“Azərbaycan–Özbəkistan münasibətləri artıq regional geosiyasi proseslərə təsir edən strateji tərəfdaşlıq platformasıdır” Siyasət

“Azərbaycan–Özbəkistan münasibətləri artıq regional geosiyasi proseslərə təsir edən strateji tərəfdaşlıq platformasıdır”

“Azərbaycanın xarici siyasət xəritəsində Mərkəzi Asiya xüsusi strateji çəkiyə malikdir. Bu coğrafiyada Özbəkistanla münasibətlər isə yalnız diplomatik əlaqələrin uğurlu nümunəsi deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və gələcəyə hesablanmış siyasi iradəyə söykənən müttəfiqlik modelidir. Bu gün Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq regional geosiyasi proseslərə təsir göstərən mühüm tərəfdaşlıq platformasına çevrilib”.

Bunu Milli Məclisin deputatı Elnarə Akimova “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, bu münasibətlərin təməlində, ilk növbədə, iki xalqı birləşdirən dərin tarixi və mənəvi yaxınlıq dayanır:

“Ortaq dil, mədəniyyət, adət-ənənə, tarixi yaddaş və dünyagörüşü Azərbaycan və Özbəkistanı bir-birinə yaxınlaşdıran təbii bağlardır. Lakin müasir dövlətlərarası münasibətlər yalnız tarixi yaxınlıq üzərində qurulmur. Onların dayanıqlı olması üçün siyasi iradə, qarşılıqlı etimad və strateji baxış tələb olunur. Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəsi məhz bu üç amilin vəhdətinin nəticəsidir”.

Elnarə Akimova bildirib ki, bu baxımdan Ulu Öndər Heydər Əliyevin 1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfəri xüsusi əhəmiyyət daşıyır:

“Həmin səfər iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsində mühüm mərhələ oldu və münasibətlərin hüquqi-siyasi bazasının formalaşmasına ciddi təkan verdi.

Sonrakı mərhələdə isə bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən yeni məzmunla davam etdirildi. Dövlət başçısının siyasi iradəsi və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qurduğu qarşılıqlı etimada əsaslanan münasibətlər Bakı-Daşkənd əlaqələrini ən yüksək səviyyəyə yüksəltdi. Son beş ildə Azərbaycan Prezidentinin Özbəkistana iki dövlət və dörd işgüzar səfər etməsi, Özbəkistan Prezidentinin isə Azərbaycana iki dövlət və yeddi işgüzar səfər həyata keçirməsi münasibətlərin intensivliyini və siyasi dialoqun yüksək səviyyəsini aydın nümayiş etdirir”.

Deputatın sözlərinə görə, səfərlərin hər biri münasibətlərin siyasi arxitekturasına yeni elementlər əlavə edib:

“Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə, Ali Dövlətlərarası Şuranın yaradılması haqqında Müqavilə və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkənin münasibətlərini sadəcə siyasi bəyanatlar səviyyəsindən çıxararaq möhkəm hüquqi və institusional müstəviyə keçirib. Təxminən 220 sənədi əhatə edən müqavilə-hüquq bazası da əlaqələrin təsadüfi deyil, sistemli və uzunmüddətli xarakter daşıdığını göstərir”.

Elnarə Akimova Prezident İlham Əliyevin avqustun 23-24-də Özbəkistana növbəti dövlət səfərinin də məhz bu siyasi kursun davamı kimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Səfər çərçivəsində Prezident İlham Əliyevin Prezident Şavkat Mirziyoyevlə ikitərəfli görüşü, eləcə də Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi nəzərdə tutulur. 2023-cü ildə yaradılan bu Şura artıq iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqliyin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib”.

Deputat hesab edir ki, səfəri yalnız ikitərəfli münasibətlər kontekstində qiymətləndirmək düzgün olmazdı:

“Azərbaycan son illərdə Mərkəzi Asiya ilə əlaqələrini ardıcıl şəkildə xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevirib. 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakına dair qərarın qəbul edilməsi bunun mühüm göstəricisidir. Bununla əvvəllər C5 formatında ifadə olunan regional əməkdaşlıq mexanizmi faktiki olaraq C6 formatına yüksəlib və Azərbaycanın Mərkəzi Asiyanın siyasi-iqtisadi gündəliyində artan rolunu institusional şəkildə təsdiqləyib”.

Elnarə Akimova qeyd edib ki, Azərbaycan Mərkəzi Asiyaya kənardan baxan ölkə deyil:

“Tarixi, mədəni və geosiyasi baxımdan bu regionla çoxşaxəli bağlara malik olan Azərbaycan Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa istiqamətləri ilə birləşdirən mühüm nəqliyyat və iqtisadi qovşaqdır. Özbəkistanla münasibətlərin dərinləşməsi bu baxımdan yalnız Bakı-Daşkənd xəttinin güclənməsi deyil, daha geniş regional inteqrasiya imkanlarının genişlənməsi deməkdir”.

