Bank soyğunçuluğu parlamentin gündəmində İqtisadiyyat

Bank soyğunçuluğu parlamentin gündəmində

Əli Məsimli: "Bəzi banklar borcların qaytarılması üçün insanların daşınan və daşınmaz əmlaklarını, maaşlarını bütövlükdə ələ keçiriblər"

Milli Məclisin 2016-cı ilin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. İclasın gündəliyinə 12 məsələ daxil edilib.
İlk olaraq H.Q.Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsinə baxılıb. Həmçinin, "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında", "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihələrinə baxılıb.
İclasda "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Məlumat azadlığı haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Dövlət qulluğu haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlarda, Cəzaların İcrası, Cinayət və Mülki məcəllələrdə dəyişikliklər də müzakirə olunacaq. Bundan başqa, "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılıb.
İclası spiker Oqtay Əsədov açaraq, gündəliyi elan edib. İlk olaraq "Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında" sənəd müzakirəyə çıxarılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə büdcənin icrası barədə məlumat verərək bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi iqtisadiyyata da öz mənfi təsirini göstərib. O qeyd edib ki, 2015-ci ildə iqtisadi inkişafa nail olunub və bu, özlüyündə böyük nailiyyətdir: "Ötən ildə büdcənin icrasında vergi və gömrük komitəsi proqnozu artıqlaması ilə yerinə yetirib. Vergi-gömrük sistemindəki iqtisadi islahatların nəticəsində büdcənin gəlirləri üzrə proqnozlar uğurla həyata keçirilib. Ölkənin müdafiəsi ilə bağlı xərclərində heç bir azalma olmayıb. Təhsil, səhiyyə, mədəniyyət xərclərinin xüsusi çəkisi artıb. Son 5 ildə aqrar sektorun inkişafına 2,5 mlrd. manat ayrılıb. Dövlət büdcəsində Dövlət Neft Fondu üstünlük təşkil edir. 2013-cü ildə transfert 11,3 mlrd. manat, 2015 də 8 mlrd. manat təşkil edib. Gələcəkdə Dövlət Neft Fondunun gələcək nəsillər üzrə optimal bölüşdürülməsi təmin ediləcək. Yaxın gələcəkdə Qəbələ də dotasiya almayan şəhərlər arasında yer alacaq. Gələcəkdə büdcə gəlirlərinin artması nəticəsində büdcənin strukturu da təkmilləşəcək. dövlət büdcəsini kəsiri də kifayət qədər məqbul olub. Son on ildə dövlət büdcəsinin kəsiri proqnozdan artıq olmayıb. bu da düşünülmüş büdcə siyasətinin nəticəsidir. Azərbaycan büdcə sistemi artıq oturuşub. 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 438 mln. manat proqnoza qarşı 90% icra olunaraq 17 498 mln. manat olub. Bu göstərici 2014-cü illə müqayisədə 902,6 mln. manat və ya 4,9% azdır. 2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 8 130 mln. manatı və ya 46,5%-i Dövlət Neft Fondundan transfertin, 7 118,3 mln. manatı və ya 40,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1591,9 mln. manatı və ya 9,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 657,8 mln. manatı və ya 3,7%-i digər mənbələr üzrə daxilolmaların payına düşüb (202,2 mln. manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 7,6 mln. manatı Əmlak Məsələləri Dövlət Komitəsindən daxilolmalar, 448 mln. manatı sair daxilolmalar hesabına formalaşıb). 2015-ci il dövlət büdcəsinin xərcləri 21 100 mln. manat proqnoza qarşı 17 784,5 mln. manat və ya 84,3% icra edilib. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 32,7% təşkil edib. Strukturuna görə 2015-ci il dövlət büdcəsi xərclərinin 9 763,1 mln. manatı və ya 54,9%-i cari xərclərə (2014-cü illə müqayisədə 134,5 mln. manat və ya 1,4% az), 7 316,9 mln. manatı və ya 41,1%-i əsaslı xərclərə (2014-cü illə müqayisədə 1115,6 mln. manat və ya 13,2% az), 704,5 mln. manatı və ya ümumi xərclərin 4%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2014-cü illə müqayisədə 325,6 mln. manat və ya 1,9 dəfə çox) yönəldilib. 2015-ci ilin dövlət büdcəsində 286,5 mln. manat məbləğində büdcə kəsiri (defisit) olub. Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxiolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib. 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 1433,9 mln. manat təşkil edib".
