İsrail şirkətlərinin Azərbaycana marağı böyükdür İqtisadiyyat

İsrail şirkətlərinin Azərbaycana marağı böyükdür

Tərlan

İqtisadiyyat naziri Şahin Mustafayev İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib. Görüşdə Şahin Mustafayev Azərbaycan-İsrail əlaqələrinin inkişaf etdiyini vurğulamış, yaradılmış müqavilə-hüquqi bazanın və keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd etmişdir. Hazırda Azərbaycanda 37 İsrail şirkəti fəaliyyət göstərir, bu şirkətlər tenderlərdə də iştirak edirlər. Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdıran Şahin Mustafayev səhiyyə, əczaçılıq, kənd təsərrüfatı, İKT, turizm, qeyri-neft məhsullarının ixracı sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu, qeyri-neft sektorunda birgə müəssisələrin yaradılmasının mümkünlüyünü qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan əczaçılıq məhsullarının istehsalında maraqlıdır və bu sahədə İsrail ilə birgə istehsal müəssisəsinin yaradılması mümkündür. Bundan başqa, kənd təsərrüfatında intensiv motodların tətbiqi sahəsində təcrübənin öyrənilməsi, müasir texnologiya və avadanlıqların gətirilməsi və Azərbaycanda birgə istehsalının təşkili sahəsində əməkdaşlıq imkanları genişdir. Xarici şirkətlərin, o cümlədən İsrail iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün sənaye parklarında da əlverişli şərait yaradılmışdır. Qeyri-neft sektorunda ölkəmizin potensialı ilə yaxından tanış olmaq və əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə nazir Şahin Mustafayev İsrail şirkətlərini Azərbaycana səfərə dəvət etmişdir.
Görüşdə nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırmış, Ermənistanın növbəti təxribatı nəticəsində cəbhə xəttində yaşanan son hadisələr barədə səfiri məlumatlandırmışdır. İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsini təşviq etdiyini vurğulamışdır. Səfir Dan Stav İsrail şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən əczaçılıq, nəqliyyat və telekommunikasiya, suvarma sahəsində avadanlıq istehsalı sahələrinə maraq göstərdiyini diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.