Azərbaycan-Rusiya sərhədindəki sıxlıq nə vaxt aradan qaldırılacaq? İqtisadiyyat

Azərbaycan-Rusiya sərhədindəki sıxlıq nə vaxt aradan qaldırılacaq?

Azərbaycan-Rusiya sərhədində yaranan avtonəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq məqsədilə dünən iki ölkənin gömrük və sərhəd xidmətləri nümayəndələri arasında sərhəddə baş tutan görüş yekunlaşıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyəti Rusiya tərəfdəki sərhəd-keçid məntəqəsində yaranan problemin avtonqliyyat vasitələrinin sıxlığına səbəb olduğunu və tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Rusiyanın gömrük və sərhəd xidmətlərinin nümayəndələri də sərhəd-keçid məntəqəsindən avtonəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinin təmin edilməsi üçün bütün zəruri addımların atıldığını, gün ərzində sərhəddən 150-yə qədər nəqliyyat vasitəsinin keçidini təmin etməyə çalışdıqlarını və sıxlığın tez bir zamanda aradan qaldırılması üçün bütün imkanların səfərbər olunduğunu bildiriblər.
Xatırladaq ki, Azərbaycan-Rusiya sərhədində yaranan problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb.