"Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" tərəfindən sahibkarlıq kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi, kredit almaq istəyən şəxslər üçün bərabər şəraitin yaradılması, müraciətlərə baxılması zamanı şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi yaradılır. Elektron sistemin növbəti ilin ikinci rübündə istifadəyə verilməsi gözlənilir. Fonddan bildiriblər ki, ölkədə uğurla həyata keçirilən iqtisadi inkişaf siyasətinin başlıca istiqamətlərindən biri də özəl sektorun hərtərəfli dəstəklənməsi və bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Məlum olduğu kimi, ölkədə maliyyə vəsaitlərinə çıxış imkanlarını, kreditlərə zəmanət verilməsi mexanizmlərini yeni iqtisadi əsaslarla daha da təkmilləşdirilməsi və bu sahədə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" Açıq Səhmdar Cəmiyyəti yenidən təşkil edilərək "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" (bundan sonra - fond) qeyri-kommersiya hüquqi şəxsi yaradılıb. Eyni Fərmanla fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsini tənzimləyən qaydalar da təsdiq edilib.
Mövcud Qaydalara əsasən zəmanət veriləcək kreditlərin məbləği 30 min manatdan başlayaraq 5 milyon manatadək, bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə isə 10 milyon manatadək təşkil edir. Eyni zamanda, zəmanət verilmiş kreditlərin müddətindən asılı olaraq fond tərəfindən 8 və 10 faiz miqdarında illik faiz subsidiyası ödənilir. Ötən dövr ərzində fondun zəmanət və subsidiya mexanizminin tətbiqi üzrə bütün normativ-hüquqi bazası yaradılıb, təşkilati və struktur məsələləri həll edilib və 13 bank müvəkkil qismində əməkdaşlığa cəlb olunub. Artıq oktyabr ayından başlayaraq ötən qısa müddətdə fond tərəfindən verilən zəmanətlər hesabına sahibkarlara 17 milyon manat məbləğində kreditin verilməsi təmin olunub. Hazırda sahibkarların zəmanət və subsidiya alınması ilə bağlı müvəkkil banklara müraciətlərində dinamik artım müşahidə edilir.
Hazırda fond tərəfindən sahibkarlıq kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi, kredit almaq istəyən şəxslər üçün bərabər şəraitin yaradılması, müraciətlərə baxılması zamanı şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi yaradılır. Elektron sistemin növbəti ilin ikinci rübündə istifadəyə verilməsi gözlənilir. Mövcud iqtisadi çağırışlar fonunda dövlətin göstərdiyi subsidiya dəstəyi və maliyyə risklərinin dövlət, banklar və sahibkarlar arasında bölüşdürülməsi mexanizminin tətbiq olunması isə real sektorla maliyyə sektoru arasında iqtisadi tarazlığın formalaşmasına və bankların qeyri-neft sektoruna maliyyə axınının güclənlməsinə əlavə imkanlar yaratmış olacaq.
Beynəlxalq təcrübə göstərir ki, kredit zəmanət sxemləri kiçik və orta biznes sahəsində maliyyələşdirməni asanlaşdırır və kredit risklərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu baxımdan zəmanət mexanizmləri uğurla tətbiq olunan dövlətlərin təcrübələri araşdırılır və əməkdaşlığın qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Qaydalara uyğun olaraq, qeyri-neft sektorunda fəaliyyət göstərən və bu məhsullara potensial ehtiyacı olan sahibkarların kredit zəmanətləri mexanizmi çərçivəsində dövlətin verdiyi faiz subsidiyasından yararlanmaları üçün müvəkkil banklara kredit sifarişi ilə müraciət etməsi tövsiyə olunur. Müvəkkil banklar tərəfindən hər bir sahibkarın müraciətinə operativ baxılır, bütün lazımi məsləhət və informasiya dəstəyi göstərilir, tətbiq olunan mexanizmin üstünlükləri və sahibkarların əldə edəcəyi fayda barədə ətraflı məlumatların verilməsi təmin edilir. Bununla yanaşı, sahibkarlar zəmanət və subsidiya verilməsi qaydaları, tələb olunan sənədlər, müvəkkil bankların siyahısı və digər lazımi məlumatları daha ətraflı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsindən də əldə edə bilərlər.