12:24
518
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 16 noyabr 2026-cı il tarixli plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı çıxış edib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz mühüm qlobal və regional proseslərin mərkəzində qalmaqda davam edir.
Spiker qeyd edib ki, bu il Azərbaycan dünyanın aparıcı dövlətləri ilə münasibətlərin inkişafı yolunda önəmli addımlar atıb. ABŞ, Almaniya və Birləşmiş Krallıqla imzalanan sənədlər münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldib və uzunmüddətli əməkdaşlıq üçün əlavə imkanlar açıb.
Sahibə Qafarova bildirib ki, 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu, cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat çoxdur. Dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat olacaq. Bu da cari illə müqayisədə təqribən 696 milyon manat çoxdur.
O vurğulayıb ki, gələn il büdcə xərclərinin prioritetləri arasında iqtisadi artımın dəstəklənməsi, əhalinin sosial müdafiəsinin, xüsusən həssas təbəqələrin sosial təminatının daha da gücləndirilməsi əsas yer tutur.
Spikerin sözlərinə görə, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, sərhədlərinin toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması da diqqət mərkəzində olacaq.
O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpa olunması, əhalinin doğma yurdlarına qaytarılması davam etdiriləcək. Süni intellekt texnologiyalarının tətbiqi, təmiz ətraf mühitin və “yaşıl artım”ın təmin olunması da büdcənin prioritetləri sırasındadır.
Sahibə Qafarova əminliyini ifadə edib ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasını təmin edəcək.
Günel Elxan
12:43
357
12:25
511
12:13
371