Hindistan HHQ 2027-ci ilin martınadək "Tejas Mk-1A" qırıcılarını təhvil alacaq Dünya

Hindistan HHQ 2027-ci ilin martınadək "Tejas Mk-1A" qırıcılarını təhvil alacaq

Hindistan Hərbi Hava Qüvvələri (HHQ) "MiQ-21" təyyarələrini əvəz edəcək yerli istehsal olan "Tejas Mk-1A" yüngül döyüş təyyarələrindən ibarət eskadrilyanı 2027-ci il martın 31-də başa çatacaq cari maliyyə ilinin sonunadək təhvil alacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yeni Dehlidə keçirilən konfransda Hindistan HHQ-nin baş komandanı, aviasiya marşalı Aşuthoş Diksit məlumat verib.

"Ən yaxın vaxtlarda "Tejas Mk-1A" qırıcılarını əldə edəcəyik. Bu maliyyə ili ərzində bu cür təyyarələrdən ibarət eskadrilyamız olacaq", – deyə o bildirib.

Baş komandan xatırladıb ki, "Tejas" qırıcısının hazırlanması proqramı irimiqyaslı milli layihəyə çevrilib. Onun sözlərinə görə, ölkənin HHQ-si "Hindustan Aeronautics Limited" (HAL) dövlət aviasiya korporasiyası ilə birlikdə təyyarənin təkmilləşdirilməsinə ehtiyac duyulan dörd istiqaməti müəyyən edib: "Bu istiqamətlər üzrə işlər artıq demək olar ki, başa çatıb".

"Tejas Mk-1A" qırıcıları Hindistan HHQ-nin istismarından tamamilə çıxarılmış sovet istehsalı olan "MiQ-21" döyüş təyyarələrini əvəz etmək üçün nəzərdə tutulub. Növbəti 15 il ərzində Cənubi Asiya respublikasının hərbi hava qüvvələrinin silahlanmasına 180 ədəd "Tejas Mk-1A" təyyarəsinin daxil edilməsi planlaşdırılır.

Məryəm Quliyeva