Daha sonra Hesablama Palatasının rəyi dinlənilib və qanun layihəsi ətrafında müzakirələr başlayıb.
Modern.az xəbər verir ki, deputat Zahid Oruc hökumətdə struktur və idarəetmə islahatlarının həyata keçirilməsinin zəruri olduğunu bildirib. Onun sözlərinə görə, ölkəni elektrik enerjisi ilə təmin edən "Azərenerji" ASC-nin dövlət borcu bir milyard manata yaxınlaşır. "Artıq bu vəziyyət bizi vadar edir ki, belə bir qurumun idarə edilməsinə yenidən baxmaq lazımdır. Bu qurumun özəl idarəetməyə verilməlidir", - deyə o vurğulayıb. Zahid Oruc yarımçıq qalmış layihələrin başa çatdırılmasının vacibliyini dilə gətirib: "Anlayıram ki, indiki iqtisadi çətinlik dövründə hökumət gəlirlərinə qənat edir və başlanmamış layihələri gələcəkdə həyata keçirəcəyini bəyan edir. Bu, başadüşüləndir.
Ancaq elə kəndlər var ki, ora qaz xətti çəkilib və işin demək olar ki, 90 faizi görülüb, materiallar ortalıqdadır.
Hökumət heç olmasa bu yarımçıq layihələri başa çatdırmalı və oradakı vəsaitlərin xarab olmasına imkan verməməlidir". O, devalvasiyadan sonra ölkədə cinayət hallarının artmasına da diqqət çəkib. "Bir müddət əvvəl maliyyə naziri Samir Şərifov devalvasiya baş verəndə xalqa tövsiyə etdi ki, pulunuzu evdə deyil, banklarda saxlayın. Əks təqdirdə bu pullar oğurlanacaq. Bəli. Artıq son dövrlərdə sosial cinayətlərin sayı artıb. Artıq az qala millət vəkillərinin evlərinə oğurluğa girsinlər. Ona görə də təklif edirəm ki, hökumət dollarizasiya prosesini başa çatdırmalıdır".
Büdcə oğurluğu ilə bağlı məsləyə aydınlıq gətirən Zahid Oruc deyib ki, təkcə cəzaların ağırlaşdırlması ilə bu sahədə effektli nəticə əldə etmək mümkün deyil: "Onun üçün də struktur və idarəetmə sahəsində islahatlar sürətləndirilməlidir."
Millət vəkili eyni zamanda son dövrlərdə ölkədən Gürcüstana axan maliyyə resursları barədə də danışıb: "Gürcüstan bizdən zəif ölkədir. Ancaq bu ölkədə iqtisadi cəlbedicilik o qədər yaxşıdır ki, maliyyə bu ölkəyə axır. Maliyyə təkcə Azərbaycandan deyil, eyni zamanda Türkiyədən bu ölkəyə axır. Bunu araşdırmaq lazımdır".
Deputat Əli Məsimli bildirib ki, 2015-ci ilin büdcəsi bir sıra məqamlara görə qənaətbəxşdir. "2015-ci il ağır keçən illərdən biridir, amma büdcənin qorunub saxlanması asan iş deyil və bunu müsbət qiymətləndirmək lazımdır. 2015-ci il 21 fevral devalvasiyasından sonra yeni situasiyanın yaranması nəticəsində qum saatı işə düşüb. Bütövlükdə vahid maliyyə-pul-kredit siyasətinin həyata keçirilməsi vaxtıdır.
Bu böhranlı vəziyyətdən tez çıxması üçün koordinasiya gücləndirilməlidir. Maliyyə, pul-kredit siyasəti manatın sabitliyi, inflyasiyanın aşağı saxlanması üçün deyil, həmçinin yeni iş yerlərinin açılması üçün də əhəmiyyətli olmalıdır. Kredit problemlərini həll etmədən bank sistemin sağlamlığına nail olmaq mümkün deyil. Təkliflər hazırlayıb aidiyyatı strukturlara göndərmişik. Bir ay keçib və cavablar gözləyirik".
Deputat son zamanlar bəzi bankların insanların borclarının qaytarması üçün soyğunçuluq və qeyri-insani davranışlara əl atmasını da diqqətə çatdırıb.
