İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul edib İqtisadiyyat

İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul edib

Dünən İqtisadiyyat naziri Şahin Mustafayev Biləsuvarda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Qəbulda digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşların müraciətlərinə də baxılıb. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, müraciət edilən məsələlərlə bağlı ətraflı izahat və məlumat verilib, əksər məsələlər yerindəcə həll edilib.
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib. Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi sahələrin inkişafı, sənaye və kənd təsərrüfatı müəssisələrinin yaradılması, əkin sahələrinin suvarılmasına və sahibkarlıq subyektinə qaz təchizatı məsələsində köməkliyin göstərilməsi, investisiya təşviqi sənədinin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, quşçuluq, arıçılıq, əkinçilik, meyvəçilik, dəri emalı sahəsinin genişləndirilməsi, pambıqçılıq, xurma istehsalı, istixana təsərrüfatının yaradılması, soyuducu anbarın tikilməsi və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Ümumilikdə qəbulda 50-ə yaxın vətəndaş müraciət edib.