
ABŞ Prezidenti Donald Tramp deyib ki,İranla müharibə hərbi baxımdan faktiki olaraq başa çatıb.
“Biz İrana qalib gəldik. Hazırda əsas məsələ bunun nə vaxt başa çatdırılacağıdır. Biz tam qələbə əldə etməliyik. 93 faizl deyil, tam qələbə...”, - Tramp qeyd edib.
“Reuters“ agentliyinin mənbələrə istinadən məlumatına görə, Tramp son günlər yüksəkvəzifəli müşavirlər iləi İran və Yəməndəki husilər tərəfindən yeni təxribatların baş verməyəcəyi təqdirdə Tehrana qarşı hərbi zərbələri dayandırmaq imkanını nəzərdən keçirir.
Mənbələr bildiriblər ki, ABŞ qüvvələri İran və ya Tehranın dəstəklədiyi “Ənsar Allah” hərəkatının yeni təxribatları ilə üzləşməzsə, Vaşinqton əlavə hərbi zərbələrdən çəkinə bilər.
Agentliyin məlumatına əsasən, Tramp münaqişənin necə dayandırılacağı ilə bağlı hələ yekun qərar qəbul etməyib.
ABŞ Prezidenti eyni zamanda regiondakı müttəfiq ölkələrin mövqeyini nəzərə alır. Həmin ölkələrin nümayəndələri Vaşinqtonu genişmiqyaslı hərbi əməliyyatları bərpa etməməyə çağırıblar.
Bu arada ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, İranın hazırda 1 500–2 500 ballistik raketi var. Bu isə genişmiqyaslı müharibənin yenidən başlanacağı təqdirdə Tehranın ABŞ-ın regiondakı hərbi obyektlərinə və müttəfiqlərinə zərbə endirmək imkanını qoruduğunu göstərir.
Bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, İranın hərbi imkanlarını bərpa etməsi ABŞ administrasiyasında İsraillə birlikdə hərbi əməliyyatların yenidən başlanması məsələsi ətrafında müzakirələrə təsir göstərir.
İsrailin Baş naziri Benyamin Netanyahu hərbi əməliyyatların bərpasını dəstəkləyir. Lakin Fars körfəzi ölkələri öz ərazilərinə mümkün zərbələrdən ehtiyat edərək müharibənin yenidən başlanmasına qarşı çıxırlar.
ABŞ Prezidenti Donald Tramp hələlik İrana qarşı iqtisadi təzyiqləri, o cümlədən blokada və sanksiyaları davam etdirməyə üstünlük verir. Bununla belə, o, İran rejiminin prezidentlik müddətinin sonunadək hakimiyyətdə qalmasını ABŞ üçün məğlubiyyət hesab edəcəyini bildirib.
Cari ilin fevralında İranla basladığı müharibədə qələbə qazana bilməyən ABŞ iqtisadi müharibə ilə rəsmi Tehranı çökdürə biləcək?
Politoloq Çingiz Şahbazinin fikrincə, ABŞ İranın hərbi imkanlarına ciddi zərbə vurub, lakin Vaşinqton hələ Tehranın siyasi iradəsini və strateji davranışını öz şərtlərinə uyğun dəyişdirə bilməyib. İndi qarşıdurmanın əsas mərhələsi hərbi əməliyyatlardan iqtisadi təzyiqə, neft ixracına, maliyyə sisteminə və Hörmüz boğazına nəzarət uğrunda mübarizəyə keçir. Trampın 11 noyabr Veteranlar Günü mərasimində səsləndirdiyi fikirlər də bu keçidə işarə edir. O, ABŞ-nin qalib gəldiyini, müharibənin nə zaman dayandırılacağına Vaşinqtonun qərar verəcəyini, lakin bu 93 faizlik deyil, tam qələbə istədiyini bildirib: "Əslində isə Trampın bəyanatı kənarında vəziyyət heç də onun dediyi kimi görünmür. ABŞ hərbi zərbələrlə əldə edə bilmədiyi siyasi güzəştləri iqtisadi təzyiq vasitəsilə əldə etməyə çalışır. Vaşinqtonun İrana qarşı təzyiq strategiyası əslində aydındır. İranın neft ixracını məhdudlaşdırmaq və xarici valyuta əldə etmək imkanlarını kifayət qədər azaltmaq. İran banklarının beynəlxalq