“Mənim Elektron Hökumətim” İqtisadiyyat

“Mənim Elektron Hökumətim”

"Elektron hökumət" portalı - www.e-gov.az səmərəli fəaliyyət göstərir

Mütəqillik illərində Azərbaycanda sosial-iqtisadi tərəqqi, demokratiyanın, vətəndaş cəmiyyətinin inkişafı müsbət meyillərdir. Demokratiyanı daha da inkişaf etdirən amillərdən biri də son illər "Elektron hökumət"in formalaşdırılması istiqamətində görülən işlərdir. Bəs "Elektron hökumət" nədir? "Elektron hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün "bir pəncərə" prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi "elektron hökumət" portalı tətbiq edilir.
Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla bu sahədə fəaliyyət üçün hüquqi baza yaradılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "elektron
hökumət"in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılmasını həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, "Elektron hökumət" portalı - www.e-gov.az səmərəli fəaliyyət göstərir.
"Elektron hökumət" virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir. Artıq bütün dövlət qurumları vətəndaşlara elektron xidmətlər göstərirlər. Məsələn, Vergilər Nazirliyi (www.taxes.gov.az/) 52, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (www.mincom.gov.az/) 34, Səhiyyə Nazirliyi (www.sehiyye.gov.az) 31, Əmlak Məsələləri Dövlət Komitəsi (www.stateproperty.gov.az ) 29, Dövlət Gömrük Komitəsi (www.customs.gov.az) 5, "Elektron hökumət" portalı (www.e-gov.az) 2, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (www.tqdk.gov.az) 14, Kənd Təsərrüfatı Nazirliyi (www.agro.gov.az) 19, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (www.eco.gov.az) 18, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (www.scs.gov.az) 12, Dövlət Statistika Komitəsi (www.stat.gov.az) 5, İqtisadiyyat və Sənaye Naziriyi (www.economy.gov.az) 7, Dövlət Sosial Müdafiə Fondu (www.sspf.gov.az) 12, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (www.mlspp.gov.az) 11 sayda və s. dövlət qurumları elekton xidmətlər göstərirlər.
"Elektron hökumət"in əsas fəaliyyət prinsipləri Azərbaycanda mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi; informasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması; mühafizəsinin istifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması; dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsüdür.
"Elektron hökumət"in üstün və əhəmiyyətli cəhətləri çoxdur. İlk növbədə dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsi yüksəldilir və onlardan istifadə imkanları sadələşdirilir. Habelə dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliliyi artırılır və təqdim olunan elektron xidmətlərin keyfiyyəti yüksəldilir. İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlər optimallaşdırılır və yerinə yetirilmə prosedurları getdikcə sadələşdirilir. Əsas məsələ odur ki, elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyi, tamlığı, etibarlılığı və sərbəst əldə olunması təmin edilir. İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxt azalır. Daha bir mühüm məqam istifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadə edə bilməsinin mümkünlüyüdür.
Layihənin məqsədi dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi, ictimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsidir. Bunun üçün layihənin həyata keçirilməsinin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Belə ki, E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması, "Bir pəncərə" prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi, dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması, əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması istəqamətində mühüm işlər görülüb və davam etdirilir.
Qeyd edək ki, E-hökumət infrastrukturunun əsas komponentlərinə dövlət orqanlarının vahid şəbəkə infrastrukturu, E-hökumət portalı, E-hökumət şlüzü, informasiya resursları və sistemlərinin dövlət reyestri, E-imza üzrə milli infrastruktur, E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır), E-hökumət verilənlər mərkəzi (data-center) daxildir.
Bəs elektron hökumət portalına nə üçün ehtiyacımız var? Əslində bu portal həm hökumət, həm sadə vətəndaşlar, həm də biznes sektoru üçün faydalı olmaqla bütövlükdə cəmiyyətin inkişafına xidmət edir. Belə ki, bu portal hökumət üçün müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddətinin azaldılması, dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması, habelə effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması baxımından əhəmiyyətlidir.
Elektron hökumət portalı vasitəsilə vətəndaşların dövlət idarəçiliyində fəal iştirakı təmin olunur, vətəndaşların dövlət orqanları ilə təmasları sadələşdirilir, daha münasib və çevik formada həyata keçirilir, onların informasiya tələbatının dolğun ödənilməsində rahatlıq yaranır, məhdud imkanlı insanlar dövlət xidmətlərinə çıxış imkanı əldə edirlər. Vətəndaşlar üçün e-xidmətlərə gəlir vergisi, iş axtarışı (müəssisələrdə vakansiyalar), sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi), vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah), avtomobillərin qeydiyyatı, "on-layn" ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında), yaşayış yerində qeydiyyat, səhiyyə xidmətləri ( e-məsləhət) və s. daxildir.
Biznes sektorunda çalışanlar, sahibkarlar elektron hökumət portalından istifadə etməklə dövlət orqanları ilə daha səmərəli və operativ şəkildə əlaqələr qururlar. Nəticədə onlar bəzi lüzumsuz xərclərini azaltmağa nail olurlar. Bütün bunlar həm də ölkədə iqtisadi aktivliyin artmasına, rəqabət qabiliyyətinin yüksəlməsinə və iş adamlarının xarici bazarlara çıxış imkanlarının genişlənməsinə şərait yaradır. Biznes sektoru üçün e-xidmətlərə sosial fondlara ödəmə, e-bəyannamə, e-vergi hesab-fakturası, yeni şirkətlərin qeydiyyatı, gömrük bəyannamələri, E-lisenziya, E-satınalma, e-kotirovka, E-hərrac, arayışların verilməsi və s. daxildir.
Sahibkarların da geniş istifadə etməyə başladıqları "Asan İmza" Azərbaycanda mövcud qanunvericiliyin bütün tələblərinə tam uyğun gələn mobil elektron imzadır. Hazırda "Asan İmza" mobil elektron imza istifadəçiləri üçün Elektron Hökumət portalında - www.e-gov.az (320-yə yaxın xidmət), Azərbaycanın Vergilər Nazirliyinin elektron xidmətlər portalında - www.e-taxes.gov.az, Hesab.az internet-ödəniş portalında və digər elektron xidmət portallarında çoxsaylı xidmətlər mövcuddur. Vergilər Nazirliyi tərəfindən təqdim olunan fiziki şəxslərin "Asan İmza" vasitəsilə cəmi 5 dəqiqə ərzində fərdi sahibkar kimi onlayn qeydiyyatı xidməti istifadəçilər arasında xüsusi populyarlıq qazanıb.
2013-cü ilin yanvar ayından etibarən layihə üzrə aylıq bülletenlər də hazırlanır. Bülleten ölkədə elektron hökumətin formalaşması istiqamətində görülən və nəzərdə tutulan işləri, elektron hökumət layihələri haqqında məlumatları, o cümlədən elektron xidmətlərin sayını, onlardan istifadə və s. müqayisəli statistikasını təqdim edir. Maraqlananlar və "Elektron hökumət" portalından - www.e-gov.az daha çox və daha səmərəli faydalanmaq istəyənlər həmin aylıq bülletenlərdən istifadə edə bilərlər.

Mahir Həmzəoğlu

Yazı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin "Mənim Elektron Hökumətim" adı altında keçirdiyi müsabiqəyə təqdim olunur