Litva ABŞ hərbi bazasının yerləşdirilməsi ilə bağlı təkliflərini Vaşinqtona göndərib Dünya

Litva ABŞ hərbi bazasının yerləşdirilməsi ilə bağlı təkliflərini Vaşinqtona göndərib

Litva öz ərazisində daimi əsasda ABŞ hərbi bazasının yerləşdirilməsi ilə bağlı təkliflər paketini Vaşinqtona göndərib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robertas Kaunas LRT milli radiosuna açıqlamasında bildirib.

"Litvada amerikalı müttəfiqlərin hərbi bazasının qurulması ilə bağlı təkliflər ətraflı müzakirə olunub, razılaşdırılıb və ABŞ-dəki tərəfdaşlara təqdim edilib", – deyə o qeyd edib.

Nazir tez bir zamanda nəticə əldə olunacağına ümid etməyin doğru olmadığını vurğulayıb: "Bu, uzunmüddətli danışıqlar prosesidir. Biz hələ bu yolun lap başlanğıcındayıq".

Xatırladaq ki, 2019-cu ildən etibarən Litvada rotasiya əsasında "Abrams" tankları, "Bradley" piyadaların döyüş maşınları və "Paladin" artilleriya sistemləri ilə təchiz olunmuş təxminən 1000 nəfərlik ABŞ ordusu batalyonu yerləşdirilmişdi. 2024-cü ilin noyabrında rotasiyanın daimi əsasa keçirilməsi barədə qərar qəbul edilsə də, cari ilin iyununda ABŞ həmin batalyonu Litvadan çıxarıb və gələcək hərbi mövcudluğunun perspektivləri barədə məlumat verməyib.

Vilnüs Vaşinqtondan təkcə payızda bərpa olunan rotasiya kontingentinin yerləşdirilməsini təkidlə xahiş etməyib, həm də ölkədə daimi əsasda ABŞ hərbi bazasını qəbul etməyə hazır olduğunu bəyan edib. Oktyabrın 5-də ABŞ Prezidenti Donald Tramp administrasiyasının Litva hakimiyyətinin bu təklifini nəzərdən keçirmək niyyətində olduğunu bildirmişdi.

Məryəm Quliyeva