Dünyanın əsas arteriyası – Orta Dəhliz Gündəm

Dünyanın əsas arteriyası – Orta Dəhliz

Orta Dəhliz Avropa ilə Asiya arasında yükdaşımaların həyata keçirilməsində mühüm nəqliyyat marşrutlarından biridir. Qlobal ticarət əlaqələrinin genişlənməsi, regionda logistika infrastrukturunun inkişafı bu dəhlizin əhəmiyyətini daha da artırır.
Bu istiqamətdə son günlər Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladzenin açıqlaması diqqət çəkir. Nazir müavini Orta Dəhlizin əhəmiyyəti haqqında danışaraq bu dəhlizin inkişafına həm region ölkələrindən, həm də digər dövlətlərdən marağın artdığını vurğulayıb.
O eləcə də söyləyib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan dəhlizin daha böyük həcmdə yük qəbul etməsi və daşınması üçün infrastruktur imkanlarını genişləndirir.
Millət vəkilləri, iqtisadçılar sözügedən dəhlizin strateji əhəmiyyəti və Azərbaycana gətirəcəyi dvidendlər haqqında “Xalq Cəbhəsi”nə fikirlərini bildiriblər.
“Yükdaşımalar daha da artacaq”
Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Orta Dəhliz bu gün yalnız regional deyil, qlobal əhəmiyyət daşıyan strateji nəqliyyat layihəsinə çevrilməkdədir: “Çinlə Avropa arasında geniş coğrafiyanı əhatə edən alternativ nəqliyyat bağlantısı yaratması bu dəhlizə beynəlxalq marağı getdikcə artırır. Xüsusilə qlobal təchizat zəncirlərinin şaxələndirilməsi, yükdaşımaların təhlükəsizliyinin təmin edilməsi və alternativ nəqliyyat marşrutlarına tələbatın artması Orta Dəhlizin strateji əhəmiyyətini daha da yüksəldir. Orta Dəhlizin inkişaf dinamikası rəqəmlərdə də aydın görünür. Belə ki, 2021-ci ildə dəhliz üzrə yükdaşımaların həcmi təxminən 800 min ton olduğu halda, 2022-ci ildə 1,5 milyon tona, 2023-cü ildə 2,8 milyon tona, 2024-cü ildə isə 4,5 milyon tona yaxınlaşıb. 2025-ci ildə bu göstərici təxminən 4,7 milyon ton səviyyəsinə çatıb. Beləliklə, cəmi dörd il ərzində yükdaşımaların həcmi təxminən 6 dəfə artıb. Bu dinamika Orta Dəhlizə beynəlxalq marağın və onun tranzit potensialının sürətlə yüksəldiyini göstərir. Lakin mövcud potensialla müqayisədə bu, hələ başlanğıcdır. Qarşıdakı dövrdə yükdaşımaların daha da artacağı gözlənilir. Bu baxımdan Azərbaycan, Qazaxıstan və Gürcüstanın nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır”.
“Orta Dəhliz Azərbaycan üçün mühüm dividendlər vəd edir”
Deputatın sözlərinə görə, Azərbaycan bu prosesdə əsas tranzit və logistika mərkəzlərindən biri kimi çıxış edir: “Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində görülən işlər, Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan ərazisindən keçən hissəsində daşıma imkanlarının 1 milyon tondan 5 milyon tona yüksəldilməsi, eləcə də Zəngəzur dəhlizinin yaradılması istiqamətində həyata keçirilən layihələr ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq. Bununla yanaşı, Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün Qazaxıstan və Gürcüstanın da liman, dəmir yolu və logistika infrastrukturlarının genişləndirilməsi vacibdir. Çünki bu dəhlizin effektivliyi ayrı-ayrı ölkələrin deyil, bütün marşrut boyunca infrastrukturun uzlaşdırılmış və koordinasiyalı fəaliyyətindən asılıdır. Orta Dəhlizin inkişafı Azərbaycan üçün bir neçə istiqamətdə mühüm iqtisadi dividendlər vəd edir. İlk növbədə, tranzit daşımaların artması ölkəyə əlavə valyuta daxilolmaları, logistika və nəqliyyat xidmətlərindən gəlirlər gətirəcək. Digər tərəfdən, liman, dəmir yolu, anbar təsərrüfatı və logistika mərkəzlərinin inkişafı yeni investisiyaların cəlb olunmasına, əlavə iş yerlərinin yaradılmasına və regionlarda iqtisadi fəallığın yüksəlməsinə şərait yaradacaq. Eyni zamanda, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika qovşağı kimi mövqeyinin möhkəmlənməsi ölkəmizin geoiqtisadi əhəmiyyətini və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını daha da genişləndirəcək”.
