Taleh Kazımov: “Strateji valyuta ehtiyatlarımız 88,6 milyard dollara çatıb” İqtisadiyyat

Taleh Kazımov: “Strateji valyuta ehtiyatlarımız 88,6 milyard dollara çatıb”

“Manata inam artır, dollarlaşma səviyyəsi tarixi minimuma enib”

“Xalqcəbhəsi.az” xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, 2026-cı ilin ötən dövründə qlobal mühitdə baş verən qeyri-müəyyənliklərə və geosiyasi çağırışlara baxmayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü və ardıcıl siyasət nəticəsində ölkədə iqtisadi inkişaf davam edib, vətəndaşların sosial rifahı yüksəlib və makroiqtisadi sabitlik təmin olunub.
Mərkəzi Bankın sədri qeyd edib ki, 2026-cı ilin oktyabr ayının nəticələrinə əsasən, illik inflyasiya 5,2 faiz təşkil edib. Bu göstərici Mərkəzi Bankın hədəf diapazonuna uyğundur. Oktyabr proqnozlarına əsasən, 2027-2028-ci illərdə orta inflyasiyanın 5,3 faiz olacağı gözlənilir.

Onun sözlərinə görə, 10 ayın nəticələrinə əsasən, iqtisadi artım 1,7 faiz, qeyri-neft ÜDM-in artımı isə 2,9 faiz təşkil edib. Mərkəzi Bankın proqnozlarına əsasən, 2027-ci ilin sonunda ümumi daxili məhsulun artımı 2,3 faiz, qeyri-neft ÜDM-in artımı isə 4,3 faiz səviyyəsində olacaq.
T.Kazımov bildirib ki, xarici ticarət balansının profisiti 9 aylıq gömrük statistikasına əsasən, 10,5 milyard ABŞ dolları təşkil edib. Cari əməliyyatlar balansının 6 aylıq göstəricilərinə əsasən isə 4,7 milyard dollarlıq profisit qeydə alınıb. Bu, ÜDM-in 12,4 faizinə bərabərdir. O qeyd edib ki, 2026-cı ilin sonuna cari əməliyyatlar balansının profisitinin 8,5 milyard dollar, 2027-ci ilin sonuna isə 5,5 milyard dollar ətrafında olacağı proqnozlaşdırılır.
Mərkəzi Bankın sədri vurğulayıb ki, ölkənin strateji valyuta ehtiyatları 4,1 faiz artaraq 10 ayın nəticələrinə əsasən, 88,6 milyard dollara çatıb. Bu ehtiyatlar 40 aylıq mal və xidmət idxalını ödəməyə kifayət edir. O əlavə edib ki, strateji valyuta ehtiyatları manatla geniş pul kütləsini 3,3 dəfə, birbaşa xarici dövlət borcunu isə 20 dəfə üstələyir.
T.Kazımovun sözlərinə görə, valyuta bazarında həm nağd, həm də qeyri-nağd seqmentlərdə təklif tələbi kəskin üstələyib. Vətəndaşların manata və bank sektoruna inamı artmaqda davam edir. Dollarlaşma səviyyəsi illik əsasda 3,3 faiz bəndi azalaraq 25,2 faizə düşüb ki, bu da tarixi minimum göstəricidir.

Günel Elxan