Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir

Dəmir yolu xəttinin istismarına 2015-ci ilin ikinci yarısından başlanacaq

Tərlan

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsindəki tikinti işləri davam etdirilir. APA-nın "Azəryolservis" ACS-yə istinadən verdiyi məlumatına görə, tikintinin intensiv aparıldığı ümumi uzunluğu 184 km olan Marabda-Kartsaxi-Türkiyə sərhədi ərazisində həyata keçirilən işlər 4 etapda həyata keçirilir. Birinci etap - uzunluğu 29,2 km olan Marabda-Tetritskaro hissəsinin reabilitasiya, rekonstruksiya və tikintisi, ikinci etap - uzunluğu 49,7 km olan Tetritskaro-Tsalka hissəsinin reabilitasiya, rekonstruksiya və tikintisi, üçüncü etap - uzunluğu 74,1 km olan Tsalka-Axalkalaki hissəsinin reabilitasiya, rekonstruksiya və tikintisi və dördüncü etap - uzunluğu 26,3 km olan Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi hissəsinin, uzunluğu 4,5 km olan Axalkalaki stansiyasının və uzunluğu 156 m olan Qırxbulaq körpüsünün tikintisidir.
İlk üç etap "Azəryolservis" ASC ilə Gürcüstan hökumətinin müvafiq qurumu - "Marabda Kartsaxi Dəmiryolu" MMC arasında imzalanmış podrat müqaviləsinə əsasən "Azəryolservis" ASC tərəfindən icra olunur. 2011-ci ildə "Azəryolservis" ASC-in Gürcüstan filialı təsis olunduqdan sonra tikinti işlərinin sürətli aparılması üçün zəruri olan struktur bölmələri yaradılıb. Hazırda Gürcüstanda "Azəryolservis" ASC-nin mərkəzi aparatında 29 nəfər işçi çalışır. Artıq birinci etap üzrə tikinti işləri yekunlaşan Marabda-Tetriskaro hissəsi istismara hazırdır. Belə ki, torpaq yatağı və süni qurğular üzrə əsas işlər yekunlaşmış, yol geyimi hazırlanıb, bina və qurğularda son tamamlanma işləri başa çatdırılıb. İkinci etapda (Tetritskaro-Tsalka) torpaq yatağı və yolun üst quruluşu elementləri üzrə işlər tamamlanıb, əsas yol bütövlüklə yenidən qurulub. Hazırda rabitə, işarəvermə, elektrik təchizatı, elektrik əlaqə şəbəkəsi, binaların bərpası və abadlaşdırma işləri davam etdirilir. Üçüncü etapda (Tsalka-Axalkalaki) torpaq işləri, 155 ədəd süni qurğuların və körpülərin, bina və digər tikililərin tikintisi, dəmir yolunun döşənməsi işləri başa çatdırılıb. Hazırda qırmadaşın səpilməsi işinə başlanılıb. Son 5 ay ərzində 70 km-dən çox dəmir yolu döşənib ki, bu da Gürcüstan üçün rekord nəticədir. Dördüncü etapda (Axalkalaki-Kartsaxi) yol yatağının, körpülərin, suötürücülərin, dəmir yolunun döşənməsi işləri başa çatdırılıb. Kartsaxi stansiyasında əsas və stansiya daxili yollar və Qırxbulaq çayı üzərindəki dəmir yolu körpüsü üzrə tikinti işləri tam bitib. Gürcüstan və Türkiyə arasında sərhəddə tikilən tunelin ümumi uzunluğu 4450 metrdir ki, bunun da Türkiyə tərəfindən başlayaraq 2560 metr hissəsində işlər başa çatıb. Gürcüstan ərazisində olan 2070 metr tunelin 240 metri tunelin girişinə aiddir. Qalan 1830 metr tunelin 960 metri qazılıb, geri qalan 870 metrin qazıntısı sürətlə davan etdirilir. Axalkalaki stansiyasında partlayış yolu ilə davam etdirilən torpaq işləri sona çatmaq üzrədir. Eyni zamanda, paralel olaraq stansiya ərazisində olan süni qurğuların da tikintisi davam etdirilir. Axalkalaki stansiyasında vağzal binasının tikintisi işləri yekunlaşıb. Hazırda binanın daxilində təmir və quraşdırma işləri aparılır. Bu işlərin bu ilin sonuna qədər yekunlaşması nəzərdə tutulub. Artıq Marabda stansiyasından Kartsaxi stansiyasına qədər baş dəmir yollarının quraşdırılması başa çatdırılıb. Layihənin icrasında Türkiyə, Gürcüstan, Azərbaycan və digər dövlətlərin şirkətləri iştirak edir. Layihə çərçivəsində ümumiyyətlə 2000 nəfərdən çox işçi və 500-dən çox maşın-mexanizm cəlb olunub.
