“Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə yüksəlir” İqtisadiyyat

“Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə yüksəlir”

“Prezident İlham Əliyevin avqustun 23-24-də Özbəkistan Respublikasına dövlət səfəri müttəfiqliyin daha da möhkəmləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi, eləcə də regional əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın xarici siyasət prioritetləri sırasında Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tutur və bu baxımdan Özbəkistanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəsinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var:

“Ümummilli Liderin 1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafının mühüm siyasi əsaslarını formalaşdırdı. Həmin səfər zamanı imzalanan sənədlər Azərbaycan–Özbəkistan əməkdaşlığının hüquqi bazasının möhkəmləndirilməsinə mühüm töhfə verdi.

Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilib və yeni məzmunla zənginləşdirilib. Dövlət başçımızın Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qarşılıqlı etimada əsaslanan münasibətləri iki ölkə arasındakı əlaqələrin inkişafında mühüm amilə çevrilib”.

Könül Nurullayeva bildirib ki, son illərdə qarşılıqlı səfərlərin intensivliyi də münasibətlərin dinamikasını aydın şəkildə nümayiş etdirir:

“Son beş ildə qarşılıqlı həm dövlət, həm də işgüzar səfərlər baş tutub. Bu görüşlər zamanı imzalanmış çoxsaylı sənədlər Azərbaycan–Özbəkistan münasibətlərinin siyasi və hüquqi bazasını daha da möhkəmləndirib.

Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə, Ali Dövlətlərarası Şuranın yaradılması haqqında Müqavilə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə keçdiyini təsdiqləyən mühüm sənədlərdir”.

Deputat vurğulayıb ki, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

“2023-cü ildə təsis edilən bu mühüm mexanizm iki ölkənin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında mühüm rol oynayır. Şuranın ilk iclası 2024-cü ildə Daşkənddə, ikinci iclası isə 2025-ci ildə Bakıda keçirilib. Bu gün keçirilən üçüncü iclas isə əldə edilmiş nəticələrin qiymətləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və gələcək fəaliyyət üçün konkret hədəflərin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Könül Nurullayeva qeyd edib ki, səfər çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra mühüm sənədlərin imzalanması da nəzərdə tutulur. Onun sözlərinə görə, bu, iki ölkə arasında artıq formalaşmış geniş müqavilə-hüquq bazasının daha da zənginləşdirilməsinə xidmət edəcək.

Deputat Azərbaycan–Özbəkistan münasibətlərinin ən sürətlə inkişaf edən istiqamətlərindən birinin iqtisadi əməkdaşlıq olduğunu bildirib:

“Son illərdə qarşılıqlı ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə konkret layihələrin sayı əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycanda 130-dan çox Özbəkistan şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iqtisadi layihələrə cəlb olunması iki ölkə arasında əməkdaşlığın yalnız ənənəvi iqtisadi əlaqələrlə məhdudlaşmadığını, həm də Azərbaycanın Böyük Qayıdış proqramında qardaş Özbəkistanın fəal iştirak etdiyini göstərir”.

Könül Nurullayeva iki ölkənin əməkdaşlığında nəqliyyat və tranzit məsələlərinin də xüsusi yer tutduğunu vurğulayıb:

“Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onları Şərq-Qərb nəqliyyat bağlantılarının inkişafında mühüm tərəfdaşlara çevirir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımaların həcminin 1,4 milyon tona çatması bu istiqamətdə əməkdaşlığın real nəticələrini göstərir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan dəmir yolları və Xəzər üzərindən keçən marşrutlar Özbəkistanın dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayır”.

Deputat energetikanın da Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib:

“Özbəkistanın “OZLITINEFTGAZ” İnstitutu ilə SOCAR-ın “Neftqaztexnologiya” birgə müəssisəsi əsasında həyata keçirilən əməkdaşlıq iki ölkənin neft-qaz sektorlarının imkanlarının birləşdirilməsinə nümunədir. Gələcəkdə enerji sahəsində əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün də geniş potensial mövcuddur”.

Könül Nurullayeva Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusi məqamlarından birinin qardaş Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı olduğunu bildirib:

“Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin inşa edilməsi bunun ən parlaq nümunələrindəndir. Müasir təhsil infrastrukturu ilə təmin olunan məktəbdə yüzlərlə şagird təhsil alır. Füzulidə 100 hektar ərazidə salınması nəzərdə tutulan “Dostluq bağı” adlı nar bağı layihəsi də iki ölkə arasındakı qardaşlığın canlı simvollarından birinə çevriləcək. Burada Azərbaycan və Özbəkistanın nar sortlarının yetişdirilməsi planlaşdırılır.

Bu layihələr Azərbaycan torpaqlarının bərpasına və Böyük Qayıdış prosesinə dost və qardaş Özbəkistanın verdiyi mənəvi və praktiki dəstəyin ifadəsidir”.

Deputat Azərbaycan və Özbəkistan arasında münasibətlərin regional və beynəlxalq əməkdaşlıq baxımından da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək nümayiş etdirir.

“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi qoşulması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən yeddinci Məşvərət Görüşündə Azərbaycanın bu prosesdə tamhüquqlu iştirakı barədə qərarın qəbul edilməsi Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin strateji xarakterini bir daha təsdiqlədi.

Beləliklə, Azərbaycanın iştirakı ilə daha geniş “C6” formatı yarandı. Bu isə Mərkəzi Asiya ilə Azərbaycan arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə keçməsinə imkan yaradır”.

Könül Nurullayeva Türk Dövlətləri Təşkilatı çərçivəsində də Bakı və Daşkəndin mövqelərinin üst-üstə düşdüyünü bildirib:

“Azərbaycan və Özbəkistan TDT-ni ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan türk dünyasının birlik platforması kimi qiymətləndirirlər”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri artıq möhkəm siyasi və hüquqi baza üzərində qurulan Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələyə daşınması baxımından mühüm hadisədir:

“Səfər zamanı keçirilən ikitərəfli görüş və Ali Dövlətlərarası Şuranın üçüncü iclası qarşılıqlı münasibətlərin bütün istiqamətlərinin nəzərdən keçirilməsinə, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə və mövcud layihələrin sürətləndirilməsinə imkan verir”.

Günel Elxan