Balanslı məskunlaşmaya doğru: “bölgələrdə həyat səviyyəsi paytaxta yaxınlaşdırılmalıdır” Gündəm

Balanslı məskunlaşmaya doğru: “bölgələrdə həyat səviyyəsi paytaxta yaxınlaşdırılmalıdır”

Son illərdə ölkəmizdə regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Buna baxmayaraq, bölgələrdən paytaxt Bakıya və iri şəhərlərə doğru daxili miqrasiya axını hələ də aktual sosial-iqtisadi məsələ olaraq qalır. Əhalinin, xüsusilə də gənclərin daha yaxşı təhsil almaq, karyera qurmaq, yüksək gəlirli iş tapmaq və müasir sosial xidmətlərdən yararlanmaq istəyi paytaxta köçü stimullaşdıran başlıca amillər sırasındadır.
Bu proses isə öz növbəsində Bakı şəhərində əhali sıxlığının artmasına, nəqliyyat sistemində, mənzil bazarında və kommunal xidmətlərdə əlavə yüklənmələrin yaranmasına gətirib çıxarır. Digər tərəfdən, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, regionlarda sahibkarlığa verilən dəstək mexanizmləri və dövlət proqramları ölkə daxilində əmək bazarının coğrafiyasını və məskunlaşma balansını tədricən dəyişməyə başlayıb.
Bəs paytaxta olan miqrasiya təzyiqini azaltmaq, əhalinin öz doğma yurdlarında qalmasını stimullaşdırmaq və bölgələrlə paytaxt arasındakı sosial-iqtisadi fərqləri minimuma endirmək üçün hansı kompleks addımlar atılmalıdır? "Xalq Cəbhəsi" bu suallara cavab tapmağa çalışıb.

Bölgələrdə iş və keyfiyyətli xidmət olarsa…

Milli Məclisin deputatı Arzuxan Əlizadə “Xalq Cəbhəsi”nə deyib ki, son illər regionlardan paytaxta əhali axınının artması bir sıra sosial-iqtisadi amillərlə bağlıdır: “Bunun başlıca səbəblərindən biri bölgələrdə iş imkanlarının məhdud olması, əməkhaqlarının Bakı ilə müqayisədə aşağı səviyyədə qalması və insanların daha yaxşı yaşayış şəraiti axtarışıdır”.
O qeyd edib ki, xüsusilə gənclər ali təhsil almaq, ixtisaslarına uyğun iş tapmaq və karyera qurmaq məqsədilə paytaxta üz tuturlar: “Digər tərəfdən, təhsil və səhiyyə xidmətlərinin keyfiyyəti, müasir infrastruktur və sosial imkanların Bakı ətrafında daha çox cəmləşməsi də bu prosesə təsir göstərən əsas amillərdəndir. Hesab edirəm ki, bu problemin həlli üçün regionların sosial-iqtisadi inkişafı daha sistemli və məqsədyönlü şəkildə həyata keçirilməlidir. İlk növbədə, bölgələrdə yeni istehsal müəssisələrinin, sənaye parklarının, kənd təsərrüfatı və emal sənayesi obyektlərinin yaradılması vacibdir. Bu, həm yeni iş yerlərinin açılmasına, həm də yerli əhalinin öz doğma rayonunda sabit gəlir əldə etməsinə şərait yaradacaq. Eyni zamanda, regionlarda peşə təhsilinin inkişaf etdirilməsi, gənclərin əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnməsi xüsusi əhəmiyyət daşıyır”.
O vurğulayıb ki, təhsil və səhiyyə xidmətlərinin genişləndirilməsi də daxili miqrasiyanın azaldılmasında mühüm rol oynaya bilər: “Bölgələrdə müasir məktəblərin, ali və peşə təhsili müəssisələrinin, xəstəxanaların yaradılması, mövcud infrastrukturun yenilənməsi insanların paytaxtdan asılılığını azaldar. Ancaq burada əsas məsələ yalnız müəssisələrin sayını artırmaq deyil, göstərilən xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etməkdir. İnsan yaşadığı regionda həm keyfiyyətli təhsil ala, həm sağlamlığını qoruya, həm də layiqli işlə təmin oluna bilirsə, onun Bakıya köçmək zərurəti də azalır”.
Millət vəkili diqqətə çatdırıb ki, regional inkişaf siyasətinin əsas hədəfi Bakı ilə bölgələr arasında sosial-iqtisadi fərqlərin minimuma endirilməsi olmalıdır: “Paytaxta miqrasiyanın tamamilə qarşısını almaq real yanaşma deyil, çünki daxili miqrasiya təbii prosesdir. Lakin insanların iş, təhsil və sosial təminat baxımından seçim imkanlarını genişləndirməklə bu axını tənzimləmək mümkündür. Əsas məqsəd vətəndaşın harada yaşamasından asılı olmayaraq, bərabər inkişaf imkanlarına malik olmasını təmin etməkdir”.

