Neftin qiyməti manatın məzənnəsinə necə təsir göstərəcək? İqtisadiyyat

Neftin qiyməti manatın məzənnəsinə necə təsir göstərəcək?

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib. Ötən gecə Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 0,60 dollar bahalaşaraq 45,47 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 48,03 dollar olub.
"Azəri Layt" markalı neftin bir barrelinin qiyməti isə 1,39 dollar bahalaşaraq 48,97 dollar təşkil edib. Neftin qiymətnin artması qara qızılın və manatın gələcəyilə bağlı nə vəd edir?
İqtisadçı Qalib Toğrul deyir ki, neftin qiymətinin son həftələrdəki yüksəliş meyli Azərbaycan əhalisində 2 mühüm sual doğurub: "Birincisi, bu qiymət artımı davamlı olacaqmı? İkincisi, neftin qiymətinin yüksəlməsi özünü manatın məzənnəsində necə təcəssüm etdirəcək və ya etdirəcəkmi?
Beynəlxalq Enerji Agentliyinin hesabatında 2016-cı ildə və 2017-ci illə bağlı gündəlik tələbin artacağı, OPEK-in bazara çıxardığı neftin həcminin 2016-cı ildə dəyişməyəcəyi, gələn il isə az da olsa azalacağı proqnozlaşdırılır".
Qalib Toğrulun sözlərinə görə, neftin qiymətində artım Rusiya, Venesuela və Səudiyyə Ərəbistanını apreldəki kimi oxşar bəyanatlar verməyə həvəsləndirib: "Hər 3 ölkənin yüksək rütbəliləri (prezident və baş nazir səviyyəsində) neftin təklifinin tənzimlənməsi ilə bağlı müzakirələrin yenidən başlanmasını istisna etməyiblər. Bu amilin də bazara qısamüddətli psixoloji təzyiqi qaçılmazdır.
Ancaq ortamüddətli dövrdə qiymətin artacağına əksər ekspertlər ümidsiz yanaşır. Çünki ABŞ-ın yüksək neft ehtiyatları neftin qiymətini daimi təzyiqdə saxlayır. OPEK-in bazara çıxardığı neftin həcminin əhəmiyyətli şəkildə azaldılması ilə bağlı razılaşmaların olacağı isə inandırıcı görünmür. İran iyulda gündəlik neft hasilatını əvvəlki 3 aydakı 3.45 milyon göstəricisinə qarşı 3.63 milyon barelə çatdırıb. Bu barədə OPEK-in son hesabatında da məlumat verilib".
İranın gündəlik hasilatı sanksiyalardan öncəki 4 milyon barelə çatdırmağa qərarlı olduğunu qeyd edən iqtisadçı bildirib ki, hazırkı dövrdə qiymətlərin artımı ilə bağlı istənilən addım İranın xeyrinə işləyəcək: "OPEK ölkələrinin hasilatı dondurması real görünmür, onlar hətta indiki halda belə kartelin bazardakı payının azalmasından çox narahatdırlar. ABŞ-ın neft hasilatını artırması ilə bağlı faktor da qiymətlərin yüksəlməsinə və OPEK-in razılaşmasına neqativ təsir göstərən amillərdəndir. Bu şərtlər daxilində ilin sonuna kimi neftin qiymətinin kəskin yüksəlişi gözlənilmir.
İndiki qiymət artımının da uzun sürməyəcəyi proqnozlaşdırılır. Proqnozlara inansaq ki, bir barelin orta qiyməti bu ilin 3-cü rübündə 45 dollar, 4-cü rübündə isə 40 dollar olacaq".
Qalib Toğrul əlavə edib ki, qiymətlərin hazırkı yüksəlişi manatın dollara nəzərən möhkəmlənməsini az şərtləndirir: "Neftin qiymətindəki 5-6 dollarlıq dayanıqsız yüksəlişin Azərbaycanda manatı möhkəmləndirəcəyi real deyil. Rusiya kimi ölkələrdə belə eniş və yüksəlmələr milli valyutanın kursunda kiçik də olsa dəyişikliklərə yol açsa da, Azərbaycanın milli valyutasının tam olaraq üzən kursa keçməməsi və qonşu ölkə ilə müqayisədə kiçik neft istehsalçısı olmağımız yaxın dövrdə manatın kursinda əhəmiyyətli müsbət dəyişikliyin olmasını istisna edir".