Monteneqro-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib İqtisadiyyat

Monteneqro-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

İki ölkə arasında investisiyaların təşviqi və qorunması, turizm, mədəniyyət sahəsində əməkdaşlığa dair sazişlər imzalanıb

Monteneqronun Podqoritsa şəhərində Monteneqro-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının I iclası keçirilib. Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin, Monteneqro tərəfindən isə iqtisadiyyat naziri Vladimir Kavariçin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya hər iki ölkənin müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir.
İclasda çıxış edən Ş.Mustafayev Azərbaycan-Monteneqro əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, ölkələr arasında əlaqələrin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və aparılan danışıqların böyük rol oynadığını diqqətə çatdırıb: "2013-cü ildə Azərbaycan ilə Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə komissiyanın yaradılması ölkələr arasında əməkdaşlığa verilən yüksək önəmin göstəricisidir".
Nazir qeyd edib ki, müqavilə-hüquqi bazanın genişləndirilməsi sahəsində bir sıra işlər görülüb, iqtisadiyyat, investisiyaların təşviqi və qorunması, turizm, mədəniyyət sahəsində əməkdaşlığa dair sazişlər imzalanıb: "Bundan başqa, ötən il Azərbaycan və Monteneqro hökumətləri arasında dostluq münasibətlərinə və tərəfdaşlığa dair bəyannamə, eləcə də beynəlxalq yükdaşımaları, gəlirlər və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər imzalanıb. Ötən il Azərbaycan, Monteneqro, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina arasında Trans-Adriatik və İon-Adriatik qaz xətlərinin tikintisinə dair qarşılıqlı anlaşma, təşviq və əməkdaşlığa dair, eləcə də Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropa Dəhlizi layihəsi üzrə əməkdaşlıq haqqında Azərbaycan, Albaniya, Xorvatiya və Monteneqro arasında anlaşma memorandumları imzalanıb. Kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə hallar sahəsində saziş layihələri isə razılaşdırma mərhələsindədir.
İkitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması, müqavilə-hüquqi bazanın mövcudluğu və ölkələrin potensialı iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır. Qeyd edilib ki, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar var. Son iki ildə Monteneqro hökuməti tərəfindən Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi, həyata keçirilmiş çarter aviareysləri ölkələr arasında turizm əlaqələrinin inkişafına müsbət təsir göstərib.
Monteneqronun iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri V.Kavariç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib, ölkələr arasında iqtisadi əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini vurğulayıb.
İclasın sonunda Azərbaycan ilə Monteneqro hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın I iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Ş.Mustafayev və V.Kavariç imzalayıblar. Sənəddə müqavilə-hüquqi bazanın genişləndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, ətraf mühitin mühafizəsi, təhsil, rabitə, bankçılıq və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Hökumətlərarası Komissiyasının iclasından sonra Monteneqro İqtisadiyyat Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Podqoritsa şəhərində Monteneqro-Azərbaycan biznes forumu keçirilib.
Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, tikinti, energetika, turizm, İKT və s. sahələrdə 30-a yaxın Azərbaycan şirkəti, ümumilikdə hər iki tərəfdən 100-ə yaxın iş adamı iştirak edib.
Biznes forumda çıxış edən Ş.Mustafayev son illər ərzində Azərbaycan-Monteneqro əməkdaşlığının inkişaf etdiyini və iki ölkə arasında əlaqələrin genişləndirilməsində özəl bölmənin rolunu vurğulayıb. İkitərəfli əlaqələrin inkişafı və sahibkarlar arasında işgüzar təşəbbüslərin təşviqi baxımından biznes forum, təqdimat və sərgilərin əhəmiyyətini qeyd edən nazir ilk dəfə keçirilən Monteneqro-Azərbaycan biznes forumunun əhəmiyyətini diqqətə çatdırıb.
O qeyd edib ki, hazırda bir sıra investisiya layihələri nəzərdən keçirilir və bu layihələrin uğurlu icrası ölkələr arasında əlaqələrin inkişafına xidmət edəcək.
Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç və Monteneqro İqtisadiyyat Palatasının vitse-prezidenti İvan Savelyiç çıxışlarında ölkələrinin iqtisadiyyatı, iş adamları arasında əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Monteneqro İqtisadiyyat Palatasının nümayəndəsi ölkəsinin iqtisadi potensialı və investisiya mühitinə, Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Monteneqronun bir sıra şirkətlərinin nümayəndələri isə təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış ediblər. Sonra Monteneqro İqtisadiyyat Palatası və Monteneqronun İnvestisiyaların Təşviqi Agentliyi (MİPA) ilə Azpromo arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə yekunlaşıb.