"Ölkədə qeyri-neft sektoru üzrə inkişaf dinamikası yüksək səviyyədədir" İqtisadiyyat

"Ölkədə qeyri-neft sektoru üzrə inkişaf dinamikası yüksək səviyyədədir"

Pandemiyanın dünyada yaratdığı maliyyə çətinliklərinə, neftin qiymətinin ildən-ilə aşağı düşməsinə baxmayaraq son illərdə dövlətin sosial-iqtisadi inkişaf göstəriciləri ardıcıl şəkildə yaxşılaşır, müasir çağırışlar nəzərə alınmaqla qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət öz bəhrəsini verir.

Bunu "Xalq Cəbhəsi"nə Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib.

QHT sədri qeyd edib ki, ölkədə qeyri-neft sektoru üzrə inkişaf dinamikası daha yüksək səviyyədədir. Qeyri-neft sektorunun inkişafı nəticəsində çoxlu iş yerləri açılıb, işsizlik səviyyəsi azalıb: "Prezident cənab İlham Əliyevin "Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb. Bu da ölkə iqtisadiyyatının inkişafına təkan verməklə yanaşı, əhalinin sosial rifahının yaxşılaşması deməkdir".

F.Kərimov onu da bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi öz bəhrələrini verir: "Cənab Prezidentimiz deyib ki, qarşımızda duran yeni iqtisadi inkişaf proqramının əsas məqsədi ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektora dəstək verməkdir. Bu artıq öz nəticəsini verməkdədir. Həyata keçirilən çoxşaxəli və əsaslı islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sektoru inkişaf edir, ixrac imkanlarımız genişlənir, idxaldan asılılıq azalır.
Qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir".

Cavid