"OPEC+" ölkələri gündəlik neft hasilatını 1,5 mln. barel artıra bilər İqtisadiyyat

"OPEC+" ölkələri gündəlik neft hasilatını 1,5 mln. barel artıra bilər

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) iştirakçılarının əksəriyyəti bu gün keçiriləcək monitorinq komitəsinin görüşü zamanı aprel ayından etibarən gündəlik neft hasilatının 1,5 mln. barel artırılması variantını dəstəkləyə bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS mənbələrinə istinadən xəbər verir.

Məlumata görə, bu, mütəxəssislərin fikrincə, təklifin çatışmamazlığından həddindən artıq "qızmış" neft bazarını "soyuda" bilər.

Qeyd edək ki, martın 3-də "OPEC+" nazirlərinin monitorinq komitəsinin iclası, martın 4-də isə alyansın razılaşmasına qatılan bütün ölkələrin toplantısı keçiriləcək.

RİA "Novosti" öncə öz mənbəyinə istinadən verdiyi xəbərə görə, "OPEC+" ölkələrinin əksəriyyəti aprel ayından etibarən gündəlik neft hasilatının 0,5 mln. barel artırmaq variantının tərəfdarıdır.

Xatırladaq ki, 2020-ci il 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edirdi. 2020-ci ilin 3 dekabr tarixində "OPEC+" nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının "OPEC+" ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq Azərbaycan tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, cari ilin yanvar ayında Azərbaycan üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib. 2021-ci ilin 5 yanvar tarixində "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında isə gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. Beləliklə, yanvar, fevral və mart aylarında Azərbaycan gündəlik xam neft hasilatını 2020-ci ilin dekabr ayına nisbətən 8 min barel artıraraq hasilatı 595 min barel səviyyəsində saxlayacaq.