Nazirlik rəsmisi: “Vergiödəyicilərin müraciətlərinə diqqətlə yanaşılır” İqtisadiyyat

Nazirlik rəsmisi: “Vergiödəyicilərin müraciətlərinə diqqətlə yanaşılır”

Azərbaycanda vergiödəyicilərinə xidmət göstərilməsi sahəsində beynəlxalq standartlara uyğun hər cür şərait yaradılıb. Bu barədə Vergilər Nazirliyinin vergiödəyicilərinə xidmət departamentinin baş direktoru Elçin Məmmədov bildirib. Onun sözlərinə görə, beynəlxalq standartlara əsasən, sahibkarın üzləşdiyi çətinlik ilk müraciətlə həll oluna bilər: "Azərbaycanda da sahibkarlar üçün belə şərait mövcuddur. Əgər vergiödəyicisi ikinci dəfə müraciət edibsə, deməli, vergi orqanı ilə sahibkar arasındakı əlaqədə hansısa problem var. Sahibkarın təkrar müraciət etməsi o deməkdir ki, ya biz vergiödəyicisini düzgün başa salmamışıq, ya da o, vergi orqanlarının izahatlarını lazımi səviyyədə anlaya bilməyib. Ona görə də vergi orqanlarına göstərilən xidmətlər zamanı bu məsələlərə xüsusi diqqət yetirilir ki, sahibkarın təkrar müraciətinə ehtiyac qalmasın".
E.Məmmədov vergi xidməti orqanlarının məlumat bazasında hər bir sahibkarın vergi orqanları ilə ünsiyyət və dialoq tarixçəsinə dair bütün informasiyaların toplandığını deyib: "Bu göstərici əsasında biz təkrar müraciətləri də qiymətləndirə bilirik. Yəni həmin vergiödəyicisinin eyni məsələ ilə bağlı ikinci dəfə müraciət etməsinin səbəbini öyrənirik. Vergilər Nazirliyinin Çağrı mərkəzinə daxil olan bütün zənglər qeydiyyata alınır və danışıqlar yazılır. Sonradan bütün müraciətlər təhlil olunur".