maliyyə sisteminə çıxışını çətinləşdirmək və İranla iqtisadi əlaqələr saxlayan üçüncü ölkələrə təzyiq göstərmək. İran rəsmiləri də vəziyyətin kəskin pisləşdiyini etiraf edirlər və ABŞ-nin sanksiyalardan yayınma kanallarını bağlamaq və neft ixracını bloklamaq səyləri İran iqtisadiyyatına ciddi təzyiq göstərib desək yanılmarıq. Bütün bunların fonunda İran öz ayaqları üzərində ABŞ-nin önündə baş əymir. Bundan sonra da iqtisadi təzyiqlər İranı zəiflədə bilər, lakin bunlar hakimiyyəti avtomatik olaraq ABŞ-nin tələblərinə tabe etməyəcək. Çünki, İran ABŞ-niin iqtisadi təzyiqləri ilə ilk dəfədir ki qarşılaşmır. Ölkə 1979-cu ildən bəri müxtəlif iqtisadi məhdudiyyətlər altında yaşayır. Bu müddət ərzində İran alternativ ticarət kanalları yaradıb və sanksiyalardan yayınmaq mexanizmləri formalaşdırıb. Çin və digər ölkələrlə iqtisadi əlaqələrini qurub və qoruyub saxlaya bilib. Daxili istehsalın müəyyən sahələrini sanksiyalara uyğun olaraq qurub və inkişaf etdirib. Bu baxımdan Trampın dediyi kimi iqtisadi müharibənin taleyi heç də ABŞ-dən asılı olmayacaq. Burada Çinin mövqeyi əsas rol oynayır. Çin faktoru Trampın bəyanatının sübut olunmasına ciddi əngəllər yaradır. İran neftinin əsas alıcılarından biri Çindir. ABŞ İranın neft gəlirlərini ciddi şəkildə azaltmaq istəyirsə, Çinlə iqtisadi münasibətlərə də təzyiq göstərməlidir. Bu Vaşinqton üçün heç də asan seçim deyil. Məsələ burasındadır ki, İranın iqtisadiyyatını ayaqda saxlayan amillərdən biri Çindir və Hindistan kimi ölkələrlə iqtisadi əlaqələrin şaxələndirilməsidir. Digər tərəfdən İranın iqtisadi müharibəsi yalnız sanksiyaların sərtliyindən deyil, digər böyük dövlətlərin bu sanksiyalara nə dərəcədə əməl etməsindən də asılıdır. Bu səbəbdən də burda əks nəticə ehtimalı da istisna deyil. İqtisadi blokada İranın müqavimətini artıraraq yeni qarşıdurmaya səbəb ola bilər. Hesab edirəm ki ABŞ İranın iqtisadiyyatına zərbə vura bilər, lakin iqtisadiyyatı zəiflətmək və dövləti siyasi baxımdan təslim etdirmək iki fərqli məsələdir. Bu Trampın qarşısında duran əsas problemdir. O, hərbi qələbə elan da edə bilər, iqtisadi mühasirəni gücləndirə də bilər, ancaq bunların heç biri öz-özlüyündə
Vaşinqtonun bütün şərtlərini qəbul edəcəyinə zəmanət vermir. Hətta iqtisadi təzyiqin güclənməsi İranın müqavimətini daha da sərtləşdirə bilər"..
Siyasi ekspert Füzuli Kərimovun fikrincə,ABŞ İran üzətində qələbə qazanmadı: "ABŞ-nin İrana qarşı iqtisadi müharibəsi də heç bir nəticə verməyəcək.".
Ekspertin fikrincə, ABŞ illərdir İrana qarşı iqtisadi müharibə aparır, sanksiyalar tətbiq edib, lakin İran hələ də ayaqüstədir: "Bu prosesdə Avropanın bir sıra ölkələri də iştirak edib, müharibənin özü belə İranı iqtisadi cəhətdən çökdürə bilmədi. Düşünürəm ki, ABŞ bu ilin fevralında İranla basladığı müharibədə qələbə qazana bilmədi".
Yeri gəlmişkən, Tramp Filippinin paytaxtı Manilada ASEAN sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, hər hansı bir hücum olacağı təqdirdə, İran heç bir ölkənin indiyədək ödəmədiyi qədər ağır bədəl ödəyəcək.
“Biz buna çox ciddi yanaşırıq, çünki onlar, sadəcə, dəlidirlər”, - Tramp bildirib.
Cavid