Neft 40 dollardan aşağı düşə bilər İqtisadiyyat

Neft 40 dollardan aşağı düşə bilər

"Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 2,8 faiz aşağı düşərək bir barel üçün 46,63 dollar təşkil edib.
İqtisadçı ekspert Vüqar Bayramov Teleqraf.com-a bildirib ki, bu il ilk dəfə "Brent" markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağı düşüb:
"Əslində, son 2 ayda dünya neft bazarındakı balans "qara qızıl"ın qiymətinin azalacağına işarə verirdi. OPEC-in hasilatın azaldılması ilə bağlı razılaşmasının artıq bazara təsir imkanları məhdudlaşmaqdadır.
Hasilatın azaldılması OPEC, eləcə də təşkilata üzv olmayan bir neçə dövlətin, xüsusən Rusiyanın bazar payını azaltsa da, anlaşmaya qoşulmayan ölkələr hasilatı artırırlar. ABŞ qlobal neft hasilatında mövqeyini gücləndirməkdədir.
İkincisi, şist neftin maya dəyəri aşağı düşdükcə OPEC-in bazara təsir imkanları azalır. Bir neçə il öncə hər barelinin maya dəyəri 65 dollara başa gələn şist neftin xərci artıq 35 dollara yaxınlaşır. Bu, o deməkdir ki, şist nefti bazarda əsas rəqib statusunu gücləndirməkdədir".
Vüqar Bayramov deyir ki, Səudiyyə Ərəbistanının bazarda zəifləyən mövqeyini İran və İraq əvəz edir: "Gündəlik hasilatını 486 min barel azaldaraq 10.4 milyon barelə düşürən Səudiyyə gündəlik 4.351 milyon barel istehsalı olan İraq, gündəlik hasilatı 3.797 milyon barelə çatdıran İranın bazar payının artmasında maraqlı görsənmir.
Gündəlik 2.2 milyon barel hasilatı olan Nigeriya istehsalı 1 il sonra 2.5 milyon barelə çatdırmaq niyyətindədir. Liviya gündəlik hasilatı 700 min barelə çatdırıb və il ərzində əlavə yarım milyon barel gündəlik hasilat da hədəfləyir. Bunlar isə neft bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərməkdədir.
Saudi Armako şirkəti 2018-ci ildə Muajjiz yatağından neft hasilatını artımağı planlaşdırır ki, bu da sözügedən ölkənin gündəlik hasilatlnı 15 milyon barelədək yüksəldə bilər. Nəhayət, OPEC hasilatın azaldılması ilə bağlı anlaşmanı uzatsa da, bunun uzunömürlü olacağı gözlənilirmir. Artıq ölkələr bazar payını itirməkdən ehtiyatlanırlar.
Bir haşiyə çıxım ki, ötən ilin aprel ayında Vyanada OPEC-nin baş katibi ilə görüşəndə o bildirdi ki, təşkilat qiymətin yaxın illərdə hər barel üçün 55-60 dollardan çox olacağını gözləmir. Onun fikirincə, yüksək qiymət daha çox şist neft hasilatı və potensial kəskin qiymət azalmaları deməkdir".
Ekspert deyir ki, OPEC hasilatın azaldılmasl ilə bağlı anlaşmanı ən azı birinci mərhələdə nəzərdə tutulan müddət qədər uzatsa, qiymət stabilliyi müşahidə edilə bilər:
"Amma uzun müddətli qiymət stabilliyinə nail olmaq çox çətin görsənir. Neft ölkələri, eləcə də Azərbaycan üçün bu xammalın dünya bazar qiyməti olduqca vacibdir.
Doğrudur, son 3 ildə Azərbaycan iqtisadiyyatı neftin mövcud qiymətlərinə transformasiya olunub. Əslində, neftin bir barrelinin 50 dollar ollması da ölkəmiz üçün uyğundur. Amma ən vacibi təbii ki, qiymət stabilliyidir. Qırmızı xətt isə neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər.
Azərbaycanın gündəlik neft ixracatı 596 min bareldir. Neftin dünya bazarındakı hazırkı qiymətini nəzərə alsaq, gündəlik neft ixracatından Azərbaycana daxil olan vəsaitin həcmi kiçik kənarlaşmalarla istehsal və daşınma xərcləri də daxil olmaqla 29,0 milyon dollardır. Bu vəsaitin orta hesabla 75 faizi Azərbaycan dövlətinə çatır. Deməli, neftin qiymətindəki hər 2 dollarlıq azalma gündəlik 1 milyon dollardan artıq fərq deməkdir".