Naxçıvanla birləşməyə 2 milyard lazımdır - Qurbanov İqtisadiyyat

Naxçıvanla birləşməyə 2 milyard lazımdır - Qurbanov

Çox böyük maneələrin olmasına baxmayaraq, Bakı-Tiflis-Qars dəmiryol xətti ilə indiyədək 300 min ton yük daşınıb. O yolun işləməsinə qarşı olanlar var. Bu, Ermənistanı həm bir növ blokadaya almaqdır, həm də Azərbaycanı Türkiyə ilə, Türkiyə üzərindən isə Qərbi Avropa ilə birləşməsinə xidmət edən layihədir.
Bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.
O, yolun 80 faizində işlərin tamamlandığını deyib:
“Qalan xırda işlərdir. Orada əhəmiyyətli işlər qalmayıb. Amma o yolun daha aktiv işləməsinə mane olan səbəblər var. Deyək ki, orada limanlar – Qara dəniz limanları var. Orada bu yolun geniş işləməsinə bir az qısqanclıqla yanaşırlar. Buna baxmayaraq, yol işləyir. Sərnişin daşınmasına gəldikdə isə biz bu ayın 10-da sınaq üçün vaqonlarımızı göndərmişdik. Vaqonlar sınaqdan keçdi. Bu, axırdan əvvəlki sınaq idi. Sərnişin daşınması üçün sınaqlar keçirilməlidir. Hər şey hazıdır. Protokolları imzalayaq, sənədləşmə qurtarsın. Ondan sonra sərnişin daşımasına başlayacağıq”.
BTQ-nin Naxçıvana birləşməsinə gəldikdə isə C.Qurbanov orada 286 kilometr yolun olduğunu deyib:
“Bu, Türkiyə ərazisindədir. Onların tikintisi üçün 2 milyard dollaradək pul lazımdır. Çünki dağlıq ərazidən keçir. Çoxlu sayda körpülər var. Məsələlərə baxılır, görək necə olur”.