"Bəzi banklar borcların qaytarılması üçün insanların daşınan və daşınmaz əmlaklarını, maaşlarını bütövlükdə ələ keçiriblər. Bununla yanaşı, ailə başçılarını itirən şəxslərə dövlət tərəfindən verilmiş müavinətlərini də yüz faiz almağa başlayıblar. Bu qanuna və insanlığa uyğun deyil. Məhkəmələrdə banklara kredit borcunun qaytarılması üçün əmək haqqından 50 faizdən artığını tutmağa icazə verilmirdi. Bəzi banklar bu addımı atır.
Və bu bankçılıq deyil, soyğunculuqdur".
Deputat Elmira Axundova qeyd edib ki, "2015-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi çox şəffaf hazırlanıb.
Deputat həmçinin layihənin müsbət tərəfləri ilə yanaşı, çatışmazlıqların olduğunu da dilə gətirib. "Ötən il ölkəmizdə neft gəlirlərinin azalması arzuolunmaz olmasa da, qeyri- neft sektorunun inkişafına təsir göstərdi. Belə ki, ötən il qeyri-neft sektorundan gələn gəlirlər 16.3 faiz artıb. Bu, çox müsbət rəqəmdir.
Bütün bunlar göstərir ki, dövlət vəsaitləri daha səmərəli, effektli və qənaətli sərf edilməlidir. Respublikada eyni funksiyansı icra edən qurumlar, şöbələr birləşdirilə bilər.
Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən bu prosesə artıq start verilb və davam etidirilir. Ötən ilin büdcəsinin icrasına baxdıqda elə sahələr var ki, onlar üzrə vəsaitlər sərf olunmayıb. Misal üçün səhiyyə.
Təhsil sahəsində vəsaitlər 10 faiz istifadə edilməyib. Bu məsələlərə diqqət etməliyik. Ölkəmizin inkişafında mühüm olan digər sahə kənd təsərrüfatıdır ki, bu sahəyə daha da diqqət etməli, onun inkişafına dəstək verilməlidir".
Elmira Axundova xarici ölkələrdə çalışan diplomatların pensiyaların artırılması təklifi ilə çıxış edib. O bildirib ki, xaricdən qayıdan diplomatların pensiya məsələsi əsas problemlərdən biridir.
"Başqa ölkələrdə çalışan səfirlərimiz ölkəmizə qayıdıb pensiyaya çıxanda məlum olur ki, onların penisiyaları yaşayış minimumundan biraz artıq olur. Bilirsiniz ki, səfir işi o qədər də asan deyil. Onlar uzun illər ailədən uzaq düşür, respublikanın imicini şərəfli qoruyur, dövlətimizə ləyaqətlə çalışırlar.
Ümumiyyətlə ölkəmizdə Xarici İşlər Nazirliyinin işçilərinə az təqaüd ayrılır. Bu, xoşagəlməzdir.
Ölkəmizdə pensiyalar əhəmiyyətli dərəcədə artmaqdadır. Deputatlar, dövlət qulluğunda, hərbi sahədə çalışanlar yüksək pensiya alır. Bu baxımdan düşünürəm ki, diplomatiya sahəsində çalışanların da pensiyaları yüksək olmalıdır".
Deputat Fazil Mustafa bildirib ki, devalvasiyadan sonra yerli istehsalın geriləməsi baş verir. "Çox sayda müəssisələr, quşçuluq fabrikləri bağlanır. Rusiyadan gətirilən dondurmalara üstünlük verilir. Əgər dondurmanı istehsal edə bilmiriksə,başqa məqamlardan danışmağa ehtiyac yoxdur. AZAL, "Azernerji", səhiyyə müəssisələrinin özəlləşdirilməsi aparılmalıdır ki, problemlər aradan qaldırılsın. Təhsil Nazirliyinin keçirdiyi tədbirdə diqqət yetirdim, 11-ci sinif şagirdlərin boyu 1.65 və ya 170 sm-dən yuxarı deyil. Əksəriyyətinin də beli əyridir. Sanki bu uşaqlar idmanla məşğul olmayıblar. İdman sektoruna nəzarət edilməlidir. Voleybol sahəsində ölkədə inkişaf oldu. Amma basketobulumuz, həndbolumuz öldü, yaşıl meydançalar azaldı. Xaricdən gətirilən idmançılara xərclənən vəsait aradan qaldırılmalıdır, biz bu vəsaitə öz gənclərimizi yetişdirməliyik. İdman gənclərin sağlamlığı üçün vacib olduğu üçün hökümət bu sahəyə diqqət yetirməlidir".

Əli