Elektron xidmətlərdən istifadə artır İqtisadiyyat

Elektron xidmətlərdən istifadə artır

Tərlan

Son iki ayda "Elektron Hökumət" portalından ümumi istifadənin 26 faizə qədəri Nazirliyin e-xidmətlərinə aid olub. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə müraciətlərin sayı artmaqda davam edir. Cari ilin fevral ayında nazirliyin e-xidmətlərindən istifadə sayı əvvəlki yanvar ayı ilə müqayisədə 56,7 faiz artaraq 273 724-ə çatıb.
Nazirliyin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən faydalananların sayında da artım özünü göstərib. Belə ki, fevral ayında əhali "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidmətindən 180 061 dəfə, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən isə 25 578 dəfə istifadə edib ki, bu da yanvar ayı ilə müqayisədə müvafiq olaraq 45,6 faiz və 11,2 faiz çoxdur.
Qeyd edək ki, əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar istifadəyə verilən hər iki e-xidmət son iki ilə yaxın müddətdə vətəndaşların ən çox müraciət etdiyi e-xidmətlər sırasındadırlar. Bununla yanaşı, fevral ayında əhali nazirliyin "İş yerinə dair arayış" e-xidmətindən 14 751 dəfə, "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" e-xidmətindən 13 229 dəfə faydalanıb. "Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator" e-xidmətindən 5 355 dəfə, "İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru" e-xidmətindən 4 560 dəfə, "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" e-xidmətindən isə 1 584 dəfə istifadə qeydə alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə yeni elektron müraciət və təyinat sisteminin tətbiqi ilə əlaqədar fevral ayının sonlarına doğru əhalinin istifadəsinə verilən "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" e-xidməti əhalinin geniş şəkildə yararlandığı e-xidmətlərdən birinə çevrilib. Qısa müddətdə bu e-xidmətə artıq 28 606 dəfə müraciət olunub. Ümumilikdə cari ilin yanvar-fevral aylarında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 448 432 dəfə istifadə edib ki, bu da son iki ayda "Elektron Hökumət" portalından ümumi istifadənin (1 727 877 dəfə istifadə) 26 faizə yaxını deməkdir.