Mikayıl Cabbarov: “8 il öncə vergi islahatı paketi təqdim edilərkən məhz bu nəticələr proqnozlaşdırılırdı” İqtisadiyyat

Mikayıl Cabbarov: “8 il öncə vergi islahatı paketi təqdim edilərkən məhz bu nəticələr proqnozlaşdırılırdı”

İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin 16 noyabr 2026-cı il tarixli plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadiyyatın şəffaflaşması istiqamətində əldə olunan nəticələrdən danışıb.

Nazir bildirib ki, mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşmasıdır.

O qeyd edib ki, cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb ki, bu da qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyir.

Mikayıl Cabbarovun sözlərinə görə, 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb.

Nazir vurğulayıb ki, əmək bazarının şəffaflaşması şəraitində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində dövlət büdcəsindən ayırmaların payı 2018-ci ildəki 36 faizdən cari ilin 10 ayında 20 faizə enib.

“8 il öncə biz vergi islahatı paketini təqdim edərkən, məhz bu nəticələri proqnozlaşdırırdıq”, – deyə Mikayıl Cabbarov bildirib.

Günel Elxan