yeni əməkdaşlıq istiqamətləri kimi çıxış edir. Bu, Azərbaycana enerji ixracından əldə olunan gəlirləri artırmaqla yanaşı, gələcəkdə regional yaşıl enerji mərkəzinə çevrilmək imkanı da verə bilər”.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq
“Nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycanın qarşısında açılan digər mühüm fürsətdir. Orta Dəhlizin inkişafı ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında əsas tranzit qovşaqlarından biri kimi mövqeyini gücləndirə bilər. Avropa İttifaqının Global Gateway təşəbbüsü çərçivəsində Naxçıvan dəmir yolu layihəsinin inkişafına dəstək verməsi və regional bağlantılara investisiya ayırması bu baxımdan əhəmiyyətlidir. 2026-cı ilin iyulunda elan edilmiş 200 milyon avroyadək maliyyə dəstəyi və bunun vasitəsilə 2 milyard avroyadək investisiyanın səfərbər edilməsi perspektivi Azərbaycanın nəqliyyat infrastrukturuna əlavə kapital cəlb edə bilər” – deyə politoloq əlavə edib.
Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsi
O həmçinin qeyd edib ki, əməkdaşlığın genişlənməsi Azərbaycanın regional təhlükəsizlik məsələlərində diplomatik mövqelərinin daha geniş platformalarda ifadə olunmasına şərait yaradır: “Aİ ilə dialoqun siyasi və təhlükəsizlik dialoqu formatında genişləndirilməsi, mina təhlükəsi ilə mübarizə və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək bu baxımdan əhəmiyyətlidir. Bununla belə, Bakı-Brüssel münasibətlərində qarşılıqlı maraqların qorunması, Azərbaycanın suverenliyinə və milli maraqlarına hörmət, eləcə də iqtisadi əməkdaşlıqda bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsas şərtlər olaraq qalmalıdır. Ümumiləşdirərək deyim ki, Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsi ölkəmizə investisiya, texnologiya, yeni bazarlara çıxış, enerji ixracının şaxələndirilməsi və tranzit imkanlarının artırılması kimi konkret üstünlüklər qazandıra bilər”.
Azərbaycana marağın artması
Siyasi şərhçi Müşfiq Abdulla söyləyib ki, Avropa İttifaqı Cənubi Qafqaz ölkələri ilə bağlı siyasətini bir qayda olaraq xüsusi nümayəndə vasitəsilə koordinasiya edir: “Son zamanlar Avropa İttifaqının həm struktur orqanları, həm də üzv dövlətlər səviyyəsində Azərbaycana marağın artması müşahidə olunur. Ümumilikdə, Avropa İttifaqının və Böyük Britaniyanın Cənubi Qafqaz uğrunda artan geosiyasi və geoiqtisadi rəqabətdə fəal aktorlara çevrildiyini görmək olar. Bu kontekstdə Avropa İttifaqı və Britaniya Azərbaycanla müzakirələrə üstünlük verir. Çünki Cənubi Qafqazın geosiyasi arxitekturasının və müxtəlif sahələr üzrə iqtisadi əməkdaşlıq formatının qurulmasında Azərbaycanın mövqeyi həlledici rol oynayır”.
“Azərbaycan Avropa üçün əlverişli tədarükçüdür”
M.Abdulla deyib ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib tərəfdaş kimi çıxış edir: “Lakin Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən, yəni regionda yeni status-kvonun formalaşmasından sonra Avropa İttifaqı və ona tərəfdaş ölkələrlə münasibətlər daha çoxvektorlu səviyyəyə keçib. Yəni bu gün Avropa ölkələri Azərbaycan neftdən əlavə, təbii qaz, yaşıl və bərpaolunan enerji idxalına üstünlük verir. Avropa İttifaqının 2027-ci ilə qədər Rusiya təbii qazından imtina etmək qərarı, eyni zamanda, Hörmüz boğazında yaranmış böhran Azərbaycanın strateji əhəmiyyətini Brüssel üçün xeyli artırıb. Qeyd edim ki, Azərbaycanın son dövrlər Mərkəzi Asiya ilə vahid geoiqtisadi platformaya çevrilməsi TransXəzər nəqliyyat dəhlizinin aktuallığını artırır. Bu da öz növbəsində, Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən Avropaya nəqlini gündəmə gətirir. Əgər Avropa Siyasi Birlyinin noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən sammitinə nəzər salsaq, Azərbaycan Prezidenti ilə görüşən Avropa rəsmiləri ilk növbədə, enerji təhlükəsizliyi və Cənub Qaz dəhlizi vasitəsilə təbii qaz idxalı məsələsini müzakirə edirdilər. Bu baxımdan, Rusiyanın enerji asılılığından xilas olmağa çalışan, Yaxın Şərqdən neft və sıxılmış qaz almaqda ciddi problemlərlə üzləşmiş, ABŞ-nin bahalı yanacağına alternativ axtaran Avropa üçün Azərbaycan əlverişli tədarükçüdür”.
Münasibətlərin yeni istiqamətləri
O həmçinin bildirib ki, Azərbaycanla Avropa İttifaqı əlaqələrinə yalnız enereji sektoru üzərindən baxmaq real olmaz: “Çünki bu münasibətlər yeni istiqamətlər üzrə inkişaf edir. Azərbaycanın postmünaqişə dövrünə daxil olması Avropa və Asiya arasında geostrateji əhəmiyyətə malik nəqliyyat-tranzit marşrutlarının açılmasına şəriat yaradıb. Lakin Britaniyadan başlayaraq Avropa İttifaqı, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçərək Çinə və əks istiqamətdə uzanacaq Orta Dəhlizin reallaşması üçün bölgədə sabitliyin bərqərar olması lazımdır. Avropanın maraq göstərdiyi bu logistika şəbəkəsinin həyata keçməsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmasını zəruri edir. Hikmət Hacıyevlə Maqdalena Qrono arasında aparılan danışıqlarda enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitliyin əsas müzakirə predmeti olması da bunu özündə ehtiva edir”.

Röya İsrafilova