Hərraca 141 dövlət əmlakı çıxarılıb İqtisadiyyat

Hərraca 141 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aprelin 18-də keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Komitədən bildirilib ki, bu hərraca ümumilikdə 141 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyət, 29 kiçik dövlət müəssisəsi və obyekti, 87 istifadəsiz qeyri-yaşayış sahəsi çıxarılıb. Həmin hərraca çıxarılan əmlaklarla linkində tanış olmaq olar. Hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsində, "privatization.az" portalında və "facebook" səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan və həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür.
Qırx üç kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı və Sumqayıt şəhərlərində, habelə Şəmkir, Lənkəran, Zaqatala, Tərtər, Balakən və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Sumqayıtda yerləşən "3 saylı avtomobillərə qazdoldurma stansiyası", Lənkəranda yerləşən "2 saylı yanacaqdoldurma məntəqəsi", Şəmkir rayonunda yerləşən "Çinar soyuducular zavodunun Şəmkir filialı" kimi iri müəssisələr var.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Balakəndə yerləşən "Əmlak kompleksi"nə aiddir. Bir milyon 17 min manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 11266,4 kvadratmetr, torpaq sahəsi isə 37602 kvadratmetr təşkil edir. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 26-sı paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Nəsimi rayonundadır. Belə ki, bu əmlak 110 min manat start qiyməti ilə hərraca çıxarılıb.
Budəfəki hərracda 25 səhmdar cəmiyyətin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətlər məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və digər sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Bərdə Tikinti Quraşdırma", "Beyləqan Sənaye Kombinatı", "Yevlax Tikinti", "Salyan Aqrotexservis", "Salyan Broyler", "İsmayıllı Sənaye İstehsal" kimi səhmdar cəmiyyətlər var. Özəlləşdirmə portalına daxil olmaqla (privatization.az) səhmdar cəmiyyətlərin nizamnamə kapitalının həcmi, buraxılmış səhmlərin ümumi sayı, satışa çıxarılan səhmlərin nominal dəyəri barədə geniş informasiya əldə etmək olar.
Xatırladaq ki, istənilən şəxs və ya media nümayəndəsi hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərracları da canlı izləmək mümkündür. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştiraka dəvət edir. Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci mərhələdə komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verilir, daha sonra isə əmlakın satış qiymətinin 10 faizi məbləğində beh ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.