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istismarına artıq 2015-ci ilin ikinci yarısında başlanacaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib. Bu ilin sonunda test qatarının Türkiyə sərhədinə kimi buraxılması planlaşdırılır, 2015-ci ilin ikinci yarısından isə dəmir yolunun istismarına başlanacaq.
Hazırda Türkiyə tərəfində işlər sürətlə gedir. Bakı-Tiflis-Qars (BTQ) dəmir olu bağlantısı layihəsinin icrasında marşrut boyunca torpaq sahələrinin alınması ilə bağlı problem artıq çoxdan həll olunub və bu layihə üçün bu cür maneələr yoxdur. Mərkəzi Asiya ölkələri və Çin də bu layihəyə böyük maraq göstərir. Ekspertlər hesab edir ki, BTQ layihəsi perspektivli olacaq. Bu dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq əlaqələrini yeni səviyyəyə qaldıracaq.
Əslində hər iki tərəf BTQ üzrə işlərin qrafikə uyğun getdiyini desələr də, layihə xeyli gecikdirilib. Əvvəllər dəmir yolunun istifadəyə verilməsi tarixi kimi 2014-cü ilin əvvəli bildirilirdi. Bu ləngimə Gürcüstan ərazisində aparılan tikinti işləri və inzibati səbəblərlə bağlıdır. Tikinti səbəblərinə tunelin inşası, inzibati səbəblərə isə dəmir yolunun tikintisi ilə əlaqədar torpaq alqı-satqısında yaranan problemlər qeyd edilir. Ona görə də, əslində indi dəmir yolu işə salınmalıydı. Amma görünür, ən azı il yarım da gecikmə olacaq. Hər halda Azərbaycanın maliyyə dəstəyi ilə layihə çərçivəsində Gürcüstan ərazisində aparılan tikinti işləri davam edir. Bakı-Tiflis-Qars layihəsi ilə yanaşı, Bakının yaxınlığında yeni müasir beynəlxalq dəniz ticarət limanının tikintisi, eləcə də Bosfor boğazında dəmir yolu tunelinin inşası Çin və Mərkəzi Asiyadan yüklərin Qafqaz üzərindən birbaşa 4-cü Pan Avropa dəhlizinə çıxmaqla Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait yaradacaq.
Azərbaycan və Türkiyə regionda həyata keçirilən ən böyük iqtisadi layihələrin birgə və bərabərhüquqlu, ən aparıcı mövqeyə malik tərəfdaşlarıdılar. Bu layihələrə Gürcüstan da daxil edilir. Əslində bu üç ölkənin əməkdaşlığından daha çox qazanan Gürcüstandır. Çünki Azərbaycan və Türkiyə maliyyə imkanları məhdud olan bu ölkəyə sərmayə yatırırlar.
Heft-qaz layihələri ilə yanaşı Türkiyə ilə Azərbaycanın daha bir uğurlu, böyük iqtisadi gələcəyi olan layihəsi Gürcüstanın da iştirakı ilə həyata keçirilən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin tikintisidir. Layihə Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir, ölkəmiz tikintiyə 850 milyon dollar investisiya qoyub. Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə təkcə yük qatarları deyil, sərnişin qatarları da hərəkət edəcək. İlkin mərhələdə burada ildə 1 milyon sərnişin, 6 milyon ton yük daşınması planlaşdırılır ki, sonradan bu həcmlərin artırılması nəzərdə tutulub. Bu dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə üçün iri həcmdə gəlirlər, yeni infrastruktur, xidmət müəssisələrinin açılması, rahat gediş-gəliş, təhlükəsiz və daha sürətli, ucuz yük daşımaları və yeni iş yerləri, Azərbaycanla Türkiyə arasında mühüm quru əlaqəsi deməkdir. Bu, iqtisadi layihə olmaqla yanaşı həm də tarixi və siyasi bir məsələdir, Türkiyəylə Azərbaycanı Gürcüstan vasitəsilə daha da yaxınlaşdıracaq, birləşdirəcək. Bura Haxçıvan da qatılacaq.