Avrasiya məkanının əsas nəqliyyat arteriyalarından biri
A.Badamov hesab edir ki, Orta Dəhlizə yalnız yükdaşımalar marşrutu kimi baxmaq düzgün olmazdı: “Bu layihə həm də region ölkələri arasında iqtisadi qarşılıqlı asılılığın, əməkdaşlığın və uzunmüddətli sabitliyin güclənməsinə xidmət edir. Nəqliyyat bağlantılarının genişlənməsi, qarşılıqlı iqtisadi maraqların artması regionda davamlı sülh və əməkdaşlıq üçün də mühüm iqtisadi zəmin yaradır. Bütün bunlar deməyə əsas verir ki, Orta Dəhliz gələcək illərdə Avrasiya məkanının əsas nəqliyyat arteriyalarından birinə çevrilə bilər. Azərbaycan isə əlverişli coğrafi mövqeyi, həyata keçirdiyi infrastruktur layihələri və regional əməkdaşlıq siyasəti sayəsində bu prosesin aparıcı iştirakçılarından biri olmaq imkanına malikdir”.
Orta Dəhliz: dünya meqalayihəsi
Milli Məclisin deputatı Tural Gəncəliyev deyib ki, hamıya məlumdur ki, Orta Dəhlizin inkişafı və bu dəhlizin bir dünya meqalayihəsi kimi funksional olması bütün regionun, bütün regiondan kənar ölkələrin diqqətindədir: “Mərkəzi Asiyanı Avropa ilə birləşdirən, uzaq Çini Avropa ilə birləşdirən bu marşrut təbii ki, Xəzər dənizinin üzərindən, Azərbaycan üzərindən keçməklə həyata keçirilir, reallaşdırılır. Ona görə də Gürcüstan rəsmiləri bildirir ki, Orta Dəhlizin inkişafında hamı maraqlıdır. Bu, təbii qəbul edilməlidir. Bu gün Orta Dəhliz həm şimalda Rusiya-Ukrayna müharibəsi, həm cənubda İran ətrafında Yaxın Şərqdəki vəziyyət baxımından dünyanın bəlkə də əsas arteriyasına çevrilib və Avropa İttifaqı belə Orta Dəhlizin inkişaf etdirilməsində, onun funksional olmasında maraqlıdır”.
“Azərbaycan bu işdə əsas rol oynayır”
Deputatın fikirlərinə görə, biz Azərbaycan olaraq Orta Dəhlizi şaxələndirmək niyyətindəyik: “Həm Gürcüstan üzərindən Orta Dəhlizin bir qolunun keçməsi, həm Zəngəzur Dəhlizinin açılması ilə Ermənistanın da bu layihəyə qoşulması məsələsi gündəmdədir. Yəni bütün bunlar onu göstərir ki, Orta Dəhliz istənilən halda istənilən marşrutla gəlib yalnız Azərbaycandan keçib getməklə mümkündür. Yeri gəlmişkən, Avropa İttifaqında artıq Orta Dəhliz, bağlayıcı xətlər, nəqliyyat kommunikasiya xətləri mövzusunda Avropa İttifaqının Cənubi Qafqaz nümayəndələrinin, Avropa Xarici Siyasət qurumlarının iştirakı ilə görüş keçirilib. Yəni bunlar hamısı göstərir ki, bu gün bütün dünya, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Çin, həmçinin regional ölkələr bu mövzunun - Orta Dəhlizin açılmasında maraqlıdırlar. Ona görə də Azərbaycan bu işdə, bu məsələdə əsas rol oynayır, Azərbaycanın iştirakı önəmlidir, Azərbaycanın iştirakı olmadan bu dəhlizin implementasiyası, reallaşması da mümkün deyil”.
Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti
İqtisadçı Asif İbrahimov söyləyib ki, Orta Dəhlizin əhəmiyyəti son illərdə qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər fonunda əhəmiyyətli dərəcədə artıb: “Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Türkiyə və Avropa bazarları ilə birləşdirən bu nəqliyyat marşrutu Azərbaycanın iqtisadi və geostrateji mövqeyini gücləndirən mühüm amillərdən biridir. Hazırda beynəlxalq ticarətdə alternativ nəqliyyat marşrutlarına tələbat artır. Geosiyasi gərginliklər, təchizat zəncirlərində yaranan risklər və ölkələrin logistika istiqamətlərini şaxələndirmək istəyi Orta Dəhlizə marağı yüksəldir. Bu proses Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artırır. Azərbaycan üçün Orta Dəhlizin inkişafı bir neçə istiqamətdə iqtisadi imkanlar yaradır. İlk növbədə, tranzit daşımalarının genişlənməsi ölkəyə əlavə valyuta gəlirləri gətirə bilər. Dəmir yolu, dəniz limanları, avtomobil nəqliyyatı və logistika xidmətlərinin inkişafı qeyri-neft sektorunun böyüməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, anbar təsərrüfatı, yükdaşıma, sığorta, gömrük xidmətləri və ekspeditor fəaliyyəti kimi sahələrdə yeni biznes imkanları formalaşacaq. Orta Dəhlizin inkişafı Azərbaycanın regional ticarət və istehsal zəncirlərinə inteqrasiyasını da sürətləndirə bilər. Ölkə ərazisindən keçən yüklərin bir hissəsinin Azərbaycanda emalı, qablaşdırılması, çeşidlənməsi və yenidən ixracı əlavə iqtisadi dəyər yaradacaq. Bu imkanlardan istifadə logistika sektorunun sənaye, kənd təsərrüfatı və xidmət sahələri ilə əlaqələrini genişləndirə bilər”.
Xarici investisiya cəlbi
“Digər mühüm istiqamət xarici investisiyaların cəlb edilməsidir. Nəqliyyat və logistika infrastrukturunun inkişafı beynəlxalq şirkətlərin Azərbaycana marağını artıra, yeni istehsal və logistika mərkəzlərinin yaradılmasına şərait yarada bilər. Bu isə yeni iş yerlərinin açılması, texnologiyaların transferi və yerli sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir. Təbii ki, Orta Dəhlizin potensialından tam istifadə etmək üçün bir sıra məsələlərin həlli vacibdir. Xəzər dənizində gəmiçilik və liman imkanlarının genişləndirilməsi, dəmir yolu infrastrukturunun modernləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, tarif siyasətinin uzlaşdırılması və rəqəmsal gömrük sistemlərinin inteqrasiyası prioritet istiqamətlər olmalıdır” - deyə o bildirib.
Yeni imkanlar
A.İbrahimov əlavə edib ki, Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında koordinasiyanın gücləndirilməsi dəhlizin rəqabət qabiliyyətinə birbaşa təsir göstərəcək: “Burada Azərbaycanın qarşısında mühüm iqtisadi vəzifə dayanır. Tranzit üstünlüyündən əldə olunan gəlirləri genişləndirməklə yanaşı, bu marşrutun ölkə daxilində əlavə iqtisadi fəaliyyət yaratmasına nail olmaq lazımdır. Yəni logistika infrastrukturu ilə yanaşı, istehsal, emal, saxlama və ixrac imkanları da inkişaf etdirilməlidir. Ümumilikdə isə Orta Dəhliz Azərbaycanın gələcək iqtisadi inkişafında qeyri-neft gəlirlərinin artırılması, investisiyaların cəlb edilməsi, məşğulluğun genişləndirilməsi və regional iqtisadi əlaqələrin gücləndirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bu marşrut ölkəmizin Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar açır”.

Röya İsrafilova