
Deputat müəllimlərin, alimlərin və din xadimlərinin maaşlarının artırılmasını, azad edilmiş ərazilərdə pay torpaqları ilə təminatın sürətləndirilməsini təklif edib
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial və qətiyyətli siyasət nəticəsində torpaqlarını tam azad edərək münaqişəyə son qoyub və bu gün dünyada orta gücə çevrilib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq və abadlıq işləri həyata keçirilir:
“Azərbaycan yalnız torpaqlarını azad etmədi, qısa müddətdə ermənilərin viran qoyduğu bu əraziləri yenidən dirçəltdi. Beləliklə, bu büdcəni də qələbə büdcəsi adlandıra bilərik”.
C.Məmmədov qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsində bir çox sahələrə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. O, xüsusilə elm və təhsil sahəsinə ayrılan vəsaitin artırılmasını dövlət rəhbərliyinin bu sahəyə diqqət və qayğısının göstəricisi kimi qiymətləndirib.
Deputat çıxışı zamanı bir sıra təkliflərini də səsləndirib.
O, məktəb və bağçaların yalnız təhsil müəssisəsi deyil, həm də ideoloji mərkəz kimi fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Məcburi köçkün məktəblərinin fəaliyyətinin optimallaşdırılması zamanı məskunlaşma prosesinin nəzərə alınmasını, bu məsələyə daha həssas yanaşılmasını xahiş edib.
O, məktəb və bağçaların yalnız təhsil müəssisəsi deyil, həm də ideoloji mərkəz kimi fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Məcburi köçkün məktəblərinin fəaliyyətinin optimallaşdırılması zamanı məskunlaşma prosesinin nəzərə alınmasını, bu məsələyə daha həssas yanaşılmasını xahiş edib.
C.Məmmədov müəllimlərin sertifikasiyası ilə bağlı maaş artımında tətbiq edilən 10 və 35 faiz nisbətinə yenidən baxılmasını, bunun 10, 25 və 35 faiz şəklində müəyyənləşdirilməsini təklif edib. Həmçinin sertifikasiyadan keçməyən müəllimlərin də maaşlarının müəyyən qədər artırılmasının vacibliyini bildirib. Deputat ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında çalışan alimlərin maaşlarının artırılmasına, bu mümkün olmadığı halda isə elmi dərəcələrə görə ödənilən məbləğin yüksəldilməsinə çağırıb.
O, işğaldan azad edilmiş ərazilərə köçən əhalinin pay torpaqları ilə daha qısa müddətdə təmin olunması üçün əlavə dəstək tədbirlərinin görülməsini də təklif edib.
C.Məmmədov klub və kitabxanaların da ideoloji mərkəz kimi fəaliyyətinin nəzərə alınmasını, bu müəssisələrin bağlanmasına və işçilərin ixtisarına daha həssas yanaşılmasını istəyib.
Deputat Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikilmiş orta məktəb və musiqi məktəbinin fəaliyyətinin hələ də tam təmin olunmadığını diqqətə çatdıraraq, məsələnin xüsusi nəzarətdə saxlanılmasını xahiş edib.
O, həmçinin gənclər təşkilatlarının, gənclər mərkəzlərinin və olimpiya mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi üçün əlavə dəstək mexanizmlərinin hazırlanmasını təklif edib.
C.Məmmədov din xadimlərinə göstərilən maddi dəstəyin imkan daxilində artırılmasını, eləcə də işğaldan azad edilmiş ərazilərdən kənarda yerləşən tarixi dini abidələrin mərhələli şəkildə təmiri və bərpası üçün dövlət büdcəsindən vəsait ayrılmasının vacibliyini vurğulayıb.
Günel Elxan