Deputat Türk Dövlətləri Təşkilatının da bu prosesin mühüm platformalarından biri olduğunu vurğulayıb:

“Azərbaycan və Özbəkistan TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq mexanizmi kimi deyil, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin gələcəyə daşınması baxımından strateji birlik kimi qiymətləndirirlər. Təşkilatın siyasi, iqtisadi və təhlükəsizlik potensialının artırılması istiqamətində Azərbaycan və Özbəkistanın fəal əməkdaşlığı türk dünyasının qlobal sistemdə daha təsirli aktora çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Elnarə Akimova Azərbaycan–Özbəkistan tərəfdaşlığının mühüm dayaqlarından birinin də iqtisadi münasibətlər olduğunu bildirib:

“Bu münasibətlərin artıq siyasi bəyanatları müşayiət edən əlavə istiqamət deyil, müttəfiqliyin real iqtisadi dayağına çevrildiyini rəqəmlər də göstərir. Azərbaycanda 130-dan çox Özbəkistan şirkətinin fəaliyyət göstərməsi və onların işğaldan azad edilmiş ərazilərdə layihələrə cəlb olunması iqtisadi əməkdaşlığın coğrafiyasının genişləndiyini göstərir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 795 milyon dollara çatması, əvvəlki illə müqayisədə üç dəfədən çox artması isə qarşılıqlı iqtisadi maraqların sürətlə dərinləşməsinin göstəricisidir. 2026-cı ilin ilk beş ayında ticarət dövriyyəsinin daha 33 faiz artması bu dinamikanın davam etdiyini göstərir”.

Deputat investisiya əməkdaşlığının da bu prosesin mühüm istiqaməti olduğunu qeyd edib:

“2023-cü ildə yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti qarşılıqlı investisiyaların artırılması, perspektivli layihələrin maliyyələşdirilməsi və biznes əlaqələrinin genişləndirilməsi üçün institusional baza formalaşdırıb. Hökumətlərarası Komissiyanın 15-ci iclasının 2026-cı il iyulun 17-də Daşkənddə keçirilməsi də iqtisadi gündəliyin ardıcıl və sistemli xarakter daşıdığını göstərir”.

Elnarə Akimova nəqliyyat və tranzit sahəsində əməkdaşlığın Azərbaycan–Özbəkistan münasibətlərinin regional əhəmiyyətini daha da artırdığını bildirib:

“2025-ci ildə iki ölkə arasında tranzit daşımaların həcminin 1,4 milyon tona çatması göstərir ki, Bakı ilə Daşkənd arasındakı əməkdaşlıq yalnız iki bazarın əlaqələndirilməsi ilə məhdudlaşmır. Bu münasibətlər Avrasiyanın nəqliyyat-kommunikasiya xəritəsində yeni imkanların formalaşmasına xidmət edir”.

Deputat enerji əməkdaşlığının da münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib:

“Neft-qaz sənayesində birgə yaradılmış “Neftegaztexnologiya” müəssisəsinin 2016-cı ildən fəaliyyət göstərməsi iki ölkənin texnoloji və sənaye potensiallarının birləşdirilməsi baxımından uğurlu nümunədir”.

Elnarə Akimova bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin ən təsirli tərəflərindən biri onların yalnız hökumətlər səviyyəsində qalmamasıdır:

“Bu münasibətlər artıq xalqların gündəlik həyatında, şəhərlər arasında qurulan qardaşlıq əlaqələrində, təhsil, mədəniyyət, humanitar və ictimai diplomatiya sahələrində də özünü göstərir. Bakı-Daşkənd, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Füzuli-Güliston, Mingəçevir-Namanqan və digər şəhərlər arasında qardaşlaşma əlaqələrinin qurulması siyasi münasibətlərin ictimai və humanitar müstəvidə möhkəmləndiyini göstərir”.

Deputat işğaldan azad edilmiş ərazilərin bərpasında Özbəkistanın iştirakının qardaşlığın sözlə deyil, əməli fəaliyyətlə ifadəsi olduğunu vurğulayıb:

“Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin inşa edilməsi, “Dostluq bağı” layihəsi çərçivəsində 100 hektarlıq nar bağının salınması iki ölkənin münasibətlərinin Qarabağın və Şərqi Zəngəzurun dirçəliş prosesinə də daşındığını göstərir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra formalaşan yeni reallıqlar fonunda xüsusi siyasi və mənəvi məna daşıyır”.

Elnarə Akimova Bakıda yaradılan “Özbəkistan” parkının da iki xalqın dostluğunun şəhər məkanında simvollaşdırılması baxımından diqqətəlayiq layihə olduğunu bildirib:

“Daşkənddə Heydər Əliyev Meydanının mövcudluğu ilə birlikdə bu nümunələr göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri siyasi sənədlərdən kənarda da özünəməxsus yaddaş və rəmzlər sistemi yaradır”.

Deputat mədəni-humanitar əlaqələrin də bu mənzərəni tamamladığını qeyd edib:

“Qarşılıqlı mədəniyyət günlərinin, Şuşa günlərinin, elm və mədəniyyət tədbirlərinin keçirilməsi, media və QHT forumlarının təşkil olunması iki ölkənin cəmiyyətlərini bir-birinə daha da yaxınlaşdırır. 2026-cı ildə QHT-lər üçün ilk birgə qrant müsabiqəsinin elan edilməsi isə dövlətlərarası münasibətlərin vətəndaş cəmiyyəti səviyyəsinə də keçdiyini nümayiş etdirir”.

Elnarə Akimova sonda Prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfərinin daha geniş siyasi məna qazandığını vurğulayıb:

“Bu səfər yeni sənədlərin imzalanması ilə yanaşı, iki ölkənin gələcək strateji gündəliyinin müəyyənləşdirilməsi baxımından mühüm platformadır. Siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, nəqliyyat və tranzit imkanlarının artırılması, humanitar əlaqələrin daha da möhkəmləndirilməsi, türk dünyasında həmrəyliyin gücləndirilməsi və regional əməkdaşlığın yeni formatlarının təşviqi qarşıdakı mərhələnin əsas istiqamətləri sırasında yer ala bilər”.

Günel Elxan