“Regionlarda əmək bazarı dəyişir”

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, Aydın Mirzəzadə "Xalq Cəbhəsi"nə açıqlamasında bildirib ki, bir zamanlar regionlardan paytaxta və xarici ölkələrə müəyyən bir axın var idi: “Bu məsələlərin dayanması, yeni iqtisadi farmasiyanın hələ özünü tam tutmaması mənzillə, təminat məsələsi ilə bağlı idi. Belə proses keçid dövrünü yaşayan, müstəqilliyini qazanmış bir çox ölkələr üçün xarakterikdir. Amma hesab edirəm ki, son dövrdə vəziyyət xeyli dərəcədə dəyişib”.
O qeyd edib ki, bir tərəfdən insanların harda yaşayıb işləyəcəyi onun öz seçimdir, bu məsələdə insanlara məhdudiyyət qoymaq olmaz: “Digər tərəfdənsə artıq regionlarda sahibkarlığa dəstək varsa, Bakıdakı böyük şirkətlər regionlara investisiya qoyub özlərinin filiallarını, sahələrini yaradırlarsa, insanlar orda işləməyə maraqlı olacaqlar.
Eyni zamanda bugün regionlarda mənzil tikintisinə də, fərdi mənzil tikintisinə də dövlət tərəfindən dəstək var. Bank sisteminin yeni mexanizmə işə düşməsi insanların öz imkanlarına uyğun olaraq kredit götürüb iş yeri açması, fərdi mənzil tikməsi də xeyli asanlaşıbdır.
Həmçinin işğaldan azad olunan ərazilərdə böyük tikinti-quruculuq işlərinin aparılması da yeni iş yerlərinin yaradılmasına səbəb olur. Artıq insanlar paytaxta, iri regionlara deyil, işğaldan azad olunan ərazilərə də üstünlük tuturlar.
Bir sözlə, regionlarda iş yerlərinin yaradılması, regionlarda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi artıq əmək bazarının keyfiyyətcə xeyli dəyişməsinə səbəb olur”.

“Balanslı məskunlaşma təmin edilməlidir”

Milli Məclisin deputatı Kamran Bayramov söyləyib ki, son illərdə bölgələrdən paytaxta miqrasiya axınının güclənməsi ölkənin sosial-iqtisadi həyatında mühüm diqqət çəkən tendensiyalardan biridir və bu proses bir sıra obyektiv səbəblərlə şərtlənir: “Əsas səbəblər sırasında regionlarda əmək bazarının məhdud olması, ixtisaslı iş yerlərinin çatışmazlığı, gəlir səviyyəsinin paytaxtla müqayisədə aşağı qalması və müasir infrastruktur xidmətlərinə çıxış imkanlarının qeyri-bərabər paylanması dayanır”.
O diqqətə çatdırıb ki, xüsusilə gənclərin daha yaxşı təhsil almaq, karyera qurmaq və geniş sosial-mədəni imkanlardan yararlanmaq istəyi əks-mərkəzləşdirmə məsələsini ön plana çıxarır, nəticədə Bakı şəhəri əhali sıxlığı, nəqliyyat və mənzil bazarı sahəsində əlavə yüklənmələrlə üzləşir: “Bu miqrasiya axınının qarşısının alınması və ya tənzimlənməsi məqsədilə regionlarda məşğulluq imkanlarının, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinin genişləndirilməsi son dərəcə mühüm və effektiv mexanizm hesab olunur. Yerlərdə yeni istehsal sahələrinin, kiçik və orta sahibkarlığın, o cümlədən kənd təsərrüfatı və turizm klasterlərinin inkişaf etdirilməsi əhalinin daimi işlə təmin olunmasına zəmin yaradır.
Eyni zamanda, regionlarda müasir standartlara cavab verən tibb müəssisələrinin və ali, orta ixtisas təhsili ocaqlarının yaradılması, eləcə də həyat səviyyəsinin paytaxta yaxınlaşdırılması əhalinin öz doğma yurdlarında qalmasına güclü stimula çevrilə bilər. Beləliklə, regionların hərtərəfli inkişafı və sosial xidmətlərin əlçatanlığının artırılması paytaxta olan miqrasiya təzyiqini əhəmiyyətli dərəcədə azalda və ölkə daxilində balanslı məskunlaşmanı təmin edə bilər”.

Günel Elxan